“Biz bu vəziyyətdən çıxacağıq” Siyasət

“Biz bu vəziyyətdən çıxacağıq”

Novruz Məmmədov: "Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir."

"Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə xarakter və əhəmiyyətini saxlamağa qadirdir".
Bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov bildirib ki, bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb: "Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Heydər Əliyev qoyub, daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər prezident İlham Əliyev tərəfindən davam etdirilib. Əməkdaşlıq əlaqələrində hansısa problemlər ola bilər. 21-ci əsr dövlətlərin maraqları uğrunda mübarizənin gərgin xarakter alması ilə diqqət çəkir".
Novruz Məmmədov qeyd edib ki, prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib: "Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib".
Novruz Məmmədovun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanmasından tutmuş, enerji xətlərinin şaxələndirilməsinə qədər, ABŞ-ın böyük dəstəyi olub: "Görüşdə ABŞ və Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və əlaqələrin bundan sonra da yüksək perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Çünki Azərbaycan prezidentinin əsas vəzifəsi mili maraqlarımızın qorunması, müdafiə edilməsidir. Nəzərə almaq lazımdır ki. ABŞ-ın ən yaxın müttəfiqi İsraildir, lakin onlar arasında da müəyyən fikir ayrılığı yaranır, sonra anlaşırlar. Azərbaycan da haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı, gələcək əməkdaşlıqda da bu, özünü göstərəcək".
Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açan Novruz Məmmədov prezidentlərinin görüşündə irəliyə doğru hər hansı bir addımın atılmadığını bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil. Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır".
Novruz Məmmədov qeyd edib ki, həmsədr dövlətlərin də Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil: "ABŞ prezidenti Barak Obama ölkəsinə və dünyaya müraciətində dedi ki, dünyanın müxtəlif yerlərində olan "qaynar" nöqtələrə xüsusi diqqət yetiririk. Ancaq həmin siyahıda biz yoxuq. Gərginlik nöqtələri çoxdur, yəni sanki bizə növbə hələ gəlib çatmır. Halbuki müstəqillik qazandığımız dövrdə korrekt addımlar atılsaydı, bəlkə də indi dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişə həllini tapsaydı, digər münaqişələr də olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb".
Novruz Məmmədovun sözlərinə görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olacağını bildirib.
Dünyada baş verən iqtisadi böhrandan bəhs edən Novruz Məmmədov qeyd edib ki, bu qlobal prosesin Azərbaycana da təsir etməsi təbii qəbul olunmalıdır: "Biz bu vəziyyətdən də çıxacağıq".
Novruz Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil: "Dünyada tez-tez müxtəlif təbii fəlakətlər müşahidə edirik. Məsələn, ABŞ-da, Böyük Britaniyada, Rusiyada hər il subasmalar, təbii fəlakət olur, minlərlə ev su altında qalır. Ancaq həmin fəlakətlər zamanı biz əhalidə xüsusi təlaşı müşahidə etmirik. Bu gün mediamızın günün reallıqlarını əhaliyə çatdırması baxımından üzərinə böyük vəzifə düşür. Mediamız da insanlara günün reallıqları çatdırmalı, əhalini maarifləndirməlidir. Azərbaycan bu vəziyyətdən çıxmağa qadirdir, təlaşa düşməyə əsas yoxdur".