“Razılaşmanın bütün komponentləri masa üzrərindədir” Siyasət

“Razılaşmanın bütün komponentləri masa üzrərindədir”

Sergey Lavrov: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq"

Elmar Məmmədyarov: "Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır"

Məhəmməd Cavad Zərif: "Atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır"

"Biz inanırıq ki, bu əməkdaşlıq hər üç xalğın və regionun maraq və prioritlerinə uyğundur".
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.
O, regionda sabitliyin sülh və təhlükəsizlik üçün vacib amil olduğunu bildirib.
Görüşdə müxtəlif məsələlər, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafına dair müzakirələr aparıldığını qeyd edən nazir bu dəhlizlər daşınmaların sürətlənməsinə rəvac verəcəyini qeyd edib: "Aprelin 20-də Astara-Astara dəmiryolu xətti ilə bağlı mərasim keçiriləcək. Ardınca Rəşt-Astara dəmiryolu xətti üzrə müzakirələrə başlayacağıq. Bu görüş çox gözəl başlanğıc oldu. Biz gömrük, turizm və digər sahələrdə də üçtərəfli əməkdaşlığı müzakirə etdik".
Məhəmməd Cavad Zərifin qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır.
Ermənistan xarici işlər naziri ilə danışdığını deyən Məhəmməd Zərif qeyd edib ki, atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğunu deyib.
Lavrov atəşkəs razılaşması davam edəcəyinə ümid bəslədiyini bildirib. O deyib ki, keçmiş razılaşmalara istinad edilməlidir: "Xüsusilə təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin siyasi yolla həllini axtarmamalıyıq. Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin".
Sergey Lavrov bildirib ki, razılaşmanın bütün komponentləri masa üzrərindədir: "Biz, əslində, Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq. Dünən Bakıda apardığım görüşlər və Ermənistanda keçirəcəyim görüşlər də bizim səylərimizin göstəricisidir".
Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır: "Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir".
Lavrov görüşdə təhlükəsizlik, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər məsələlər istiqamətində əməkdaşlıq müzakirə olunduğunu da xatırladıb. Onun qənaətinə görə, Rusiya, Azərbaycan və İranın ortaq məqsədləri var.
O, terrorizm, qaçaqmalçılıq kimi məsələlərlə birgə mübarizə aparmağın tərəfdarı olduqlarını bildirib: "Azərbaycanla bu sahədə əməkdaşlığımız var, amma düşünürük ki, bu, üçtərəfli formatda daha effektiv olacaq".
Sergey Lavrov bəzi layihələrin maliyyə tərəfləri ilə bağlı da müzakirə apardıqlarını deyib: "Qərara gəldik ki, müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparıb, razılaşmalar əldə etsin. Buraya nəqliyyat, gömrük, su xətləri və digər sahələr də daxildir. Həmkarlarım da turizm və biznes sahəsində çalışanların üçtərəfli görüşlərində maraqlıdırlar".
Elmar Məmmədyarov iranlı həmkarı ilə cəbhədə baş verənləri müzakirə etdiyini deyib: "İran tərəfi də atəşkəsin əldə olunması üçün müəyyən cəhdlər edib və nəticəni yüksək qiymətləndirir".
Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla ciddi iş apardıqlarını söyləyib: "Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir. Sonra digər məsələlər, monitorinqin aparılması, təhlükəsizlik məsələləri nəzərdən keçirilməlidir".
Məmmədyarov bəyan edib ki, Azərbaycanla İran viza ilə bağlı məsələlərin həllinə çox yaxındır: "Müəyyən irəliləyişlər əldə olunub. Yaxın vaxtlarda Naxçıvanda olduğu kimi xüsusi rejimə oxşar bir rejim tətbiq edilə bilər.
Azərbaycan prezidentinin İrana səfəri zamanı iki ölkə arasında daha sıx əməkdaşlıq və şimal-cənub dəhlizi müzakirə edilib. Orada bu məsələnin üçtərəfli formatda müzakirəsi qərara alınıb".
Elmar Məmmədyarov bildirib ki, söhbət xüsusilə dəmir yolu əlaqəsinin yaradılmasından gedir: "Aprelin 20-də İran və Azərbaycan tərəfi 8 kilometrlik Astara-Astara dəmir yolu körpüsünün tikintisini müzakirə edəcək. Düşünürük ki, bu layihə ilin sonuna kimi başa çatacaq. Digər müzakirə mövzusu Rəşt-Astara dəmir yolu xəttinin tikintisi olub. Rusiya da bunda maraqlıdır və görüşün Moskvada keçirilməsini təklif edib. Nəqliyyat dəhlizi vacibdir. Terrorizm, narkotik qaçaqmalçılığı üçün razılaşmışıq ki, müvafiq qurumlar üçtərəfli görüşlər keçirsin. Bura digər qurumlar da daxildir. Biz Xəzər dənizinin hüquqi statusu məsələsini də müzakirə etdik. İki gün əvvəl Bakıda işçi qrupunun görüşü oldu. Statusa dair Konvensiyanın qəbulu sülh, təhlükəsizlik və əməkdaşlıq üçün geniş imkan yaradacaq".
Nazir qeyd edib ki, görüşdə əsas məqsədi şimal-cənub dəhlizini müzakirə etmək olub: "Rusiya ilə XIX əsrdə bu dəhliz var idi. Ermənistanla aramızda münaqişə nəticəsində bu dəhliz fəaliyyətini dayandırdı. Biz fikirləşirik ki, bu dəhlizin işə düşməsi hər üç ölkə üçün vacibdir".