Üçtərəfli görüş baş tutdu Siyasət

Üçtərəfli görüş baş tutdu


Xarici işlər nazirləri Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyin ifadə olunduğu bəyannamə qəbul etdilər


Dünən Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixail Canelidze iştirak edirlər.
Görüşdə hər üç ölkənin iştirak etdiyi regional layihələr, xüsusilə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin (BTQ) inkişafı, TAP və TANAP layihələrinin əsas müzakirə obyekti olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, üçtərəfli görüş əməkdaşlıq üçün faydalı platformadır.
O bildirib ki, əməkdaşlığın siyasi, iqtisadi və digər sahələrdə uğurlu nəticələri mövcuddur. Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq ölkələr arasındakı inkişafın bir elementinə çevrilib.
Elmar Məmmədyarov Türkiyədə baş vermiş terrora da toxunub: "Biz terrorizmin bütün formalarını qınayırıq. Ankaradakı dəhşətli terror aktı hamımızı narahat edir".
Elmar Məmmədyarov qeyd edib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır.
O bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd edib: "Ölkələrimizin coğrafi mövqeyi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.
Bildiyiniz kimi, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif edib. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaq".
Nazir həmçinin deyib ki, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır: "Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac var. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb".
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu həssas qlobal və regional hadisələrin yaşandığı dövrdə üçtərəfli əməkdaşlığın Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacib fürsət olduğunu bildirib.
Mövlud Çavuşoğlu deyib ki, bu əməkdaşlıq nəqliyyat, enerji təhlükəsizliyi, mədəniyyət, idman, təhsil və elm kimi sahələrdə inkişafı hədəfləyir:
"Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi mühüm nəqliyyat və enerji layihələrinin önəmini bir daha qeyd etdik. Qonaqpərvərlik və uğurlu təşkilatçılıq fəaliyyətinə görə Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə təşəkkürümüzü bildiririk.
Mövlud Çavuşoğlu Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinə Ankaradakı terrorla bağlı başsağlığı diləkləri və diqqətlərinə görə təşəkkür edib.
Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini,Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədiklərini bildirib. O, terror aktlarına baxmayaraq, Ankaranın öz xarici siyasətini dəyişməyəcəyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, terrorizmə ən yaxşı cavab həmrəylik və qarşılıqlı dəstəkdir.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə terrorçuluqla mübarizədə əllərindən gələni edəcəklərini söyləyib: "Biz əlimizdən gələn yardımı göstərməyə hazırıq. Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Biz ikitərəfli və üçtərəfli görüşlər keçirdik və strateji tərəfdaş olduğumuzu təsdiqlədik".
Canelidze Cənub Dəhlizinin böyük önəm daşıdığını qeyd edib: "Biz görüşlərdə əməkdaşlıq haqqında fikirlərimizi səsləndirdik. Potensial imkanlarımızdan səmərəli istifadə edəcəyik. Ümid edirik ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə tərəfində də tikinti işləri tezliklə başa çatacaq".
XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionda sülh və təhlükəsizlik üçün ən başlıca təhlükədir.
Elmar Məmmədyarov Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib: "Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də özünün ilhaqçı və işğalçı siyasətini həyata keçirir. Ermənistanın bu siyasətini davam etdirməsi və mövcud "status-kvo"nun saxlanılması istiqamətindəki səyləri münaqişənin həllində irəliləyişin əldə olunmasına imkan vermir".
Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tiflis görüşünün sonunda qəbul olunan yekun Bəyannamədə onu imzalayan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək bir daha ifadə olunub: "Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq tez bir müddətdə sülh yolu ilə nizamlanması əlahiddə vacibdir".
Sənəddə bildirilir ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmalıdır.
Bəyannamədə üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edilir. Nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayaraq strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha vurğulayıblar.
Sənəddə 17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumları ən ağır sözlərlə qınanıb və bir daha terrorizmin əsl mahiyyəti ifşa olunub: "Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyir, türk xalqına dərin başsağlığı verir və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd edirlər".
Nazirlər Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına karbohidrogen ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə edib və cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğulayıblar.
Bəyannamədə nəqliyyat, enerji, ticarət sahələrində və "İpək Yolu" marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi "İpək Yolu"nun bərpa olunmasında üç ölkənin xüsusi rolu qeyd olunub. Nazirlər Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli roluna diqqət çəkiblər, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd ediblər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha ifadə ediblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli nazirlər görüşündəki məhsuldar məsləhətləşmələr alqışlanıb.
Nazirlər 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsini qiymətləndiriblər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar, gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini qeyd ediblər.