“Obama bundan öncəki samitə Ermənistan prezidentini dəvət etsə də Azərbaycana dəvət göndərməmişdi” Siyasət

“Obama bundan öncəki samitə Ermənistan prezidentini dəvət etsə də Azərbaycana dəvət göndərməmişdi”

Natiq Miri: "Amma indi görünür ki, ölkəmiz Amerika üçün vacib müttəfiqdir"

Qabil Hüseynli: "Güman edirəm ki, həmin soyuqluğu aradan qaldırmaq üçün fürsət yaranacaq"


Azərbaycan Prezidenti İlham Əliyev bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunub. Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb. N.Məmmədov qeyd edib ki, ABŞ prezidenti Barak Obama dəvəti Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda edib.
"Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir", - deyə Obama məktubunda qeyd edib.
Barak Obamanın İlham Əliyevi ABŞ a dəvət etməsi son zamanlar iki ölkə arasında gərginləşən münasibətlərə hansı formada təsir edəcək? Politoloq Natiq Miri bildirib ki, ABŞ prezidenti Obamanın əsas seçki şüarlarından biri qlobal təhlükəsizliklə bağlı məsələlər olub: "Göründüyü kimi o, buna yenə önəm verərək seçkidən öncəki vədlərinə əməl edir və IV Nüvə Təhlükəsizliyi Sammitini keçirir. Azərbaycan prezidentinin bu tədbirə dəvət olunması sözsüz ki, ABŞ-ın ölkəmizə verdiyi dəyərin nümunəsidir. Obama bundan öncəki samitə Ermənistan prezidentini dəvət etsə də Azərbaycana dəvət göndərməmişdi. Amma indi görünür ki, ölkəmiz Amerika üçün vacib müttəfiqdir.
Onlar Azərbaycanı itirmək istəmirlər. Amerika ölkəmizdəki iqtisadi və siyasi islahatlarda hər zaman maraqlı olub. Dolların bahalaşmasından sonra prezidentin iqtisadi islahatlarla bağlı tapşırıqları çox müsbət qarşılanmalı və buna əməl olunmalıdır. Güman edirəm ki, bəzi məsələlər də öz həll yolunu tapdıqdan sonra ABŞ-ın Azərbaycana sanksiya tətbiq etmə məsələsi gündəmdən birdəfəlik düşəcək".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə isə, Nüvə Sammitinə dəvət çox yüksək səviyyəli bir addımdır: "Eyni zamanda, bu, nüvəsiz dünya uğrunda mübarizə aparan dövlətlərin sammitidir. Azərbaycan nüvə silahına qarşı olan, nüvə silahı istehsal etmək niyyətində olmayan, nüvəsiz dünya tərəfdarı olan bir ölkədir"
Politoloq İlham Əliyevlə Barak Obamanın görüşə biləcəyini də istisna etməyib. "Görüş zamanı məsələnin siyasi çalarları da ola bilər. Son vaxtlar Azərbaycanla Amerika arasında soyuqluq yaşanır. Güman edirəm ki, həmin soyuqluğu aradan qaldırmaq üçün fürsət yaranacaq. Ən azından prezidentlər görüşəcək və bu məsələ müzakirə obyekti olacaq. Məsələni aradan qaldırmaq üçün ipucu tapılacaq".
Qabil Hüseynli Nüvə Sammitinə qədər müəyyən addımların atılmalı olduğunu da vurğulayıb:"Məsələn, mart ayı ərəfəsində növbəti əfv sərəncamı verilə bilər. Həmçinin, hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi gözlənilir. Ola bilsin ki, elə onu məhkəmə zalından azadlığa buraxsınlar. Siyasi məhbus adlandırılan şəxslərin azad edilməsi istiqamətində müəyyən addımlar ata bilərik. Bu addımlarla Vaşinqtona yollanacaq dövlət başçısı İlham Əliyevin siyasi danışıqlar zamanı əlini qüvvətləndirə bilərik. Zənnimcə, bu prosesə baş vurulacaq və görüş zamanı Azərbaycanın kifayət qədər mənbəyi olacaq. Eyni zamanda, görüş zamanı neft məsələsi də müzakirə edilə bilər".
Politoloq Elşad Mirbəşiroğlu isə vurğulayıb ki, IV Nüvə Təhlükəsizliyi sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ştatlar Prezidentinin dəvətini hələ dekabr ayının əvvəllərində alıb: "Bu dəvət hazırkı reallıqlar şəraitində bir neçə məqamdan xəbərdən verir. Birincisi, Azərbaycan Prezidentinin belə bir sammitə dəvət alması sübut edir ki, qlobal təhlükəsizliyin təmin olunmasında Azərbaycan dövlətinin ciddi rolunun olması beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Azərbaycan həmişə beynəlxalq təhlükəsizliyin təmin olunmasında, xüsusilə də, müasir dövrdə beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan beynəlxalq terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlarla yaxından əməkdaşlıq etmişdir və təsdiq etmişdir ki, bu istiqamətdə kifayət qədər təsirli fəaliyyət göstərmək iqtidarındadır. Bu baxımdan, IV Nüvə təhlükəsizliyi sammitində də Azərbaycanın iştirakının vacibliyi etiraf olundu. İkincisi, son dövrlərdə okeanın o tayında Azərbaycana münasibətdə müəyyən əsassız mövqenin sərgilənməsi iki dövlət arasında münasibətlərin gərginliyi haqqında fikirlərin meydana gəlməsini şərtləndirmişdir. Lakin ayrı-ayrı şəxslərin Azərbaycanla bağlı əsassız fikirlər səsləndirməsini Birləşmiş Ştatların rəsmi mövqeyi kimi qəbul etmək üçün əsas yoxdur". Politoloqun sözlərinə görə,
Birləşmiş Ştatların dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sammitə dəvət etməsi ondan xəbər verir ki, ABŞ Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafında maraqlıdır: "Bu, həm də bir daha sübut edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ermənipərəst bir konqresmeninin subyektiv mövqeyidir və onun Amerika konqresində qəbul olunması mümkün deyil. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sammitdə iştirakı tərəflər arasında əməkdaşlığın daha da inkişafı baxımından əhəmiyyətli ola bilər". Elşad Mirbəşiröğrlu Azərbaycan Respublikasının Prezidentinin Vaşinqtona səfərinin Dağlıq Qarabağ probleminə hansısa formada təsir edib-etməyəcəyi fikrinə də aydınlıq gətirib: " Azərbaycan Prezidentinin Vaşinqtona səfərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsiri ehtimallarına gəldikdə isə, hesab edirəm ki, cənab Prezident İlham Əliyev bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması istiqamətində bacarıqla istifadə edir. Bu səfər çərçivəsində müəyyən formatda ünsiyyətlər zamanı məsələnin yenə də müzakirə obyektinə çevriləcəyini ehtimal etmək mümkündür. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti bütün səfərlərində, bütün görüşlərində əsas diqqətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçmivəsində həll olunması məsələsinə yönəlmdilməsinə çalışır. Bu baxımdan, Prezidentin Vaşinqton səfəri əlbəttə, əhəmiyyətlidir. Amma, onu da qeyd etmək lazımdır ki, hələlik münaqişə vəziyyətli ilə bağlı obyektiv beynəlxalq yanaşma mövcud deyil və ikili standartlardan yanaşma davam etməkdədir". Politoloqun sözlərinə görə, münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyaasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun yanaşması məhz belədir: "Bu da ondan xəbər verir ki, hələlik münaqişənin tənzimlənməsi istiqamətində real addımların atılacağını güman etmək çətindir"

Əli