“Ermənistanın dəmir yolu kommunikasiyası məsələsində Rusiya ilə müzakirələrdən qaçması ona baha başa gəlir” Siyasət

“Ermənistanın dəmir yolu kommunikasiyası məsələsində Rusiya ilə müzakirələrdən qaçması ona baha başa gəlir”

Mübariz Əhmədoğlu: "Belə vəziyyət Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmasında da hökm sürür"


"Rusiya Dəmir Yolları" kampaniyasının yeni prezidenti O.Belozerov Ermənistanda səfərdə oldu. Bəlkə də prezident təyin olunandan sonra RF-dən kənara bu onun ilk səfəri idi. Ermənistanın Dəmir Yolları minimum 2038-ci ilə kimi Rusiyanın konsession idarəçiliyindədir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq qeyd edib ki, SSRİ-nin Turkiyə və İranla sərhəddində yerləşdiyi üçün o zaman Ermənistanın dəmiryol xətlərinin inkişafına xüsusi fikir verilmişdi. Ermənistan SSR-nin ərazisinə Azərbaycan SSR-nin ərazisindən iki, Gürcüstan SSR-nin ərazisindən isə bir dəmiryolu daxil olur. SSRİ-İran dəmir yolu da Ermənistan ərazisindən keçirdi. Paytaxt Yerevana da ayrıca şaxə çəkilmişdi. Gümrü (Ermənistan) - Qars (Türkiyə) dəmiryolu da SSRİ dövrünün məhsulu idi. İndi bu dəmiryolu xətləri fəaliyyətsizdir. Yalnız Ermənistan-Gürcüstan dəmiryolu işləyir. Ermənistanın daxili dəmiryolu daşımaları da zəifdir".
M.Əhmədoğlu bildirib ki, "Rusiya Dəmiryolları" kampaniyasının prezidenti O.Belozerov Ermənistanda ən azı 4 məsələni müzakirə edə bilərdi:
A) Ermənistan-İran dəmir yolunun tikintisi. Prezident S.Sərkisyan Ermənistan-İran dəmiryolunu Ermənistan üçün həyati əhəmiyyətli hesab edir. Vaxtilə yaratdıqları "Rasia" şirkətinin əsas iştirakçılarından biri də "Cənubi Qafqaz Dəmir Yolları" şirkəti (RF) idi. Ermənistanın Baş naziri Ermənistan-İran dəmir yolunun tikintisi üçün investor tapmaq niyyətilə Çinə səfərə hazırlaşdığı vaxtda öz ayağı ilə Ermənistana gəlmiş RF səlahiyyətlisi ilə bu mövzunu müzakirə etməmək ən azı, qəribədir.
B) Abxaziyanın daxili dəmir yolları hazırda Rusiya ordusunun müvafiq strukturları tərəfindən bərpa edilir. Ermənistanın Rusiya ilə etibarlı kommunikasiyası üçün bu işlər çox vacibdir. Gürcü-abxaz dəmiryolu Ermənistan-İran dəmiryolunun da əhəmiyyətini müəyyənləşdirir. S.Sərkisyan gürcü-abxaz dəmir yolu məsələsini də O.Belozerovla müzakirə etmədi.
C) Vanadzor-Fioletovo dəmir yolunun tikintisi Ermənistanın daxili yükdaşımaları və Ermənistan-İran dəmir yolu marşrutu üçün vacib məsələlərdən biridir. Bununla Ermənistan-İran dəmiryolunun tikintisində mürəkkəb coğrafi relyef problemi də həll olunur. Ermənistanın xahişi ilə "Cənubi Qafqaz Dəmir Yolları" şirkəti də bu işi boynuna götürmüşdü. Vanadzor-Fioletovo aşırımında dəmir yolunun tikintisi də müzakirə edilmədi.
Ç) Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiya üçün ciddi strateji əhəmiyyətə malikdir. Çünki Ermənistanla Rusiyanı əlaqələndirən əsas dəmir yolu Azərbaycan ərazisi ilə keçən Mehri dəmir yoludur.
Mərkəz rəhbəri sonra qeyd edib ki, Mehri dəmir yolunun fəaliyyətə başlamasında Ermənistan maraqlı deyil: "Bunun iki səbəbi var: Birincisi, Mehri dəmir yolunun işə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinin başlaması deməkdir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. İkincisi, Ermənistan Qərb qarşısında Rusiyanın Cənubi Qafqaz siyasətinə maneçilik törətmək barədə öhdəlik götürüb. Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiyanın Cənubi Qafqazda imkanlarını xeyli gücləndirə bilər".
M.Əhmədoğlu hesab edir ki, Ermənistanın dəmir yolu kommunikasiyası məsələsində Rusiya ilə müzakirələrdən qaçması ona baha başa gəlir: "Belə vəziyyət Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmasında da hökm sürür. Ötən ilin avqustunda da prezident S.Sərkisyan RF prezidenti V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini rədd etmişdi. Bir neçə gün bundan öncə V.Putin S.Sərkisyanı Moskvaya dəvət etdi. Bu Dağlıq Qarabağ tənzimlənməsində öz təkliflərini çatdırmaq üçün V.Putinin S.Sərkisyana yaratdığı şans idi. Həmin dövrdə atəşkəs rejimi intensiv pozulurdu, minaatanlar və qumbaraatanlar işləyirdi. Erməni mətbuatı Azərbaycanın Türkiyə istehsalı olan raketlərdən istifadə etməsi barədə məlumatlar yaymışdı. Amma S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi regionundakı vəziyyət haqqında V.Putinə heç bir söz demədi. Görünür, S.Sərkisyan V.Putinin nə istəyəcəyini bilir".
Politoloqun qənaətincə, yaranmış vəziyyət Rusiyanın Ermənistanla münasibətlərinin cari vəziyyəti üçün yeni taktika tətbiq etdiyini göstərir: "Gec-tez Ermənistan Rusiyadan nə isə xahiş edəcək və ya Rusiya ABŞ səfirinin Ermənistana rəhbərlik etməsinə dözməyəcək. Rusiya üçün Cənubi Qafqaza dəmiryol kommunikasiyaları vacibdir. Ermənistan Cənubi Qafqazdakı kommunikasiya mövzusu ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini əlaqələndirə bilmədiyi halda, Rusiya üçün belə əlaqə mövcuddur: Azərbaycanın işğal olunmuş 7 rayonu geri qaytarılır. Əvəzində Azərbaycan Rusiyadan Ermənistana gedən kommunikasiyaları açır. Dağlıq Qarabağın statusunun müəyyən olunması sonraya saxlanılır.
Hər halda Ermənistan yaranmış vəziyyəti təhlil etsə, özü üçün faydalı ola bilər. Zərərin 10%-dən qurtulmaq Ermənistan üçün xeyirdir".