“Minsk qrupu tərəfləri ortaq məxrəcə gətirən təkliflər irəli sürməyib” Siyasət

“Minsk qrupu tərəfləri ortaq məxrəcə gətirən təkliflər irəli sürməyib”

Hatəm Cabbarlı: "Həmsədrlər sadəcə Dağlıq Qarabağ problemində fərqli düşünmürlər"

Üzeyir Cəfərov: "Döyüş əməliyyatlarının başlanması nə Moskvadan, nə də rəsmi Vaşinqtondan asılı olan məsələ deyil"

"ATƏT-in Minsk qrupu birbaşa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı probleminin sülh yolu ilə həll edilməsi üçün qurulsa da, təəssüflər olsun ki, bu günə qədər tərəfləri ortaq məxrəcə gətirən təkliflər irəli sürməyib. 20 ildən çoxdur vasitəçilik missiyası heç bir nəticə verməyib". Bunu Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib. Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərindən ABŞ və Fransanın siyasi qütbləşmənin bir tərəfində, Rusiyanın isə digər tərəfində durmalarına və istər bölgə, istərsə də beynəlxalq təhlükəsizlik problemlərində əsasən ortaq məxrəcə gələ bilməsələr də, yeganə problemdir ki, sadəcə Dağlıq Qarabağ problemində fərqli düşünmürlər: "Bu vasitəçi dövlətlərin üçü də problemin uzanmasını istəyir və Ermənistanı qeyd-şərtsiz dəstəkləyirlər. Digər münaqişələrdə bu dövlətlər adətən işğalçı tərəfə siyasi və iqtisadi sanksiyalar tətbiq etmələrinə baxmayaraq, əksinə, Ermənistana siyasi və iqtisadi dəstək verir, hətta hərbi əməkdaşlığı belə genişləndirirlər. Bu isə onların vasitəçilik missiyası ilə tərs mütənasibdir. Həmsədr dövlətlər hələ də işğal edən və işğala məruz qalan tərəfi təyin etmək istəmirlər".
H.Cabbarlı bildirib ki, Ermənistan Minsk qrupu və ümumən digər dövlətlər tərəfindən təzyiq hiss etmir, bu təzyiqi hiss etmədiyi müddətdə və həmsədrlərin hər iki tərəfin maraqlarını ehtiva edən təkliflər irəli sürməyənə qədər bu problem davam edəcək: "Həmsədrlər onlara verilən mandatdan sui-istifadə edirlər. Belə ki, keçdiyimiz günlərdə AŞPA-da Dağlıq Qarabağ problemi ilə iki məruzə dinlənildi və məruzələrdən biri qəbul edildi. Bu məruzələr dinlənilmədən əvvəl Minsk qrupu həmsədrləri ortaq bəyanat verərək, Dağlıq Qarabağ probleminin AŞPA-da müzakirə edilməsinə qarşı olduqlarını və bu məsələnin onun yurisdiksiyasına aid olmadığını bildirdilər. Bu birbaşa AŞPA-ya siyasi təzyiqdir və həmsədr dövlətlər səlahiyyətlərini aşdılar. Minsk qrupu yaradılarkən Azərbaycan nə həmsədr dövlətlər qarşısında, nə də hər hansı bir beynəlxalq qurum qarşısında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğaldan azad edilməsi üçün sülh müzakirələrinin başqa bir müstəvidə müzakirə edilməyəcəyi barədə öhdəlik qəbul etməyib. Azərbaycan bu problemi istədiyi yerdə və istədiyi səviyyədə müzakirə edə bilər. Hər hansı bir dövlətin və yaxud qurumun buna etiraz etməsi isə qətiyyən qəbul edilməzdir".
O əlavə edib ki, Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətiriblər. Amma bu proses çox ləng işləyə bilər: "Bunun üçün Minsk qrupuna üzv olan dövlətlər yenidən konfrans çağırmalı, problem geniş şəkildə müzakirə edilməli və hansı həmsədr dövlətin daha yarıtmaz fəaliyyət göstərdiyi dəqiqləşdirilməlidir. Əslində hər üç həmsədr dövlət passiv fəaliyyət göstərir. Həmsədrlərin yerinə hansı dövlətin seçiləcəyi də bir başqa problemdir. Burada hər hansı bir dövlətin adını çəkməyi hələlik uyğun görməsəm də, əlbəttə həmsədrlərdən birini, hətta üçünü belə əvəzləyəcək dövlətlər vardır. Sadəcə bu mexanizmi işə salmaq çətindir amma imkansız deyildir. Uyğun siyasi şərait yetişdiyində böyük bir ehtimalla Azərbaycan bu məsələni həll etməyə çalışacaqdır. Buna kimsənin etiraz etməyə haqqı çatmır".
Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, ümumiyyətlə nə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb, istənilən an aktiv döyüş əməliyyatlarının başlanması mümkündür. Onun sözlərinə görə, döyüş əməliyyatlarının başlanması isə nə Moskvadan, nə də rəsmi Vaşinqtondan asılı olan məsələ deyil: "Çünki sabah elə bir kritik vəziyyət yaransa, Azərbaycan özü sərbəst şəkildə qərar qəbul edə bilər və bu, ölkəmizin haqqıdır. 20 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilmir. Bundan əlavə ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistana heç bir təsir göstərmir. Ona görə də münaqişənin istənilən an başlaması mümkündür. Amma heç kim də deyə bilməz ki, o problem həll oluna bilməz. Nə qədər də ağır olsa da hər iki tərəfdən çox ciddi itkilər olacaq".
Ü.Cəfərov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır: "Biz onu heç yerdə axtarmalı deyilik. Əgər rəsmi Moskva istəsə, çox qısa müddətdə Ermənistanı məcbur edə bilər ki, onlar işğal olunmuş əraziləri boşaltsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu gün Rusiya ikibaşlı oyun oynayır. O Ermənistanı silahlandırır, digər tərəfdən isə Azərbaycanla özünü yaxşı göstərir. Ola bilsin ki, 2016-cı ildə münaqişənin həlli bir qədər də uzansın. Təbii ki, tələsməkdə lazım deyil. Çünki 2016-cı il yeni başlayıb. Fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək. Rəsmi Ankara da artıq DQ-nın həll olunmasında aktiv oyunçuya çevrilir. Ola bilsin ki, Türkiyə ilə Rusiya arasında olan gərginlik fonunda rəsmi Ankara müəyyən cəhdlər etsin ki, münaqişə öz həllini tapsın".