“Həmsədrlərin irəli sürdüyü təkliflərin heç biri irəliyə doğru addım atılması ilə yekunlaşmayıb” Siyasət

“Həmsədrlərin irəli sürdüyü təkliflərin heç biri irəliyə doğru addım atılması ilə yekunlaşmayıb”

Elşad Mirbəşiroğlu: "Minskdə baş tuta biləcək görüşə Rusiyanın ciddi təsiretmə imkanının olacağı proqnozlaşdırılır"
"2016-cı ildə prezidentlərin görüşünün intensivləşməsi münaqişə vəziyyətinin həlli yolunda aparılan müzakirələrdə dinamikliyin yaradılması baxımından vacibdir". Bu fikirləri politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, bu vaxtacan həmsədrlər tərəfindən irəli sürülən təkliflərin heç biri münaqişə vəziyyətində irəliyə doğru addım atılması ilə yekunlaşmayıb: "Azərbaycan və Ermənistan prezidentlərinin Minskdə baş tuta biləcək hər hansı görüşündə Rusiyanın ciddi təsiretmə imkanının olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Belarusiya ilə Rusiya müttəfiq ölkələrdir. İki ölkənin əksər məsələlərdə ortaq fikri mövcuddur. Azərbaycan dövləti Belarusiya ilə yüksək səviyyəli əlaqələrə malikdir".
Politoloq bildirib ki, Minskdə görüş baş tutarsa bu görüşün müsbət nəticələnməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin davranış taktikalarından asılı olacaq: "Davranış taktikası dedikdə, həmsədrlərin Ermənistana qarşı mövqeyinə yeni baxış bucağından sərgiləməsini nəzərdə tuturam. Hər dəfə baş tutan görüşlər Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalıb. Prezidentlərin Bern görüşündə məhz bu tendensiya yaşandı. Hələ görüş öncəsi Ermənistan Xarici İşlər Nazirliyinin pozucu, təxribat xarakterli çıxışlar etməsi və cəbhədə gərginləşmiş vəziyyətin məsuliyyətini Azərbaycan tərəfinin üzərinə atması da qarşı tərəfin əsl niyyətini bir daha ortaya qoymuş oldu. Ermənistan münaqişənin həll edilməsində deyil, onun müxtəlif vasitələrlə uzadılmasında maraqlıdır. 2015-ci ilin sonlarında Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ciddi addımlar atacağı ilə bağlı fikirlər səsləndirildi. Yəni, Rusiya münaqişənin tam həlli üçün ilk öncə Dağlıq Qarabağ ətrafı ərazilərin işğalçı Ermənistan tərəfindən boşaldılmasını nəzərdə tutan təklifi dəstəklədiyi vurğulandı. Düşünürəm ki, bu il Rusiyanın münaqişəyə yanaşması üzərində ciddi müzakirələr aparılarsa müsbət nəticələr əldə oluna bilər".