“Bəzən hər şey çox yaxşı gedir...” Siyasət

“Bəzən hər şey çox yaxşı gedir...”

Riçard Hoqland: "Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin"

"Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır".
bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib.
"Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin", - deyə o bildirib.
Riçard Hoqland ABŞ tərəfinin "Yeni İpək Yolu" məsələsinə cəlb olunmuş nümayəndəsi olduğunu xatırladıb və qeyd edib ki, Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə "Yeni İpək Yolu" məsələsini müzakirə etməkdir.
Riçard Hoqland deyib: "Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır".
Hoqland ölkəsinin "İpək Yolu"nun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Hoqland qeyd edib ki, ABŞ şirkətləri özlərinin maraqlarına uyğun olduğu təqdirdə investisiya yatırır: "Biz ötən zamanlarda Azərbaycana çox güclü investisiya yatırmışıq. Əminliklə inanıram ki, bu, gələcəkdə də davam edəcək.
Ola bilsin ki, indiki dövrdə bu, nisbətən azalıb, lakin münasibətlərin gələcək inkişafı ilə ABŞ-ın Azərbaycana yatırdığı investisiyanın həcminin də artması mümkündür".
Riçard Hoqland İranın nüvə proqramına dair imzalanan sənədi tarixi sənəd adlandırıb: O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq: "Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər".
O əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil: "Sözsüz ki, iqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək".
ABŞ rəsmisi ölkəsinin ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki fəaliyyətinə inamını saxladığını vurğulayıb: "Tərəflər bu məsələni qarşılıqlı anlaşma əsasında həll etməlidirlər".