Azərbaycanla bağlı sənəd NATO-da müzakirə olunub Siyasət

Azərbaycanla bağlı sənəd NATO-da müzakirə olunub

Dekabrın 17-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycan Respublikasının 2015-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.
Azərbaycan RespublikasınınNATO yanında Nümayəndəliyindən verilən məlumata görə, "28+1" formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO üzv ölkələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulamış və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən Qətiyyətli Dəstək Missiyası, etimad fondları, Müdafiə Təhsilinin Gücləndirilməsi Proqramı, mülki fövqəladə planlaşdırma, meydana gələn təhlükəsizlik çağırışları və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Məlumatda bildirilir ki, Azərbaycanla NATO arasında bu kimi məsləhətləşmələr müntəzəm olaraq keçirilir. Azərbaycan hazırda 2015-2016-cı illəri əhatə edən FTƏP-in dördüncü mərhələsini həyata keçirir.