Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı  6-cı yazı Ədəbiyyat

Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı  6-cı yazı

Rusiyanın Krımı işğalından sonra türk mənşəli əhaliyə edilən təzyiqlərin nəticəsində Krımdan türklər köç etməyə məcbur oldular. Bunun nəticəsində Krımda türk mənşəli insanların sayı kəskin şəkildə azalmağa başladı. Məsələn, əgər XVIII əsrdə ümumilikdə Krımda 3,5 milyon əhali var idisə, XIX əsrin sonunda bu rəqəm 530 000 nəfərə çatıb. 1920-ci ilin noyabrında Krımda Sovet hakimiyyətinin qurulması ilə Krım türkləri başqa bir ictimai-siyasi rejim və onun təzyiqləri ilə üz-üzə dayandı. Ümumilikdə təxminən 200 illik bir müddətdə Krım türklərinin əleyhinə aparılan pərdəli və açıq siyasət nəticəsində onların tarixi saxtalaşdırılıb, bir sıra milli-mənəvi dəyərləri unutdurulub, əraziləri zəbt edilib, milli dövlətçiliyi əllərindən alınıb.
Qeyd edək ki, tarix boyu bu cür hallara bir çox türk ziyalıları ciddi etiraz edib, onlar türk təəssübkeşliyi daxilində özləri üçün yeni milli istiqamət müəyyənləşdirərək milli ideologiyalar formalaşdırıblar. Məsələn, rus ordusunda zabit olmaq arzusu ilə hərbi məktəbə daxil olan millət atası İsmayıl bəy Qaspiralı rus millətçilərində anti-türk ruhu və təbliğatını gördükdən sonra, əvvəlki fikrindən daşınaraq hərbi təhsili yarımçıq qoyub türkçülüyü təbliğ edib, “dildə, fikirdə, işdə birlik” ideyasını ortaya atıb. Tiflisdə çar Rusiyası siyasətinin türk dilinə, türk varlığına ögey münasibətini görən türkçülüyün babası Əli bəy Hüseynzadə türkçülük ideyalarının genişlənməsində mühüm rol oynayıb və ömrünü türk xalqlarının siyasi-mədəni tərəqqisinə sərf edib. Cengiz Dağcının da ruhuna türk-milli düşüncəsinin hakim olmasının kökündə millət sevgisi və millətinə qarşı aparılan haqsız təzyiqlər dayanır.
Krım Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alarkən yetkin bir gənc olaraq millətinə qarşı haqsız siyasətin aparılmasına, milli tarixin təhrif edilməsinə şahid olması, ata qohumu Zəminə Dağcının zəngin şəxsi kitabxanasındakı milli tarixlə bağlı nadir kitabları oxuması, əmilərinin türkün tarixi, mədəniyyəti, eyni zamanda Türkiyə və Avropa barədə mülahizələri və s. amillər Cengiz Dağcının milli ruhda formalaşmasında və milliyyətçi gənc kimi yetişməsində mühüm rol oynayıb. O, bir tarixçı olaraq öyrəndiklərini yazıçı olaraq milli dəyəri yüksək olan bədii əsərlərində əks etdirməyə çalışıb.
Cengiz Dağcı Krım Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alarkən rus mənbələrində Krım-tatar tarixinin təhrif olunduğunu görüb, əsl həqiqəti bilmək üçün Qızıl Ordanın tarixini dərindən öyrənməyə xüsusi maraq göstərib. Bu bir tərəfdən yazıçıya milli tarixi öyrənməyə, digər tərəfdən yaradıcılığında tarixi mövzulara müraciət etməyə imkan verib.
Cengiz Dağcının tarixi faktlara əsaslanan “Gənc Temuçin” romanı bu baxımdan diqqət cəlb edir. Ciddi tarixi araşdırmaların nəticəsi olaraq qələmə alınmış romanda yazıçının əsas məqsədi türk tarixi gerçəkliklərini əks etdirmək olub. Cengiz Dağcı bu əsəri tamamlayan kimi onun əlyazmasını rəy bildirmək üçün Türkiyəyə - Yaşar Nabi Nayıra göndərmişdir. Lakin Yaşar Nabi indiki halda əsərin çapa layiq olmadığını bildirib. Müəllif rəydən xeyli mütəəssir olsa da, Türkiyədə əsəri çap etdirmişdir. “Gənc Temuçin” romanı monqol-tatar tarixi həqiqətlərini əks etdirdiyi üçün Türkiyədə maraqla qarşılanıb.
Əsərdə əsl adı Temuçin olan Çingiz xanın (mənası böyük xaqan) dünyaya gəlişi, gəncliyi, imperiya qurması və s. məsələlər bədii əksini tapıb. Tarixdən məlumdur ki, Çingiz xan parçalanmış, bir-biri ilə mübarizə aparan monqol qəbilələrini birləşdirərək Böyük Monqol imperiyası yaradıb. Bu imperiya şərqdən Koreya, cənubdan İran, şimaldan Rusiya, qərbdən Polşa, Macarıstan və s. ölkələrin ərazilərinə qədər uzanıb gedib.
“Gənc Temuçin” romanı 6 bölmədən ibarətdir. Əsərin əvvəlində 1155-ci il hadisələrindən bəhs edilir. Romanın bu hissəsində Monqol, Onqut, Tatar, Merkit, Nayman adlı qəbilələrin həm şəxsi münasibətlər zəminində, həm də Çin imperatorluğunun təhriki ilə bir-birləri ilə çəkişmələri təsvir olunur. Yazıçı daha sonra xanlar xanı, xaqan Çingiz xanın dünyaya gəlişi haqqında məlumat verir: “Miladi takvime göre 1155 yıldan tam elli yıl sonra, bu kabilelerin önünde büyük Çin imparatorluğu boyun eğmekle kalmaz, batı ve batıyla birlikde bütün insanlık dünyası da hayata yüzlerce yıl için bakışını, hayat tarzırn ve medeniyetini, başka milletler ise hatta dillerini ve ahlaklarını değiştermek zorunda kalırlar. O yıl, yani Gah yılı, hanlar hanı, hakan Cengiz hanın doğduğu yıldır”
Əsərdə Göy monqollarının başçısı Yesügey Bahadırın həyatı və qəhrəmanlığından söhbət açılır. Yesügey Bahadır Yulun Əkə ilə evləndikdən sonra onun Temuçin, Kasar, Bektar, Belgütay adlı oğlanları dünyaya gəlir.
Yesügey xanın Temuçini daha çox istəməsi digər qardaşları narazı salır. Atası Temuçinə Unqır qəbiləsinin başçısı Dai Seçenin qızı Bortayı nişanlayır. Yesügey Bahadırı zəhərləyib öldürürlər. Atası ölən vaxt Temuçinin başqa yerdə olmasından istifadə edən Tarqutay Kurulduk hakimiyyəti ələ keçirir. O, Temuçini zindana saldırır. Temuçin atasının dostu Sorqan Şiranın köməyi ilə əsirlikdən qaça bilir. Temuçin nişanlı olduğu Bortayla 4 ildən sonra evlənir. Bu evlilikdən sonra Bortayın mənsub olduğu Unqır qəbiləsinin ixtiyarı Temuçinin əlinə keçir. O, hakimiyyətini gücləndirir. Lakin Merkit qəbiləsi hücum edərək Temuçinin həyat yoldaşı Bortayı qaçırırlar. Temuçin ətraf qəbilələri birləşdirdikdən sonra əvvəlcə Tarcut və Udut qəbilələrini məğlub edir. Merkitlər üzərinə hücuma keçir, onları qılıncdan keçirdikdən sonra 6 ay əsirlikdə qalan həyat yoldaşı Bortayı azad edir. Temuçin altı ay düşmən əlində olan Bortayın hamilə olduğundan narahat olsa da, Bortaya doğulacaq uşağın adını Cuci qoyacağını bildirir.
Cengiz Dağcı bu əsərdə bir-birinə düşmən olan qəbilələrin mübarizəsi fonunda Temuçinin xarakterini, dövrün ictimai-siyasi səciyyəsini və s. diqqət mərkəzinə çəkə bilib. Əsər monqol-tatar tarixinə işıq tutmaq, bu tarixi ictimailəşdirmək və onun həqiqətlərini əks etdirmək keyfiyyətləri ilə seçilir.
Ümumiyyətlə, Cengiz Dağcı yaradıcılığı müəyyən istisnalar olmaq şərti ilə məsələlərə milli kontekstdə yanaşmaq, Krım-tatar faciələrini əks etdirmək, onlara milli-ictimai dəyər vermək və bu faciələri milli tarixin qara səhifələri kimi xarakterizə etmək və s. baxımdan əhəmiyyətlidir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor