“Saakyanın Britaniya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əngəllənməsinə açıq nümunədir” Siyasət

“Saakyanın Britaniya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əngəllənməsinə açıq nümunədir”

Qabil Hüseynli: "Qərb ölkələri açıq şəkildə Azərbaycana qarşı pislik kampaniyasını davam etdirirlər"

Azərbaycan tərəfinin narazılğına baxmayaraq, Dağlıq Qarabağ seperatçılarının lideri Bako Saakyan Böyük Britaniyaya səfər edib. Dünəndən başlayan səfər çərçivəsində Saakyan Britaniyada bir neçə görüş keçirib. Qeyd edək ki, separatçı başçının bu gün Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi gözlənilir. Bu məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Saakyanın Britaniya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əngəllənməsinə açıq nümunədir: "Qərb ölkələri açıq şəkildə Azərbaycana qarşı pislik kampaniyasını davam etdirirlər. Əvvəl bu kampaniyada insan haqları və demokratiya motivlərini əsas götürürdülərsə, indi Azərbaycanın ərazi bütövlüyü üçün vacib olan məsələdə separatçılara yardım göstərirlər".
Politoloq xatırladıb ki, bundan öncə Minsk qrupuna həmsədr olan Fransa seperatçıların liderini guya QHT-lərin dəvəti ilə qəbul etmişdi: "Amma Parisdə qarşılanma zamanı Saakyana dövlət başçılarına təqdim edilən protokol qaydaları təqdim olundu".
Q.Hüseynli hesab edir ki, Saakyanın Britaniyaya səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı çevrilmiş tendenisyadır: "Böyük Britaniya alçaq hərəkətə əl atır. Faktik olaraq Dağlıq Qarabağ seperatçılarının Avropada leqallaşdırılması və de-yuri tanınması prosesini həyata keçirir. Bu çox təhlükəli bir tendensiyadır".
Politoloq qeyd edib ki, Azərbaycan Birləşmiş Krallığın tərkibindən çıxmaq istəyən Şimali İrlandiyadan xüsusi şəxsləri dəvət edib, belə qarşılama mərasimi, müxtəlif görüşlər təşkil etsə bu İngiltərə üçün təşviş yaradardı.
Q.Hüseynli vurğulayıb ki, Saakyanın Avropa dövlətlərinə səfəri prosesi, başlayıbsa belə davam edəcək: "Necə ki, erməni soyqırımını dövlətlər tanıdı. Bu prosesin qarşısının alınmasına gəlincə, Azərbaycanın nota verməsi ilə baş tutan iş deyil. Dövlətlərin ərazi bütövlüyünün qorunmasına birbaşa məsuliyyət daşıyan BMT TŞ-da məsələ qaldırmaq lazımdır".
Politoloqlar qeyd edib ki, Qərb dövlətləri münaqişənin həlli prosesini pozma və dövlətlər arasında nifaq salma ilə məşğuldur: "Bu bölgədə status kvo-nu dəyişə, müharibə təhlükəsi yarada bilər".

Əli