“Ştefan Fülenin açıqlaması münaqişənin həllinə heç bir səmərəlilik gətirə bilməz“ Siyasət

“Ştefan Fülenin açıqlaması münaqişənin həllinə heç bir səmərəlilik gətirə bilməz“

Elman Nəsirov: "Minsk Qrupunun 24 illik fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi münaqişənin həllinə heç bir töhfə verməyib"

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir". Bu sözləri Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə sabiq komissarı Ştefan Füle deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün iradə, imkan və hazırlıq var: "Sadəcə bunun üçün şərait yaratmaq lazımdır. Kənar vasitəçilər münaqişənin həlli üzərində nə qədər fəal işləsələr də, əsas məsuliyyət hər iki tərəfin siyasətçilərinin üzərinə düşür. Əgər onlar konfrontasiya dilini seçsələr, münaqişənin həllini tapmaq üçün uzun illər gözləmək lazım gələcək".
Ştefan Fülenin dediklərini şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib ki, sabiq komissarın fikirləri real vəziyyətə adekvat deyil: "ATƏT-in Minsk Qrupunun 24 illik fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi münaqişənin həllinə heç bir töhfə verməyib. Bununla belə Aİ-nin keçmiş komissarı münaqişənin həlli ilə bağlı öhdəliyi, məsuliyyəti həmsədrlərin deyil, tərəflərin üzərinə atır. Hesab edirəm ki, bu yanaşma irəli getmək deyil, əksinə, iki addım geri getməkdir. Məsələyə bu cür yanaşmaqla problemi həll etmək olmaz. Əslində Ştefan Füle Minsk Qrupunu ittiham etməliydi ki, niyə onların 24 illik fəaliyyəti heç bir nəticə vermir, niyə işğalçı Ermənistana təzyiq edilmir və s. Ermənistan mühüm görüşlərdən əvvəl və sonra təxribatlara əl atır, qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər tərəflər münaqişəni həll edəcəklərsə, onda ATƏT-in Minsk Qrupuna nə ehtiyac var?!". Politoloqun sözlərinə görə, Ştefan Fülenin açıqlaması münaqişənin həllinə heç bir səmərəlilik gətirə bilməz: "Onun bu davranışı, yanaşması münaqişənin daha da uzadılmasına haqq qazandırmaq kimi dəyərləndirilə bilər. Fülenin vaxtı ilə təmsil etdiyi Avropa İttifaqı heç vaxt münaqişənin həllində maraqlı olmayıb. Bu qurum hər zaman məsuliyyəti ATƏT-in üzərinə atıb. Bütün bunlar bir daha onu təsdiqləyir ki, beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı heç bir real yanaşması, planı yoxdur".
Elman Nəsirov həmçinin Almaniyanın Kansleri Angela Merkelin PKK terrorçularını siyasi mühacir adlandırmasına da münasibət bildirib. O, deyib ki, bu kökündən yanlış yanaşmadır. Politoloq bildirib ki, eyni məntiqlə beynəlxalq terror təşkilatı olan Əl-Qaidə, İŞİD üzvlərini də siyasi mühacir adı vermək olar: "Belə məsələlərdə son dərəcədə diqqətli və həssas olmaq lazımdır. Almaniyanın yaxın müttəfiqi olan Amerika Birləşmiş Ştatları hələ 1999-cu ildə PKK-nı Beynəlxalq Terror Təşkilatı hesab edib və dövlət departamentinin terror təşkilatları ilə bağlı hazırladığı siyahıya PKK-nın da adını əlavə edib. Bir çox Avropa dövlətləri PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ona görə də hesab edirəm ki, bu cür yanaşma kökündən səhvdir. Bu yanaşma Beynəlxalq terrorizmə qarşı qlobal, mütəşəkkil mübarizə imkanlarını məhdudlaşdırır. Belə bir münasibət Beynəlxalq Terrorizmlə hər yerdə və hər zaman mübarizə aparmaq imkanlarını zəiflədir, yaxşı və pis terrorçu yanaşmasını şərtləndirir. Belə çıxır ki, Əl-Qaidə, İŞİD pis, ancaq PKK yaxşı terror təşkilatıdır. Nə qədər ki, Beynəlxalq terrorizmlə münasibətdə belə ikili standartlar olacaq, qlobal təhlükə mənbəyi olan Beynəlxalq terrorizmə qalib gəlmək mümkün olmayacaq. Hesab edirəm ki, Angela Merkelin bu cür yanaşması nəinki siyasəti, eyni zamanda çox təhlükəli proseslərin genişlənməsinə və beynəlxalq terrorizmin özünün rahat hiss etməsinə şərait yarada bilər. Bu da çox qorxulu bir tendensiyadır".