Azərbaycan Siyasət

Azərbaycan

Milli Məclis: "Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın"

Qüdrət Həsənquliyev: "Bu qətnaməni hazırlayanlar Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər"

Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunub. Sentyabrın 10-da keçirilən iclasda etiket qaydaları pozulub, Azərbaycana şər və böhtan atılıb".
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov parlamentin dünən keçirilən növbədənkənar xüsusi iclasında bildirib. O qeyd edib ki, həmin iclası vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla birgə izləyib: "Mən Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab edirəm. Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənəd qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu".
Spiker deyib ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, nüfuzuna xələl gətirmək və Dağlıq Qarabağ məsələsində Azərbaycana hansısa şərtlər qəbul etdirməkdir: "Separatçı rejimin başçısı terrorçu Saakyanı Avropaya dəvət etməkdə də məqsədləri bu idi".
Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yolu, Avronest səviyyəsində xidmətlərini xatırladan Oqtay Əsədov bildirib ki, Milli Məclis Nazirlər Kabinetinə tövsiyə edəcək ki, Azərbaycanın Avronestlə əməkdaşlığına yenidən baxsın.
Parlamentin iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin sədri Oqtay Əsədovun qənaətini bölüşdüyünü bildirib: "Qətnamə əslində Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin zədələnməsinə xidmət edir. Bu qətnaməni hazırlayanlar erməniləşən şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındılar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur. Bir dəfə Avropa Parlamentinin üzvlərinə dedim ki, 5-6 nəfərə görə, Azərbaycana qarşı sanksiya tətbiq etməyi gündəmə gətirirsiniz, bəs milyona qədər insanı qaçqın hala salan, on minlərlə insan qətlə yetirən, on minlərlə insanı əlil edən işğalçı Ermənistana qarşı belə sanksiya haqda danışmırzınız, gündəmə gətirmirsiniz?"
Qüdrət Həsənquliyev daha sonra Yaxın Şərqdə baş verən duruma diqqət çəkib: "Yaxın Şərqi qana boyadılar. Misiri qana buladılar. Misirdə demokratiya qurdular? Bir generalı digər generalla əvəzlədilər. Suriya rifah dövləti idi, nə günə qoydular? Dövləti dağıtdılar. Liviyanı nə günə qoyduqları bəllidir. Bu qətnamə qərəzlidir. Fikrimcə, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması, dövlətin öz torpaqlarının azad edilməsi məsələsində ciddi addımlar atması ilə bağlıdır. Vurğulayıram ki, təhlil edəndə görünür ki, bu qətnamə ermənilərə xidmət edən, Avropa Parlamentinin marağına xidmət etməyən sənəddir".
BAXCP sədri daha sonra qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini zənn etmir: "Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, əgər Azərbaycan xalqı Avropa ilə hər hansı bir siyasi və mədəni münasibətlərdən narazıdırsa, onda Avropa ilə əlaqələrin davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur.
Komitə sədri bildirib ki, Azərbaycanın Avropa İttifaqına üzv olan bəzi dövlətlərlə əlaqələri mövcuddur: "Bundan sonra da bu əlaqələr davam etdiriləcək. Biz Azərbayacanla münasibətdə olan Avropa İttifaqına üzv ölkələrin nümayəndələrini ölkəmizə dəvət edəcəyik. Onlar gəlib Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər. Biz bir təşkilat kimi Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmalıyıq və tövsiyyələrimizi verməliyik. Parlament seçkilərində bizim üçün hansısa beynəlxalq qurumun, təşkilatların fikri yox, Azərbaycan xalqının fikri, mövqeyi, müşahidəsi vacibdir".
Deputat Sabir Rüstəmxanlı Avropa Parlamentinin qətnaməsinin başdan ayağa Azərbaycan xalqına qarşı təhqir olduğunu deyib: "Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi".
O qeyd edib ki, Rasim Əliyevin Azərbaycanda hakimiyyətə qarşı ciddi iradı da olmayıb.
Deputatın sözlərinə görə bütün Avropa hakimiyyətlərində qüsurlar var: "Amma bizə yanaşmada daha qərəzli münasibət sərgiləyirlər. Onların bu münasibətini gizlətmək mümkün deyil. Burada da erməni lobbisinin xüsusi rolu, xristian-müsəlman davasının elementləri, həm də Azərbaycanı yenidən savaşa çəkmək var. Eyni zamanda Azərbaycanı köhnə imperiyanı bərpa etmək istəyənlərin ağuşuna atmaq istəyirlər. Azərbaycanla Avropanın səmimi münasibətlərini pozmaq istəyənlər mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycan bölgədə sabitlik adasıdır, amma bu, çoxlarına sərf etmir".
Spiker Oqtay Əsədov Avropada yaşanan miqrant probleminə diqqət çəkib: "Dəhşətli müqayisə yaranıb. 7 milyon kv.km ərazisi, 1 milyard əhalisi olan Avropa 300-400 min qaçqını qəbul edə bilmir. Torpaqlarının 20 faizi işğal olunan Azərbaycan dövləti 25 ilə yaxındır bir milyondan çox qaçqını saxlayır. Amma danışanda, avropalıların ağızına çullu dovşan sığmır".
O qeyd edib ki, Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır: "Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?"
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun qənaətinə görə isə Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: "Bunlar Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışırlar. Yalandan iddia edirlər ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar".
O, Milli Məclisdə olan KİV nümayəndələrinə müraciət edərək "burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayın, onu yazın?" deyə soruşub: "Mən deyim. Olmayıb. Əgər belə bir hal olsaydı, hər halda deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır".
Ziyafət Əsgərov qeyd edib ki, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb: "Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?!"
Ziyafət Əsgərov Avropa Parlamentinin rəhbəri Martin Şultsu korrupsiyada ittiham edərək bildirib ki, onun ədalətdən danışmağa, Azərbaycanda nöqsan axtarmağa haqqı yoxdur. Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z. Əsgərov deyib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. Minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir?! Burada da milli satqınlar Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa Parlamentinin son 2 ildə Azərbaycana qarşı 3 qətnamə qəbul etdiyini xatırladıb: Siyavuş Novruzov deyib ki, Azərbaycan əleyhinə qəbul edilən qərarlarda iştirak edən şəxslərin bir çoxu bəzi anti-milli qüvvələrə qrantların ayrılmasında rolları olub: "Avropadan olan bir sıra şəxslər az qalırlar desinlər ki, ABŞ-da 2 jurnalistin güllələnməsində də Azərbaycanın rolu var. Bundan əlavə, Çində böhranın yaranmasında da Azərbaycanı günahkardır və sairə. Bu gün Avropa ərəb ölkələrində törətdikləri hadisələr nəticəsində öz yurd-yuvalarından didərgin düşən insanların başlarına hər cür oyunlar açırlar. O miqrantları ac-suzuz saxlayırlar, öldürürlər. Avropalı jurnalist həmin miqrantlara badalaq vurur. Bütün bunları edən dairələrlə hansı ədalətdən danışmaq olar? Bizi təhdid edirlər ki, seçkilərə müşahidə göndərilməyəcək və sairə. Atalarımızın gözəl məsələi var. Xoruz bannamayanda səhər açılmır? Bunlar müşahidəçi göndərməsə, Azərbaycanda seçkilər keçirilməyəcək? Bunların əsas məqsədi Azərbaycanda da ərəb ölkələri kimi xaos və anarxiya yaratmaqdır".
YAP-çı deputat bəyan edib ki, Azərbaycanda hər zaman azad və ədalətli seçkilər keçirilib və bundan sonra da keçiriləcək: "Heç bir təşkilat Azərbaycanı öz uğurlu və müstəqil yolundan çəkindirə bilməz. Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var, bu birliyi heç kəs poza bilməyəcək. Azərbaycanda olan bəzi milli satqınlar da Avropanın əlaltısına çevrilib. Hər dəfə olduğu kimi, onların bu palanları iflasa uğrayacaq".
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öz çıxışında deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır.
Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu cür təxribatçı addımlar pislənilir və buna layiqli cavab verilməlidir. S.Seyidov deyib ki, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez-tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurub və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər: "Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub-durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək gücündədir. Bütün bunlar da onları qorxuya salır.
Qətnamə bizə göstərdi ki, Avropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışdılar. Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtı ilə "Dağlıq Qarabağ" bölgəsində separatçı rejimin bəzi qüvvələrinə üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq. Bugünkü müzakirələr bir daha göstərəcək ki, ikitərəfli münasibətləri yüksək səviyyədə davam etdirək".
Milli Məclis sədrinin müavini Bahar Muradova da öz çıxışında Avropa Parlamentini sərt tənqid edib.
Vitse-spiker bildirib ki, sən demə, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmirmiş, əks təqdirdə öz mövqelərini ortaya qoyardılar: "Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildiklərinizlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir".
Deputat Çingiz Əsədullayev isə deyib ki, Avronest-lə əlaqədar yaradılmış komitə əslində bu illər ərzində fəaliyyətsiz qalıb: "Hətta bizim son səfərimiz zamanı görüşə cəmi iki deputat gəlmişdi. Mən bu komitənin sədr müavini kimi hesab edirəm ki, formal komitənin fəaliyyətinin dayandırılmasının vaxtı çatıb".
Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavi, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, bu qətnamə demoqoqiya, yalan, böhtan və anti-sülh xarakter daşıyır: "Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilən məsələlərin heç biri doğru deyil. Bu qətnamə reallığı əks etdirmir. Çünki bu gün Azərbaycana gələn xarici qonaqların hər bir etiraf edir ki, Azərbaycan dünyada inkişaf edən və nümunəvi dövlətdir".
Fəttah Heydərov bəyan edib ki, indi dünyanın ayrı-ayrı yerlərində qanlı müharibələr və münaqişələr baş verir: "Ancaq Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Azərbaycanda regionun ən güclü və sabit ölkəsidir. Azərbaycan region üçün əhəmiyyətli ölkədir. Bu gün bəzi anti-milli dairələr erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qarayaxma kampaniyalar aparırlar. Məhz bu səbəbdən də bu cür böhtan xarakterli sənəd qəbul olundu. Hesab edirəm ki, bu cür qondarma sənədlər Azərbaycanı ayıq-sayıq olmağa vadar etməlidir. Biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik".
ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov ölkəmizin mühüm ictimai-siyasi hadisə ərəfəsində olduğunu deyib: "Ölkəmiz parlament seçkilərinə hazırlaşır. Belə bir vaxtda suveren dövlətimizin qısa zaman kəsiyində əldə etdiyi uğurları gözü götürməyən qüvvələr fəallaşıblar".
Eldar İbrahimovun sözlərinə görə, Azərbaycanın nüfuzunun gündən-günə artması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması anti-Azərbaycan siyasəti yeridən müəyyən dairələri, xüsusilə Avropa Parlamentindəki bəzi nümayəndələri çox narahat edir: "Belə olmasaydı onlar hər dəfə respublikamızda böyük beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər ərəfəsi öz məkrli niyyətlərini büruzə verməzdilər ".
Eldar İbrahimovun fikrincə, bu qətnaməni hazırlayanlar, anti-Azərbaycan münasibəti ilə bizə tanış olan eyni simalardır: "Mən onların adını çəkmək istəmirəm. Ona görə ki, onlar buna layiq deyillər. Bu kəslər kimlərinsə verdiyi 5-10 dollara və erməni lobbisinin həqiqətdən uzaq fikirlərinə aldanaraq heç bir araşdırma aparmadan, geniş və hərtərəfli müzakirələr keçirmədən ölkəmizə çirkab atmaqla məşğuldurlar. Onlar unudurlar ki, Azərbaycan bölgədə daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi-rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir.
Qətnamədə ölkəmizi konkret cinayət işi üzrə məsuliyyətə cəlb olunmuş bir neçə nəfərə görə insan haqlarının pozulmasında qınayırlar. Sənədə imza atanlardan soruşmaq lazımdır ki, əgər sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çox hüquqları Ermənistan tərəfindən kobudcasına pozulmuş 1 milyondan çox azərbaycanlının taleyinə biganə qalırsınız? Bu qədər qaçqının tələbatını kiçik bir ölkə olan Azərbaycan təkbaşına ödədiyi halda, Qərb öz iqtisadi maraqlarının qurbanı olan Yaxın Şərq miqrantlarının əlində aciz qalıb. Onlara Avropa ölkələrində sığınacaq verilmir. Miqrant sığınacaqları yandırılır, qaçqınlara işgəncələr verilir, hamının gözü qarşısında təhqir olunur, döyülür və müsəlman miqrantların olduqları gəmiləriqəsdən deşərək batırırlar. Bəs nəyə görə bu "insan hüquq carçıları" səslərini çıxarmırlar.
Əgər beynəlxalq hüquqdan danışırsınızsa nə üçün 22 il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasının erməni ordusunun Azərbaycanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsini tələb etmirsiniz? Əlbəttə, onlar bunu tələb edə bilməzlər, çünki onlar erməni lobbisinin dilənçiləridir və onların sifarişi ilə hərəkət edirlər. Rüşvət və korrupsiya girdabında boğulan, şərəf və ləyaqətin nə demək olduğunu bilməyən, mənəvi dəyərləri tapdalayan bu kəslər indi bizə mənəviyyat dərsi vermək iddiasına düşüblər. Onlar 1 milyon qaçqının taleyindən yox, Azərbaycan mentalitetinə uyğun olmayan lezbiyan, homoseksual və bu kimi digər insanların durumundan narahatdırlar!".
Eldar İbrahimov deyib ki, sadalanan faktlar onu göstərir ki, Avropa Parlamentində oturan bəzi siyasətbazlar Avropada baş alıb gedən qlobal problemlərin həlli, insanları qaçqın və köçkün gününə salan münaqişələrin aradan qaldırılması, dünyada sülhün və sabitliyin bərqərar olması üçün çalışmaq əvəzinə, cılız və Parlament fəaliyyəti ilə uzlaşmayan bir işlə məşğul olurlar.
Vahid Əhmədov bildirib ki, Avropa Parlamenti bütün Avropa demək deyil və Azərbaycanın bir çox Avropa ölkələri ilə sıx əlaqələri var: "Hesab edirəm ki,Avropa Parlamenti ilə işləmək lazımdır. Xüsusilə Azərbaycanın əleyhinə olan qüvvələrlə işləri daha da genişləndirmək lazımdır".
Vahid Əhmədovun çıxışına sədr Oqtay Əsədov reaksiya verib: "Biz demirik ki, Avropa ilə əlaqəni kəsirik. Bizim Avropa Parlamenti qarşısında heç bir öhdəliyimiz yoxdur. Həmin parlamentin sədri Şults Avropa Oyunları ərəfəsində göstəriş vermişdi ki, Azərbaycana rəsmi, ya da qeyri-rəsmi səfər edilməsin. Sonradan qətnamənin əleyhinə olan 202 deputatın çoxu bizə zəng edib gələ bilmədikləri üçün üzrxahlıq etdilər".
Daha sonra çıxış edən digər deputatlar da Avropa Parlamentinin qətnaməsini sərt tənqid ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov isə aşağıdakıları bildirib: "Azərbaycan olaraq biz Avronestdə Dağlıq Qarabağa aid olan bir dənə də sənədi imzalatdırıb, müzakirə olunan məsələlərin arasına sala bilmədik. Bu təşkilatda bizim iştirakımız bizə nə verir? Həmin təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, Nazirlər Kabinetinə müraciət etməliyik ki, "Şərq Tərəfdaşlığı" Proqramına yenidən nəzər salsın".
Növbədənkənar xüsusi iclasının sonunda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz olaraq qərar qəbul edilib.
Qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakter daşıyır: "Qətnamədə siyasi hakimiyyətə şər və böhtan atılıb, tərəfdaşlıq münasibətləri sarsıdılıb, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib. Avropa Parlamenti ötən il formalaşan yeni tərkibindən sonra sədrinin qərəzli münasibətinə görə deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. Avropa Parlamentinin sədri Martin Şults ələbaxan qrupların fəaliyyətinə göz yumur.
İndi Avropada davam edən mühacir problemi, irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl "Çıraqov qardaşları Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib. İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək".
Qətnamədə daha sonra deyilir: "Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:
- Pozucu fəaliyyətlərə son qoyulsun;
- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəkilsin;
- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;
- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;
- Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının iclaslarında iştirak edilməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın;
- Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun".
Qərar səsə qoyularaq qəbul edilib.