“Xarici dairələrin qərəzli təbliğat maşını işə salınıb” Siyasət

“Xarici dairələrin qərəzli təbliğat maşını işə salınıb”

Vüqar Qədirov: "Burada əsas məqsəd Azərbaycanın artan beynəlxalq nüfuzuna zərər vurmaq, dövlətimizin sürətli inkişafına mane olmaqdır"


Noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı namizədlər öz təbliğat-təşviqat kampaniyalarını sakit və demokratik şəkildə aparırlar. Hər 5 ildən bir keçirilən parlament seçkiləri Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyət daşıyır.
Azadinform xəbətr verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının, həmçinin Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib.
O, ümumilikdə seçki prosesini yüksək qiymətləndirib. Seçki öncəsi Azərbaycan əleyhinə aparılan qərəzli qarayaxma kampaniyasına münasibət bildirən Vüqar Qadirov deyib ki, nəinki seçkilər zamanı, hətta Azərbaycanda beynəlxalq əhəmiyyət kəsb edən mühüm tədbirlərin keçirildiyi dövrlərdə də bəzi xarici dairələr ölkəmizə qarşı qərəzli təbliğat maşınını işə salırlar.
Onun fikrincə, burada əsas məqsəd Azərbaycanın artan beynəlxalq nüfuzuna zərər vurmaq, dövlətimizin sürətli inkişafına mane olmaqdır. O deyib: "Daim Azərbaycana qarşı qərəzli mövqe tutan, ikili standartlar yeridən dövlətlər və beynəlxalq təşkilatlar bu inkişafın qarşısını almaq üçün öz niyyətlərini insan hüquqları və demokratiya adı altında həyata keçirmək istəyirlər. Avropada son qaçqın axınları göstərdi ki, özünü demokratiyanın beşiyi adlandıran Avropa ümumiyyətlə insan hüquqlarına və demokratiyaya xas olmayan bir siyasətin beşiyinə çevrilib. Təsəvvür edin ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiası, silahlı təcavüzü, 1 milyondan artıq soydaşımızın ağır qaçqın və köçkünlük həyatı bir dəfə də olsun bu "insan hüquq müdafiəçiləri" tərəfindən yada salınmayıb, onlar Ermənistanı bu təcavüzkar siyasətinə görə bir dəfə də qınamayıblar. Əksinə hələ də beynəlxalq hüquq normalarına zidd olaraq işğalçı Ermənistana dəstək verməkdə davam edirlər".
Vüqar Qədirov Ermənistanda yaxın keçmişdə baş verən siyasi hadisələrə, cinayətlərə də diqqət çəkib. Bildirib ki, seçkilər zamanı öz əhalisini gülləbaran edən Ermənistan hakimiyyətinə heç bir xarici dairə gözün üstə qaşın var deməmişdi. Azərbaycanda isə hələ seçkilərin vaxtı dəqiqləşmədiyi dövrdə onlar öz çirkin niyyətlərini işə salaraq bu seçkilərə kölgə salmağa çalışıblar.