Avropa Parlamentinin qətnaməsi ciddi etiraz doğurdu... Siyasət

Avropa Parlamentinin qətnaməsi ciddi etiraz doğurdu...

Rasim Musabəyov: "Sadəcə, Azərbaycanın müstəqil siyasəti xoşlarına gəlmir"

Fuad Muradov: ""Qətnamə" qərəzdən başqa bir şey deyil"

Çingiz Qənizadə: "Avropa Parlamenti bir çox siyasi qurumların və dairələrin əlində siyasi alət-oyuncağa çevrilib"

Avropa Parlamentinin Azərbaycanla bağlı qərarı ölkədə etiraz doğurub.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Sentyabrın 10-da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi yeni qətnamə ilə əlaqədar Vətəndaş Cəmiyyətinin mövqeyini ifadə edərək bəyanat verib. Bəyanatda bildirilir:
"Azərbaycanla bağlı qəbul edilən bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxış etdiyini nümayiş etdirir. Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları olaraq biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, sənəddə ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik.
Qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almış və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Bəzi Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür "sənəd"lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunun dünyada artmasından qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən biz müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə pisləyərək, bu cür sifarişli ittihamları qəbuledilməz hesab edirik.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir. Ölkəmizdə Vətəndaş Cəmiyyəti daim inkişaf edir, bu sahədə fəaliyyət göstərən bütün institutlar sərbəst şəkildə fəaliyyətini davam etdirir. Bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkəmizdə güclü Vətəndaş Cəmiyyətinin formalaşması üçün bir çox vacib qərarlar qəbul edərək, Vətəndaş Cəmiyyəti İnstitutlarının ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələr olduğunu bəyan etmişdir. Məhz buna görə də Azərbaycanda demokratik prinsiplərin möhkəmləndirilməsi, Vətəndaş Cəmiyyəti institutların daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.
" Bu şifahi müraciətdir. Hesab edirəm ki, bu müraciətə cavab da şifahi olacaq. Çünki Avropa Parlamenti hər hansı sanksiya tətbiq etmək səlahiyyətində deyil", - deputat, politoloq Rasim Musabəyov bildirib ki, Azərbaycan çoxşaxəli siyasət aparıb və aparır: "Azərbaycan Rusiya ilə yaxınlaşıb, nə edib? KTMT-yə qoşulub? Yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulub? Azərbaycan bunların heç birini etməyib, öz müstəqil siyasətini aparır".
Politoloq əlavə edib ki, bu müstəqil siyasət həm Rusiya, həm ABŞ, həm Avropa, eləcə də qardaş Türkiyə ilə münasibətlərdə davam edir: "Sadəcə, Azərbaycanın müstəqil siyasəti xoşlarına gəlmir. Azərbaycan Rusiyanın əlaltısına çevrilib demək üçün isə heç bir əsas yoxdur".
Millət vəkili Fuad Muradov bildirib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi "qətnamə" qərəzdən başqa bir şey deyil".
Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlər konkret faktlara əsaslanmır: "Bu, sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir".
Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını "qınayan" Avropa Parlamentinə F. Muradov elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə, pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: "Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil".
Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır."
F. Muradov bildirib ki, bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbərləri yoxdur: "Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı".
F. Muradov vurğulayıb ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda, seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatlarla məşğuldurlar. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyini ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüfi sayıla bilməz. Görünür, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".
Demokratiya və İnsan Haqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib ki, Avropa Parlamenti tərəfindən dünən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə bir daha sübut etdi ki, Avropa Parlamenti bir çox siyasi qurumların və dairələrin əlində siyasi alət-oyuncağa çevrilib. Onun sözlərinə görə, bu qətnamə Avropadakı ermənipərəst, o cümlədən anti-türk, anti-müsəlman, islamafob dairələrin Avropa Parlamentinin üzvlərinin bir hissəsinin "ələ almaları"nın nəticəsidir: "Adətən Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin bu cür qətnamələr qəbul etməyə cəhd göstərməsi yenilik deyil. Azərbaycanda parlament seçkilərinə 50 gün qalmış Avropa Parlamentinin satın alınmış ayrı-ayrı fraksiyalarının təzyiqi nəticəsində Avropa Parlamenti tərəfindən belə qərəzli, həqiqətə söykənməyən, Azərbaycanın daxili işlərinə qarışaraq məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarları şübhə altına alan, böhtan və iftiralarla dolu qətnamənin qəbulu məhz parlament seçkilərinin nəticələrini indidən şübhə altına almağa hesablanıb".
"Ölkədə vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəməyən Avropa Parlamenti ölkə qanunvericiliyinin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkə haqqında mənfi imic formalaşdırmaq niyyəti ilə etdiyi bu cəhdlər və qəbul etdiyi belə qətnamələrin bir adı vardır – riyakarlıq!"
Əli