“Hamı qərəzlidir, iqtidar da, müxalifət də, partiyanın içindəkilər də?” Siyasət

“Hamı qərəzlidir, iqtidar da, müxalifət də, partiyanın içindəkilər də?”

Rafael Becanov: "Məntiq Əli Kərimlinin və onun ətrafının əleyhinədir"

Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon təşkilatından daha bir gənc üzv istefa verib. Bununla bağlı açıqlama verən Rahib Hacıyev istefa vermə səbəbini məhz Əli Kərimlinin təhdidləri ilə əlaqələndirib. Rahib Hacıyev qeyd edib ki, artıq neçə aydır Əli Kərimlinin cangüdəni Bəhruz Həsənli tərəfindən təqib olunur: "Bu adamların əlindən evimdə belə özümü rahat hiss etmirəm. Hər gün zəng, hər gün təhdid. Ona görə də qərar verdim ki, başıma bir iş gəlməmiş partiyadan istefa verim".
Rahib Hacıyev son olaraq onu da qeyd edib ki, hazırda Razi Nurullayevin rəhbərlik etdiyi AXCP sıralarında fəaliyyətimizi davam etdirməyi düşünür.
AXCP Etimad Qurutayı Təşkilat Komitəsi üzvü Rafael Becanov bildirib ki, AXCP daxilində baş verənləri analiz etməyə uzun zaman gərək deyil: "Sadəcə, keçmiş və indi üçün bu proseslərdə olan adamlarla söhbət etmək bəs edər: onda nələr oldu, indi nələr olur. Bununla da AXCP daxilindəki indiki vəziyyətin baş verməsi səbəbləri çox aydın görünəcək. AXCP hazırda çox təlatümlü dövrünü yaşayır. Vəziyyətdən çıxmaq üçün Kərimli və bir qrup ətrafı hər zaman olduğu kimi- buna sınanmış metod da demək olar- müxtəlif üsullarla günahı özündə deyil, ətrafda gəzir. Təəssüf ki, keçmişdə və indi baş verənlərə görə bir dəfə özünə və ətrafına baxmaq istəməyib. Onun faciələrinin bünövrəsi də, yekunu da budur. Özündəkiləri görməmək, etdiklərinin fərqinə varmamaq. AXCP daxilində böyük bir proses gedir. Özü də elə sürətlə ki, bütün strukturları əhatə edib. Dayaq dəstəsindən Ali Məclisə kimi. Partiyanın 100-lərlə üzvü, əsas funksionerləri partiyanın demokratikləşməsi, sədrin sonsuz səlahiyyətlərinin məhdudlaşdırılması, avtoritarizmin durdurulması yolunda fəaliyyətə başlayan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini bəyan edirlər. Amma yenə bu adamlar "kor tutduğunu buraxmaz" deyə öz bildiklərindədirlər. Günahı özlərində deyil, başqasında axtarırlar". O, əlavə edib ki, hər bir prosesin səbəbi var: " Bu səbəblər də nəticəni gətirir. Əgər Əli Kərimli öz dost-doğmaca partiyadaşları ilə səmimi olsaydı, bu dramatik hadisələr baş verərdimi? İnanmıram. Bu partiyanı tanıyan, bu üzvlərin psixologiyasına bələd olanlardan biri kimi deyirəm ki, AXCP üzvləri üçün səmimiyyət, açıq siyasət, etibarlılıq çox önəmlidir. Amma Əli Kərimlinin də öz siyasətində nə vaxtsa səmimi olacağına, açıq siyasət yürüdəcəyinə heç zaman inana bilmərəm. Heç zaman da inanmamışam. Ona görə də partiyada baş verənlər, AXCP-də demokratikləşmə, islahat tərəfdarlarının başladıqları proses bu qurumun daxilində səmimiyyətin olmaması, avtoritarizmdən başlayan təbii prosesdir. Cəbhəçiləri aşağılamaq, partiya daxilində bir qrupa sonsuz səlahiyyət verməyin ucbatındandır. Əli Kərimli adamları özünün və yaxın bildiyi kiçik bir qrupun girovuna çevirməyin acı nəticələrini yaşayır. Vəziyyətdən çıxmaq üçün gah hakimiyyəti, gah "Yeni Müsavat"a və Rauf Arifoğlunu, gah da AXCP daxilində demokratiyanın bərpası kimi ağır bir missiyanı üzərinə götürən Razi Nurullayevi suçlu çıxarmaq istəyir. Əgər sən rəhbərlik etdiyin partiyada guya arzusunda olduğun demokratik dəyərləri qorumaq istəmirsənsə, partiya yoldaşlarını özünün şəxsi fikirlərinin icraçısı sayırsansa, buna hakimyyət neyləsin? Bir qəzet və ya onun rəhbərinin günahı nədir? Sənin antidemokratik düşüncələrinə qarşı çıxan partiya yoldaşlarına və bu prosesi aparmaq istəyənlərə niyə böhtan atırsan? Bu siyasətin bircə adı var – qüsurlu siyasət. Bu məsələdə çox zaman Əli Kərimlinin birgə olduğu ADP sədri Sərdar Cəlaloğlu daha dərinə gedib və məncə elə hədəfi də düz vurub". Onun sözlərinə görə, Sərdar Cəlaloğlu deyir ki, hələ 88-ci ildən Əli Kərimli çox qüsurlu şəxsiyyəti ilə bu proseslərdə iştirak edib: "Elçibəy hakimiyyətinin parçalanmasına da o səbəb olub. Ondan sonrakı dövrdə də Elçibəyin müavini kimi ona qarşı mübarizə aparıb, işlərini pozub. Sonrakı dövrlərdə Azərbaycan müxalifətinin bir araya gəlməsinə əngəl olub. Yəni bu adam separatçı, müxalifətin birliyinin əleyhinə olan destruktiv bir qüvvədir. Biz əvvəllər bunu deyəndə deyirdilər ki, başqa partiyaya qarşı qərəzçilik edirsiniz. Bu gün onun yanında olan ikinci nəsil müavinləri belə eyni iddianı edir. Əli Kərimlinin birinci nəsil müavinləri, yəni əvvəldən hərəkatda olanlar onun yanından getdi. Sonra Əli Kərimli yeni bir komanda yaratdı. Bu komanda da eyni iddialarla çıxış edib onun yanından uzaqlaşır. Bu da onu göstərir ki, bizim onun haqqında dediklərimizin hamısı doğrudur, obyektivdir, reallıqlara uyğundur. İndi nə olsun? Hamı qərəzlidir. İqtidar da, müxalifət də, partiyanın içindəkilər də? Bu, məntiq deyil. Məntiq Əli Kərimlinin və onun ətrafının əleyhinədir. Qüsurli siyasət, avtoritarizm, separatizm, bölücülük bütün tərəf müqabillərinin dilindən bu adama qarşı səslənən həm ən humanist ifadədir, həm də dəyişməyən".