“Müsavat sadəcə bir dərnəkdir” Siyasət

“Müsavat sadəcə bir dərnəkdir”

Səxavət Əlisoy: "İntellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir"

"İsa Qəmbərin, Arif Hacılının ümumiyyətlə Müsavat partiyasının 2015-ci il noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etməsi onların seçkiqabağı keçirdikləri mitinqin iflasa uğraması ilə bağlıdır". Bunu Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, Müsavatın keçirdiyi mitinqdə heç partiya rəhbərliyinin özləri iştirak etmirdi: "Eləcə də bu şəxslər cəmiyyətdə onlara qarşı olan münasibətin bir daha şahidi oldular. Mən Arif Hacılını yaxından tanıyan bir adam kimi əgər orada 5-10 min adam yığışsa idi, o zaman Arif Hacılının bağırtısı bütün dünyanı götürmüşdü. Cəmiyyət sadəcə olaraq onların real gücünü gördü. Onların baykot çağırışı da ajiotajdan başqa bir şey deyil. Məgər onlar namizədliklərini verən zaman bilmirdilər ki, seçki durumu, mühiti nə yerdədir. Təbii ki, çox gözəl bilirdilər. Bu şəxslər ümid edirdi ki, hansısa sövdələşmə baş tuta bilər. Əgər Arif Hacılı başda olmaqla hakimiyyət dairələrindən onlara hansısa sövdələşmə olsa idi, bütün Müsavat partiyası onun ziddinə dursaydı belə, o, özünün namizədliyini verəcəkdi".
Səxavət Əlisoy əlavə edib ki, iqtidarın bütün hərəkətləri çox doğru və düzgündür: "Axı nədən Müsavatla sövdələşməyə getməlidi? Müsavatın heç bir gücü yoxdur. Əgər Müsavat mitinqə 200 adam toplayırsa, bu, hansı diqtəni edə bilər? Müsavat sadəcə bir dərnəkdir. Onlar heç bir zaman ortaya intellektual söhbət qoymayacaqlar. Çünki intellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir".