AKP revanş götürəcək Siyasət

AKP revanş götürəcək

Toğrul İsmayıl: "Ərdoğan prezident seçkilərində namizədliyini irəli sürəcək"
Vasif Həsənli: "AKP-nin bu naliyyəti növbəti seçkilərdə də ona böyük şans yaradacaq"
Elman Cəfərli: "Türkiyə böyük ehtimalla, prezident üsul-idarəsinə keçəcək"

Türkiyədə bələdiyyə seçkilərini AKP qazandı. Rəsmi məlumatlara görə, Türkiyədə seçicilərin 89,05 faizi bələdiyyə seçkilərində səs verib. Nəticələrə görə iqtidarda olan AKP səslərin 45,05, CHP 29,12, MHP 15,35 və BDP 3,78 faizini toplayıb.
Bəs, bələdiyyə seçkilərinin nəticələri parlament və prezident eçkilərinə necə təsir göstərə bilər?
Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, Türkiyədə martın 30-da keçirilmiş bələdiyyə seçkiləri bu ilin avqustunda olacaq prezident seçkilərinə hazırlıq xarakteri daşıyır. Bu səbəbdən də bələdiyyə seçkilərində təbliğat-təşviqat işləri parlament seçkiləri səviyyəsində aparıldı. Onun sözlərinə görə, siyasi qalmaqallara, rüşvət və korrupsiya ilə bağlı ittihamlara baxmayaraq hakim AKP (Adelet və Kalkınma Partiyası) seçkilərdə qalibdir. O, hesab edir ki, siyasi qalmaqallar seçkilərə təsir edib, amma AKP-nin itkiləri gözlənildiyindən az olub. Siyasi qalmaqalların nəticəsində 90 faizədək seçici səsvermədə iştirak edib. Bu Türkiyə üçün çox böyük rəqəmdir: "Amma, 2011-ci il parlament seçkiləri ilə müqayisədə hakim partiyanın səsləri 5 faiz azalaraq 45 faizə enib. Bu 45 faiz AKP-nin kifayət qədər inandırıcı qələbəsini ehtiva edir. Seçkilərin nəticələri həmçinin prezident seçkilərinə təsir edəcək çox ciddi amildir. Sanki prezident seçkilərinin nəticələrini müəyyənləşdirib".
Onun sözlərinə görə, AKP həmçinin İstanbul və digər böyük şəhər bələdiyyələrində seçkiləri udub: "İstanbulda CHP-nin namizədi hətta ötən seçkilərdəki nəticələrə belə nail ola bilmədi". Bununla yanaşı Ankara və Antaliyada seçkilərin nəticələri mübahisəli olaraq qalır. Mirqədirov özü seçkiləri müşahidə edib və o seçkilərdə saxtakarlıqların olmasını mümkün hesab edir: "Mən özüm Ankaranın şəhər kənarındakı yoxsul məhəlləsində Suriya qaçqınlarının səs verməyə cəhd etdiyinin şahidi oldum. Doğrudur müşahidəçilər bunun qarşısı aldı, amma təşəbbüslər olub". O, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində iştirak edəcəyinə işarə etdiyini deyib: "Bələdiyyə seçkiləri göstərdi ki, müxalifətdə olan CHP və MHP (Milliyetçi Halk Partiyası) koalisiya qursa idilər bir sıra yerlərdə seçkiləri uda bilərdilər. Prezident seçkilərində bu iki müxalif partiya koalisiya qurub vahid namizəd irəli sürə bilsə fərqli siyasi situasiya yarana bilər".
Mirəqdirov Türkiyədəki bələdiyyə seçkilərinin Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri prosesinə ciddi təsir edəcəyini düşünmür: "Azərbaycanda yaxın zamanlarda ictimai rəyin Türkiyədəki kimi siyasi proseslərə əsas təsiredici amilə çevriləcəyinə inanmaq düzgün olmazdı".
Jurnalist Vasif Həsənli "düşünürəm ki, 30 mart seçkilərində qələbə qazanan AKP-nin bu naliyyəti növbəti seçkilərdə də ona böyük şans yaradacaq",- deyə vurğulayıb: "Ancaq Ərdoğan hökuməti əldə etdiyi bu qələbəni qoruyub saxlamaq üçün təcili olaraq bəzi ciddi islahatlar həyata keçirməlidir. Xüsusilə də müxaliftin ona irad tutduğu məsələlərə diqqət etməlidir, narazı təbəqənin sözlərini eşitməlidir. Bunu edərsə, bununla Ərdoğan həm də müxalifətdə yer alan insanların da bir qismini öz tərəfinə çəkmiş olar. Təbii ki, bütün bunlar da AKP-nin növbəti seçkilərdə uğuruna böyük təsir edəcək".
Siyasi şərhçi Elman Cəfərli isə diqqətə çatdırdı ki, Türkiyədə bələdiyyə seçkilərində hakim AKP-nin qələbəsi gözlənilən idi: "Ərdoğan-Gülən qarşıdurmasından fayda götürməyə çalışan CHP və MHP xəyal qırıqlığına uğradı. Fətullah Gülən də məğlublar sırasındadır. Türk insanı islama önəm verir, amma bu o demək deyildi ki, xarici dairələrin əlində oyuncağa çevrilmiş Gülən camaatının uzantıları da uğur qazanacaqdı. AKP-nin son qələbəsi türkiyə cəmiyyətinin siyasi cəhətdən yetkin olduğunu göstərdi. Bir sıra solçu və ateist media quruluşları "Türkiyə cəmiyyətinin səviyyəsi aşağıdır, ona görə dinçilərə səs verir" təbliğatı aparırlar. Ancaq belə olsaydı, Gülən camaatı uğur qazanardı. Türkiyədə AKP-nin qələbəsi təkcə islamın qələbəsi deyil. Həm də (bu pay daha çoxdur) təcrübəli siyasətçi, xarizmatik lider Rəcəb Tayyib Ərdoğanın qələbəsidir. Ərdoğanın cəmiyyətdə nüfuzu çox böyükdür, baş nazir bu nüfuzu əməli ilə qazanıb. Ərdoğan Türkiyəni millət iradəsinin hakim olduğu müstəqil və demokratik ölkəyə çevirməyi bacarıb. Türkiyənin "çevrilişlər dövrü" məhz Ərdoğanın hakimiyyətə gəlməsilə başa çatıb. AKP iqtidarı dövründə - 2010-11-ci illərdə Ali Hərbi Şuralardakı təxribatçı qruplar zərərsizləşdirildi, ölkə militarist qəyyumluqdan xilas edildi. Partiyanın təşəbbüsü ilə ölkədə çevriliş etməyə cəhd edən təxribat şəbəkəsinin sıradan çıxarılması Türkiyənin milli təhlükəsizliyi üçün zəmanətə çevrildi. Bələdiyyə seçkilərində qazandığı zəfər Ərdoğanın prezidentliyə yolunu açmış oldu. Onun yolunu heç bir kəsə bilməz. Türkiyə böyük ehtimalla, prezident üsul-idarəsinə keçəcək və Ərdoğan prezident postunda Abdulla Gülü əvəz edəcək".
Politoloq Elman Nəsirli hesab edir ki, Rəcəb Tayyib Ərdoğan özü də bu seçkilərə partiyasının qəbələsi kimi deyil, həm də özü ilə bağlı referendum kimi qiymət verir: "Məlum hadisələr, yəni 17 dekabr qaçaqmalçılıq və rüşvət qalmaqalı, kaset ifşası və digər hadisələr fonunda Ərdoğanın qalib gəlməsi məsələsinə müşkül baxanlar da var idi. O da qeyd etmişdi ki, partiyası bu seçkidə məğlub olarsa, siyasətdən gedəcək. Ərdoğan qalib gəlib və bu gün Türkiyə mətbuatında da, eyni zamanda AKP-dən olan simaların dilindən də eşitmişik ki, Ərdoğan avqust ayında prezident seçkilərində iştirak edəcək. Türkiyədə bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvənin prezident və parlament seçkilərində qalib gəlməsi labüd görünür. Hesab edirəm ki, bu reallığı nəzərdən qaçırmaq olmaz. Bu məntiqlə Ərdoğanın bir neçə ay sonra prezidentliyə namizdəliyini verib zəfər qazanmağı təsadüfi görünməyə bilər". Ərdoğanın preizdentliyə niyə can atmasını isə politoloq belə şərh edib: "Türkiyədə siyasi islahatlar fonunda ilk dəfə prezident seçkiləri ümumxalq seçkiləri olacaq. Yəni onu parlament deyil, xalq seçəcək. Bu da prezidentli respublikanın əlamətləridir. Bu dəfəki prezident seçkilərində prezidentin geniş səlahiyyətlərinin olacağı bəlli məsələdir. Ona görə də Ərdoğanın prezident seçkilərində iştirakı məntiqi addımdır".
Türkiyədə fəaliyyət göstərən politoloq Toğrul İsmayıl isə əslində bu seçkinin nəticələri gözlənilməz olmadı",- deyə vurğuladı: "Ortaya çıxan siyasi portret Türkiyənin qütübləşdiyinin, cəmiyyətin ayrıldığının, birinin ağ dediyinə digərinin qara dediyinin göstəricisidir. Türkiyənin siyasi xəritəsi də dəyişmədi. 30 mart əvvəli Türkiyədə siyasi vəziyyət nə idisə bu gün etibarilə də odur. Partiyaların də seçicinin də mövqeyi dəyişmədi.
Bu seçkilərin tək bir qazananı varsa, o da Rəcəb Tayyib Ərdoğandır. Türkiyədə müəyyən bir kütlə öz səsini ona verdi. Buna hörmətlə yanaşmaq lazımdır. Bu Türkiyə seçicisinin iradəsidir. Bu nəticəni Türkiyə Baş nazirinin şəxsi uğuru kimi də qiymətləndirmək lazımdır. Çünki seçki kampaniyasını Ərdoğan az qala təkbaşına apardı. Buna görə də, AKP-yə səs verənlər əslində Ərdoğana səs verdi. AKP-yə səs verməyənlər Baş nazirdən narazı olduğu üçün səsini ona vermədi. Bəyənsək də, bəyənməsək də həqiqət budur. Demokratik sistemlər bu şəkildə işləyir. Əslində AKP-nin öz seçicisi iqtidarlarına kiçik bir xəbərdarlıq verə bilərdi. Amma mübarizə elə bir müstəvidə aparılırdı ki, bunu gözə ala bilmədilər. Bu seçki əslində digər bələdiyyə seçkilərindən şox fərqlənirdi. Baş nazir Ərdoğan başçılığında AKP seçkinin qazanıb. Bu da Türkiyənin siyasi tarixində çox əhəmiyyətli bir hadisədir. İlkin məlumatlara görə, AKP səs nisbətini daha əvvəlki yerli seçkilərlə müqayisədə artırmış vəziyyətdədir, lakin qazanılmış il sayında hər hansı bir dəyişiklik olmayıb. Bu sonuclardan başbakan Ərdoğan çox məmnun qalıb. Baş nazir Ərdoğanın bu seçkidən çıxan nəticələrə görə bu il reallaşacaq olan Prezident seçkilərinə daha inamla gedəcəyi və namizədliyini irəli sürəcək. Bunu əminlə deyə bilərəm ki, alınan səslər faizi, rəqabətin sərtləşməsi ondan xəbər verir ki, qarşıdan gələn Prezident seçkiləri daha ciddi mübarizə içində keçəcək".

Əli