“Son zamanlar danışıqlar prosesi intensivləşib” Siyasət

“Son zamanlar danışıqlar prosesi intensivləşib”

Arzu Nağıyev: "Bütün məsələlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

Elxan Şahinoğlu: "Əgər danışıqlar bu dəfə də konkret nəticəyə gətirib çıxarmasa, vəziyyət yenidən gərginləşəcək"

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət bir addımdır". Bunu politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, bütün məsələlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Son zamanlar danışıqlar prosesi intensivləşib. Təbii ki, burada Rusiyanın da özəl maraqları var. Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan Rusiya həm nüfuz qazanmaq, həm də Qərbin təkidinin qarşısının alınması üçün daha böyük səy göstərməyə çalışır. Əgər qonşu dövlət münaqişənin həlli istiqamətində addım atsa, o zaman Qərbin ona qarşı sanksiyalarında yumşalma baş verə bilər. Təbii ki, Rusiya tərəfindən münaqişənin həlli ilə bağlı irəli sürülən variantlarda erməniləri razı salmayan məqamlar var ki, bu da onlar tərəfindən tənzimlənməlidir". A. Nağıyev qeyd edib ki, Rusiya müharibənin olmamasına çalışır: "Münaqişənin həlli ilə bağlı ortada beynəlxalq qanunlarla tənzimlənən Madrid prinsipləri var ki, orada rayonların boşaldılması, status məsələsi və digərləri öz əksini tapıb. Rusiya müharibə variantını istəmədiyi üçün nəyin bahasına olursa-olsun problemin həllində irəliləyişə nail olmağa çalışır. Müharibənin olması Rusiyaya ona sərf etmir. Bundan başqa verilən anonslara görə Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri gözlənilir ki, bu səfər baş tutarsa, əsas prioritet məsələ yenə də münaqişənin həlli yolları olmalıdır. Rusiya XİN başçısının Azərbaycana səfərinin bir məqamı da məhz bununla bağlı ola bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Onun sözlərinə görə, Lavrovla görüşdə Elmar Məmmədyarovun danışıqlar masasını mərhələli şəkildə mövcud problemlərdən təmizləməli olduğunu bildirməsi, əslində, rəsmi Bakının mərhələli həll planından kənara çıxmadığına işarədir: "Lavrovun bunu dilə gətirməməsi göstərir ki, Kreml münaqişənin həllinin I mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. Bakıda səsləndirilən "ümid yaradan amillər" ifadəsi isə söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etməyə imkan verir. Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Bu isə bütün razılaşmanı pozur və ortada Kremlin İrəvanı bu tələbdən vaz keçməyə məcbur edəcəyinə dair heç bir işartı yoxdur. Əgər bu danışıqlar bu dəfə də konkret nəticəyə gətirib çıxarmasa, vəziyyət yenidən gərginləşəcək".
O həmçinin Lavrovun Bakı səfərinə İrəvandan göstərilən reaksiyaları şərh edib. Politoloq bildirib ki, Ermənistan rəsmiləri və siyasi ekspertləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıdakı görüşlərinə və verilən açıqlamalara isti-isti münasibət bildirməkdə çətinlik çəkirlər: "Yəqin onlar özləri üçün aydınlaşdırmaq istəyirlər ki, görəsən Azərbaycan rəsmilərinin Lavrovla danışıqlarda səsləndirdikləri "biz sülhə əvvəlkindən daha yaxınıq", "danışqlarda müsbət dinamizm var" kimi ifadələrlə nəyi nəzərdə tutublar?
Hələliksə Ermənistan rəsmiləri qəribə açıqlamalar verirlər. Məsələn, Ermənistan prezidenti Serj Sərkisyan bu gün ərəb kanallarından birinə verdiyi müsahibədə deyib ki, "əgər hətta bütün dünya Dağlıq Qarabağ əhalisinə desə ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşasınlar, xalq bunu yenə qəbul etməyəcək". Yəni bütün dünya beləmi deyir ki, Sərkisyan narahatdır? Və ya xarici işlər nazirinin müavini Şavarş Köçəryan "münaqişənin paket həlli Dağlıq Qarabağın tanınmasından başlamalıdır" açıqlamasını verib. Köçəryan "paket həll"i yuxusundamı gördü, yoxsa bu yolla xarici diplomatlara mesaj göndərir ki, bizi "mərhələli həll" planını qəbula məcbur etməyin. Məncə, danışıqlar nə "paket həll", nə də "mərhələli həll" planı üzrə gedir, hər iki planın kombinasıyası ətrafında uzun-uzadı fikir mübadiləsi gedir".