Vitse-spiker Çexiyada Dağlıq Qarabağdan danışıb Siyasət

Vitse-spiker Çexiyada Dağlıq Qarabağdan danışıb

Milli Məclis sədrinin müavini, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərovun rəhbərlik etdiyi azərbaycanlı deputatlardan ibarət nümayəndə heyəti Çexiyada səfərdə olub. Səfər çərçivəsində Valeh Ələsgərov Çexiya parlamentinin Senatının və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə görüşüb. Azərbaycan nümayəndə heyəti, həmçinin Çexiya parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Çexiya-Azərbaycan parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, qarşılıqlı səfərlərin bu müstəvidə oynadığı əhəmiyyətli rola diqqət çəkilib. Ermənistan-Azərbaycan münaqişəsi, regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparılıb. Çexiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.Valeh Ələsgərov, həmçinin Çexiya xarici işlər naziri Lubomir Zaoralek və ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirib. Görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi və enerji layihələri, ölkəmizin bu layihələrin həyata keçirilməsindəki əhəmiyyətli rolu haqqında məsələlər müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyəti, həmçinin 28 May - Respublika Günü münasibətilə ölkəmizin Çexiyadakı səfirliyində keçirilmiş ziyafətdə iştirak edib.Tədbirdə Çexiya tərəfindən ali qonaq qismində parlamentin deputatlar palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek və digər yüksək səviyyəli rəsmilər iştirak edib. Milli bayramımız münasibətilə təşkil edilən tədbirdə çıxış edən Valeh Ələsgərov, Yan Hamaçek, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin önəmini bir daha vurğulayaraq, bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını qeyd ediblər. Yan Hamaçek çıxışında ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.