Bern görüşü barədə ekspertlər nə düşünür? Siyasət

Bern görüşü barədə ekspertlər nə düşünür?

Nəhayət ki, uzun müddətdən bəri gözlənilən görüş baş tutdu. Təkcə dekabr ayında bir neçə dəfə təxirə salınan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı görüşü İsveçrənin Bern şəhərində reallaşdı. Cəbhədə erməni təxribatının davam etdiyi, atəşkəs rejiminin müntəzəm şəkildə pozulduğu bir ərəfədə baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Dağlıq Qarabağ probleminin həllində əsaslı dönüş yaradacağı bildirilirdi. Düzdür, görüş baş tutsa da, lakin gözlənilən nəticə əldə edilmədi. Hər zaman olduğu kimi bu dəfə də Ermənistan prezidentinin və işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən dövlət başçılarının görüşü nəticəsiz başa çatdı. Əvəzində problemin həlli ilə məşğul olmağı üzərilərinə götürən, ancaq reallıqda fəaliyyət göstərdikləri müddətdə yalnız münaqişənin dondurulmuş vəziyyətdə qalmasına rəvac verən ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə də Azərbaycan və Ermənistan prezidentlərinə siyasi iradə nümayiş etdirməyi tövsiyyə etdilər. Bəs görəsən Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü barədə ekspertlər nə düşünür? Bu görüş daha çox nə ilə yadda qaldı?
Millət vəkili Sahib Alıyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın rəhbəri rolunda çıxış edən Serj Sərkisyanın İsveçrə görüşləri öncədən bilinirdi ki, nəticəsiz başa çatacaq. Çünki görüşü təşkil edənlər məhz bunu istəyir: "Onların məqsədi münaqişənin həlli yox, onun savaşla əvəzlənməsinin qarşısını almaqdır. Məntiq budur. "Prezidentlər arasında ünsiyyəti saxlasaq, demək, savaş olmayacaq". Cənab Prezidentin Sərkisyana öldürücü baxışlarından da aydınca görünür ki, bunu "ünsiyyət" adlandırmaq üçün gərək həmin görüşü gözüyumulu izləyəsən. Açığı heç Sərkisyan danışıqlarda tərəf gözündə də görülmür. Əsl tərəf bu danışıqları təşkil edənlər və bu yolla məsələnin həllini uzadanlardır. Onlar istəsə, ermənilər bir günün içində Azərbaycan torpaqlarını boşaldarlar. Ancaq istəmirlər. Əvəzində bu cür nəticəsizliyə hesablanmış danışıqlar təşkil edirlər. Elə isə sual ortaya çıxır. Azərbaycan tərəfi bütün bunları bilə-bilə niyə belə nəticəsiz danışıqlara gedir? Ona görə gedir ki, əks-təqdirdə erməni havadarları bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllini istəmədiyimizi deyərək böyük səs-küy salacaq, çeşidli təzyiqlərə əl atacaqlar. Bu isə diplomatik müstəvidə apardığımız işlərə maneçilik törədəcək. Orasını da deyək ki, işğalçı bu nəticəsiz danışıqların nəticəsini görəcək, özü də necə lazımdır görəcək. Havadarlarının ön xətdən snayperləri çəkmək və ermənilərin torpaqlarımızda rahat gəzib-dolaşmaları üçün irəli sürdükləri başqa təkliflərin rədd olunması da elə o deməkdir. O deməkdir ki, itkiləri çoxaldıqca yenə Ermənistandakı əsgər anaları hərbi xuntadan soruşacaq ki, nədən oğulları gedib onların olmayan torpaqlarda ölməlidirlər".
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın İsveçrənin Bern şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşünün növbəti dəfə təşkil edilməsi cəbhədə getdikcə artan gərginliyin azaldılmasına və situasiyanın nəzarət altından çıxmamasına hesablanıb: "Artıq artilleriya qurğularının da iştirak etdiyi döyüşlərin böyüməsi regiona nəzarətin itirilməsinə gətirib çıxara bilərdi. Çünki Azərbaycanın hərbi gücü imkan verir ki, düşməni əzərək öz ərazilərindən qovsun. Bu isə iri dövlətlərin və beynəlxalq güclərin regiona nəzarət mexanizminin iflası demək olardı. Bunu isə nə Birləşmiş Ştatlar, nə Avropa, nə də Rusiya itirmək istəmir". Mütəllim Rəhimlinin sözlərinə görə, hərbi vəziyyətin Azərbaycanın xeyirinə olduğunu qeyd edənlər onun belə görüşlərdən imtina etməsi fikrini də irəli sürürlər: "Əslində bu görüşlərin Dağlıq Qarabağ probleminin həllində heç bir rolu yoxdur. Onun təşkili də Azərbaycanın maraqlarına uyğun deyil. Lakin Respublikamızın ondan imtina etməsi də mümkünsüzdür və beynəlxalq aləmdə onun əleyhinə istifadə edilmək ehtimalı var. Ona görə də Azərbaycan tərəfi belə görüşlərə qatılsa da birmənalı mövqeyini sərt formada ortaya qoymalıdır. Həm də bu görüşlər bizi cəbhədə erməniləri sıxışdırmaqdan və tələfata uğratmaqdan çəkindirməməlidir. Əksinə düşmənə ardıcıl olaraq vurulan zərbələr onu tez-tez danışıqlar masasına oturmağa məcbur etməlidir. Fürsət yaranan kimi isə genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə torpağımızı düşməndən azad etməliyik".