“Son zamanlar Azərbaycana qarşı təzyiqlər çoxalıb” Siyasət

“Son zamanlar Azərbaycana qarşı təzyiqlər çoxalıb”

Aytən Mustafayeva: "Mən bu addımı yalnız politikallıq adlandırardım"
Aydın Mirzəzadə: "Azərbaycanın müstəqil siyasət yürütməsi məyyən dairələrin maraqlarına xidmət etmir"


"Ümumiyyətlə, son zamanlar biz görürük ki, Azərbaycana qarşı təzyiqlər çoxalıb. Əsas səbəb isə Azərbaycanı öz qərarında, siyasi, geostrateji istiqamətində daha çox Qərb, Avropa tərəfə yönəltməkdir. Mən bu addımı yalnız politikallıq adlandırardım". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanla bağlı qərəzli fikirlərinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, bu gün Azərbaycan öz inkişaf xəttini tutub və o istiqamətdə də gedir: "Hətta ölkəmiz regionda elə bir vəziyyətdədir ki, başqaları Azərbaycandan asılı vəziyyətdədir. Azərbaycanın enerji baxımından, həm də böyük bir regionun infrastrukturunun mərkəzində olması təbii ki, ilk növbədə Avropanı qıcıqlandırır. Təəssüf ki, ABŞ da, Avropada və s. insan hüquqları kobud şəkildə pozulur və bunu görməməzlikdən gəlirlər. Sonra isə onlar başqalarına dərs oxumağa çalışırlar. Yaxşı olardı ki, onlar öz dövlətlərində insan hüquqlarını bərpa etsinlər. Çünki son zamanlar baş verən hadisələr nə ABŞ-a, nə də Avropaya başucalığı gətirmədi. Onların dedikləri insan hüquqları və hesab etdikləri demokratiya özlərini gözdən saldı. Gərək Amerika yadına salsın ki, indiyədək Qvatemala həbsxanasını saxlayıb. Biz bir dövlət olaraq öz təhlükəsizliyimizi qorumaq üçün aranı qızışdıranı "siyasi məhbus" kimi qiymətləndirə bilmərik".
A.Mustafayeva əlavə edib ki, Azərbaycanın öz təhlükəsizliyi var və hər dövlətin də öz təhlükəsizliyini qorumağa hüququ var: "Artıq ABŞ üçün hüquq yoxdur. Onlar sadəcə olaraq güc hesabına özlərini göstərirlər. Ancaq Avropa özünün bacarıqsızlığını, zəifliyini elə ifşa etdi ki, artıq heç onun hüququ yoxdur ki, kiminsə hansısa nöqsanlarını göstərsin. Azərbaycan "siyasi məhbus" yoxdur əksinə bu onların özlərində var. Onlar sadəcə olaraq xaricdən pul alırlar və Azərbaycanda aləmi qarışdırmaq istəyirlər".
Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi beynəlxalq aləmdə məyyən dairələrin maraqlarına xidmət etmir: "Onlar Azərbaycanı bugünkü Liviya, Ukrayna, Yəmən kimi problemli görüb onun təbii sərvətlərindən, geosiyasi şəraitindən yararlanmaq istəyərdilər. Söhbət Azərbaycanda insan hüquqlarının müdafiəsindən getmir. Əksinə gələcəkdə Azərbaycan üçün bu pərdə altında böyük problemlər yaratmaqdan, onu xarici müəyyən dairələrin təsiri altında saxlamaq cəhdindən gedir". Onun sözlərinə görə, vaxtaşırı Azərbaycana qarşı edilən bu hücumlar da məhz bundan yararlanır: "Xaricdə müəyyən anti- Azərbaycan mərkəzlər var ki, məxsusi olaraq bu fəaliyyətlə məşğuldurlar. Bu gün Azərbaycan demokratik hüquqi dövlət kimi təşəkkül tapıb, vətəndaşlarının hüquqları yüksək səviyyədə qorunur, ölkədə stabillik və təhlükəsizlik mühiti vardır. Bununla belə, ölkəmizdə sahibkarlığın inkişafı üçün maksimum səylər göstərilir. Azərbaycan beynəlxalq aləmdə mehriban qonşuluq və dostluq siyasəti yeridir. Təbii ki, dövlətimiz özünün qalxan nüfuzunu bundan sonra da öz fəaliyyəti ilə daima artıracaq. Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın Azərbaycana qarşı münasibəti daima qərəzli olub. Artıq belə bir təəssürat yaranır ki, bu şəxs Avropa Şurasının Azərbaycana qarşı qərəzli siyasət aparması üçün seçilmiş bir baş katibdir".
A.Mirzəzadə əlavə edib ki, Baş katib özünün səlahiyyəti çərçivəsindən kənara çıxıb: "Azərbaycan monitorinq prosesindədir və ölkəmixzin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etməsini xüsusi məruzəçilər müəyyənləşdirir. Amma Baş katibin öz işini ataraq Azərbaycanla xüsusi məşğul olması ən əsası isə əvvəldən ölkəmizə qarşı ittihamlar irəli sürməsi əslində onun diplomatik etikanı kobud surətdə pozmasıdır. Əlbəttə ki, Azərbaycan buna öz etirazını bildirib və heç bir pərdə altında ölkəmizin daxili işlərinə qarışmaq, yol göstərmək cəhdlərinə rəvac verməyəcək. Bir şeyi yaddan çıxarmaq olmaz ki, Azərbaycan Avropa Şurasının siyasətini müəyyənləşdirən 48 ölkədən biridir. Heç kəsin Azərbaycana nə cür siyasət yeritməsini xüsusi olaraq öyrətməsinə ehtiyac yoxdur".