Daimi nümayəndəlik bəyanat verib Siyasət

Daimi nümayəndəlik bəyanat verib

"Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır"

"Azərbaycan Ermənistanın "status-kvo"nu möhkəmləndirmək və Azərbaycan torpaqlarının ilhaqını təmin etmək məqsədlə işğal edilmiş ərazilərdə həyata keçirdiyi ardıcıl fəaliyyətlər barədə sübutları bir neçə dəfə beynəlxalq ictimaiyyətə təqdim edib. Bu fəaliyyətlərə Ermənistan və xarici ölkələrdən gətirilən şəxslərin məskunlaşdırılması, tarixi və mədəni irsin məhv edilməsi və ya özününküləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, işğal edilmiş ərazilərdəki təbii sərvətlərin talan və istismar edilməsi daxildir".
Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının iclasında Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, qeyd edilən fəaliyyətlərin münaqişənin siyasi tənzimlənməsi istiqamətində addımlar atıldığı bir zamanda davam etməsi narahatlıq doğurur: "Ermənistanın həyata keçirdiyi bu qeyri-qanuni fəaliyyətlərə adekvat beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır. Sübutlar onu göstərir ki, Ermənistan birbaşa öz vasitələri və dolayısı ilə işğal etdiyi ərazilərdə yaratdığı separatçı rejim və erməni diasporunun köməyi ilə bu fəaliyyətləri davam etdirməklə yanaşı bu qeyri-qanuni fəaliyyətlərin miqyasını genişləndirir. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Suriya ermənilərinin yeni məskunlaşma dalğası ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İyulun 24-də separatçı rejimin nümayəndəsi Bako Saakyan Zabux çayı üzərində su elektrik stansiyasının tikintisini yoxlamaq məqsədilə Laçın rayonuna səfər edib. Səfər zamanı Saakyan regional administrasiyanın nümayəndələri ilə görüşərək bu məsələni müzakirə edib. Həmçinin, birbaşa və ya dolayısı ilə bəzi xarici şəxslərin qeyri-qanuni iqtisadi, kommersiya və digər fəaliyyətlərə cəlb olunması ilə bağlı sübutlar mövcuddur".
Bəyanatda həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətləri, onun müvafiq qurumlarını, institutlarını və ATƏT-in İrəvan ofisi də daxil olmaqla,ATƏT-in sahə missiyalarını Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməsi üçün məcbur etməyə çağırır.