“Almaniya təkcə Türkiyəyə zərər vurmadı” Siyasət

“Almaniya təkcə Türkiyəyə zərər vurmadı”

Qənirə Paşayeva: "Bütün Türk dövlət və toplumlarımıza qarşı böyük ədalətsizlik etdi"

Almaniya Parlamentinin qondarma "erməni soyqırımı"nı tanımaq haqqında qərarı Azərbaycan ictimaiyyətində də etirazla qarşılanıb. Millət vəkili Qənirə Paşayeva deyib ki, Almaniya Parlamentinin qondarma "erməni soyqırımı" yalanları ilə bağlı qərarına Azərbaycan Türkləri olaraq etiraz edir və bu qərarı qınayırıq: "Ermənilərin 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda Xocalıda törətdiyi soyqırımı görmək istəməyənlərin qondarma "erməni soyqırımı" yalanları ilə bağlı aldığı qərarların arxasında dayanan böyük maraqları, təhlükəli plan və niyyətləri hamınmız bilirik. Almaniya bu qərarla sadəcə Türkiyəyə zərər vurmadı - Azərbaycana, bütün Türk dövlət və toplumlarımıza, bir sözlə, bütün millətimizə qarşı böyük ədalətsizlik etdi.Türk millətinin şərəfli keçmişi var və bizim utanacaq heç bir şeyimiz yoxdur, amma Almaniya parlamenti yaxşı olardı ki, öz əcdadlarının tarixinə baxardı. Utanacaq çox şey var". Onun sözlərinə görə, Almaniya bu qərarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun üzvü kimi obyektiv rol oynaya biləcəyi ilə bağlı düşüncələrə də böyük zərbə vurdu: "Artıq heç bir Azərbaycan Türkü Almaniyanın obyektiv rol oynaya biləcəyinə inana bilməz. Bu qərarla Türkiyəyə zərbə vurduqlarını düşünənlər bilməlidir ki, dünyanın hər yerində yaşayan Türk insanı olaraq sizin inadınıza daha da çox Türkiyənin yanındayıq. Bu yalanları da, bu qərarları da Türk millətinin övladları olaraq heç bir zaman qəbul etməyəcək və hər zaman mübarizə aparacağıq". Millət vəkili əlavə edib ki, sosial şəbəkədə bir alman sivil toplum təşkilatı başqanı mənə amma parlamentdə dəstək verən türklər də olub deyə yazıb: "Buna dəstək verən bizdən ola bilməz, deyə yazdım. Mən şəxsən bu millətin bir övladı kimi bunu açıq şəkildə söyləyirəm. Bu cür adamlar bizim millətdən olduğunu söyləyə bilər, amma bizdən deyil! Və belələrinə qarşı hər zaman ciddi mövqeyimizi ortaya qoymalıyıq.Bütün insanlarımız,gənclərimiz sosial mediada bu qərara səs vermiş Almanya millət vəkillərinə öz etirazlarını yazmalı və nə qədər böyük bir səhvə yol verdiklərini söyləməlidirlər. Almaniyada yaşayan yüz minlərlə Türk insanı isə bundan sonra bu yalanlarla daha da aktiv mübarizə aparmalıdırlar və əsl gerçəkləri, Xocalı soyqırımını daha da çox anlatmalıdırlar". Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, əslində qərar qardaş Tükiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir. O, qeyd edib ki, qərarı Almaniyanın müasir dövrünün ən böyük səhvi hesab etmək olar: " Nə zamansa gələcək alman nəsilləri bu səhvə görə Tükiyədən üzr istəyəcəklər. Əslində qərar qardaş Tükiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir". Onun sözlərinə görə, qərarın qəbulunda ən ağrıdıcı məqam qondarma "erməni soyqırımı" iddialarının fəal dəstəkçilərindən birinin Yaşıllar Partiyasının lideri, müliiyətcə türk olan Özdemirin olması və qərara lehinə səs verməsidir: "Türk oğlu Özdəmir öz xalqına çirkab atanlardan biri oldu, o , siyasi karyerasını milli kökündən və anasının ruhundan üstün tutdu. Görünür, vaxtında kimlərsə ona şərəfin hər şeydən üstün olduğunu deməyi unudublar". Bu arada Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya Parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnaməsini şərh edib: "Almaniya Parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir. Almaniya Parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir. Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir".