“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başlayıb İqtisadiyyat

“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “PASHA Holding” və “Holberton School Azerbaijan” ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib.

Bu barədə İRİA-dan bildirilib.

25 noyabr tarixində sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, “PASHA Holding” nümayəndəsi Tuğra Musayeva, eləcə də “Holberton School”un təsisçisi Florian Buçer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda təlimlərin əhəmiyyəti, ölkənin İKT ekosisteminin inkişafına verəcəyi töhfələr və bu sahədə gələcək əməkdaşlıq imkanları vurğulanıb. Tədbir məzunların nailiyyətlərinin təqdimatı, yeni tələbələr tərəfindən gözləntilər və təşəkkür nitqi, həmçinin təlimlərin ilk günlərindən görüntüləri əks etdirən videoçarx nümayişi ilə davam edib.

Təlim proqramı üzrə “Holberton School Azerbaijan”a daxil olan 5213 müraciət arasından seçilən 200 nəfər proqrama qəbul olunub. Proqram çərçivəsində 160 nəfər məzunun yetişdirilməsi nəzərdə tutulur.

Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity” (10 ay), “Machine Learning” (10 ay), “Computer Science” (9 ay) və “Generative AI” (3 ay) olmaqla 5 istiqamətdə həyata keçiriləcək. Qeyd edək ki, “Generative AI” istiqaməti üzrə qeydiyyatın 2026-cı ilin fevral ayında elan edilməsi nəzərdə tutulur.

Təlim proqramının əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artıırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.

Ölkədə 2023-cü ildən etibarən fəaliyyət göstərən “Holberton School Azerbaijan” dan indiyədək 129 nəfər məzun olub, onların 94 nəfəri İRİA ilə əməkdaşlıq proqramının məzunudur. Məzunların işlə təmin olunma göstəricisi 74% təşkil edir.

Qeyd edək ki, “Holberton School Azerbaijan” dünyaca məşhur “Holberton School” şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, “Holberton School”la əməkdaşlıq edir.

2016-cı ildən fəaliyyət göstərən “Holberton School” hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları “LinkedIn”, “Google”, “Tesla”, “Docker”, “Apple”, “Dropbox”, “Facebook”, “Pinterest”, “Genentech”, “Cisco” və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.