“İŞİD düşmənlərin yaratdığı qurumdur” Siyasət

“İŞİD düşmənlərin yaratdığı qurumdur”

Allahşükür Paşazadə: "Ekstremizm və radikalizmlə dövlətlər, ictimai-siyasi xadimlər və dini qurumlar birlikdə mübarizə apara bilərlər"


"İŞİD İslamı parçalamaq məqsədi ilə düşmənlərin yaratdığı bir qurumdur".
Bunu Moskvada keçirilən "Din və dünya" mövzusunda III Moskva Beynəlxalq Forumunda çıxışı zamanı MDB-nin Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.
Allahşükür Paşazadə bildirib ki, indiki dövrdə beynəlxalq terrorçuluğun bütün təzahürləri ilə real mübarizə olduqca vacibdir: "Bu mübarizə milliyyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlar üçün prioritet vəzifə olmalıdır. Biz dinə zidd ideyaları olan terrorçu təşkilat İŞİD-i, İslamın öz qərəzli maraqlarını həyata keçirmək üçün silaha çevirənləri qəti sürətdə pisləyirik. Bu gün biz Avropanın bəzi ölkələrində zorakılıqdan və terrordan canını qurtararaq doğma torpaqlarını tərk etməyə məcbur olan miqrantlara qarşı qeyri-humanist münasibətin şahidi oluruq. Biz Allahın bəxş etdiyi müqəddəs nemət - insan həyatına qəsd edənləri, millətlərarası və dinlərarası münaqişələri, miqrasiya və demoqrafik fəlakətləri planlaşdıranları və həyata keçirənləri qınayırıq. Çünki bütün bunlar dünyada sülhü və sabitliyi təhlükə altına qoyur. Allah onların qeyri-insani hərəkətlərini heç zaman bağışlamayacaq".
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Rusiyanın İŞİD-i məhv etmək üçün həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyir: "İŞİD İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq və vandalizmlə bağlamaq cəhd göstərən bir qurumdur. Əminəm ki, ekstremizm və radikalizmlə dövlətlər, ictimai-siyasi xadimlər və dini qurumlar birlikdə mübarizə apara bilərlər. Azərbaycan öz növbəsində bütün gücünü beynəlxalq terrorizmlə mübarizəyə yönəldir. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda çıxışında qeyd edib ki, beynəlxalq terrorla mübarizə hazırkı mərhələdə bütün ölkələrin prioritet vəzifəsi olmalıdır və yalnız qüvvələrimizi birləşdirməklə qarşıya qoyulan məqsədə çata bilərik".
Allahşükür Paşazadə öz çıxışında postsovet məkanındakı münaqişələrin həllindən də söz açıb. Şüyxülislam bildirib ki, postsovet məkanında mövcud bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, dinc yolla həll edilməlidir".
O, MDB məkanında sülhə ziyan vuran faəliyyətdən narahat olduqlarını söyləyib: "Bununla əlaqədar Sovet İttifaqının dağılmasına, separatizmə, etnik təmizləmələrə, postsovet məkanında millətlərarası qarşıdurmalara səbəb olan münaqişələri yada salmaya bilmərəm. Biz, din xadimləri üçün insan həyatı ən yüksək dəyərdir. Bu səbəbdən biz, rus pravoslav kilsəsinin nümayəndələrinə, patriarx Kirillə Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla nizamlanmasında səylərinə, onun dinlərarası münaqişəyə çevrilməsinə yol vermədiklərinə və vasitəçilik fəaliyyətinə görə təşəkkürümüzü bildiririk".
Allahşükür Paşazadə Rusiya prezidentinin Dövlət Dumasına təqdim etdiyi, "Quran" və "İncil"dən sitatların ekstremist material kimi təqdim edilməsinə qadağa qoyan qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. O, Azərbaycanda nadir dinlərarası əməkdaşlıq təcrübəsinin olduğunu bildirib: "Müstəqil Azərbaycanda tolerantlıq və multikultiralizm təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir".