“Taleh Bağırzadənin İŞİD-dən fərqi yoxdur” Siyasət

“Taleh Bağırzadənin İŞİD-dən fərqi yoxdur”

Bakı Apelyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin məhkəmə prosesinə cəmiyyətin ayrı-ayrı üzvləri də münasibət bildirilibl’r.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, çox təəssüf ki, ölkəmizdə xarici dairələein marağını təmsil edən və din pərdəsi altında ölkəyə xəyanət edən edən şəxslər var ki, Taleh Bağırzadəni onların sırasına daxil etmək olar: "Xaricdən idarə olunan kadrlar var ki, onlar dini cərəyanları təmsil edirlər. Hansı ki, həmin şəxslər hətta Suriyaya döyüşməyə adam göndərirlər. Ölkəmizin mənafeyini düşünməyən şəxslər xəyanətkar simalardır. Cəmiyyət bu tipli insanlara qarşı həssas olmalı, onlara qarşı mübarizə aparmalıdır. Həmin şəxslər ölkəsinə düşmən olanlardır".

"Gözümüzün önündə Türkiyə nümunəsi var"

Politoloq Cümşüd Nuriyev qeyd edib ki, ölkəmizdə Taleh Bağırzadə kimilərin
tutduğu yol hər kəsə məlumdur: "Taleh Bağırzadə xaricdən ələ alınan, ölkəmizin maraqlarını satmaqla özünü həm dini liderə çevirməyə çalışan, həm də bu yolla özlərinə dolanışıq yolu seçən bir ünsürdür. Azərbaycanda təklif olunan Konstitusiyaya dəyişiklikdə də bu məsələlərə ciddi önəm verilib. Gözümüzün önündə Türkiyə nümunəsi var. Hadisələr göstərir ki, dini təmayüllü qruplar çevriliş cəhdində maraqlıdırlar. Əgər dövlət zamanında bunun qarşısını ala bilirsə, deməli o güclüdür. Azərbaycan prezidentinin yürütdüyü həm daxili, həm də xarici siyasət uğurlu və ağıllıdır. Azərbaycan dövləti öz maraqlarını qoruyur. Lakin ölkəmizdə çox təəssüf ki, Taleh Bağırzadə kimiləri var. Dini siyasətə çevirmək düzgün deyil. Azərbaycanda bunu sınaqdan keçirməyə çalışsalar da, bu alınmadı. Azərbaycan dövləti və xalqı oturuşub. Minlərlə Taleh Bağırzadələr olsa da, ölkəni inkişaf yolundan döndərə bilməyəcəklər".
Politoloq əlavə edib ki, Taleh Bağırzadə kimilərin İŞİD-dən heç bir fərqi yoxdur və onların qarşısı vaxtında və birmənalı şəkildə alınmalıdır.

"Onun əməllərini terror kimi qiymətləndirmək olar"

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, Tale Bağırzadə Nardaran hadisələri ilə ölkədə xaos yaratmağa cəhd etdi və onun əməllərini terror kimi qiymətləndirmək olar: "Ölkəmizdə sabitliyi pozmağa cəhd edən bu qrupun nümayəndələri nəinki Nardaranda, digər bölgələrdə də hansısa addımlar atmağa cəhd etdilər. Ölkəmizin təhlükəsizliyinin yüksək səviyyədə qorunması nəticəsindən onlar tutuldu. Bütün bunlar həmin qrupun ölkəmizdə terror hadisəsi törətmək istəyini araşdırmağa əsas verən amillərdir".
AydIn Quliyev deyib ki, ölkəni təhlükəli məkana çevirmək istəyən şəxsləri müdafiə edənlərin məntiqi başa düşülmür: "Əksinə onlardan soruşmaq lazımdır ki, ölkənin sabitliyini, təhlükəsizliyini pozmağa cəhd edən qrupun maliyyəsi haradan gəlirdi və onlar təlimatı haradan alırdı? Biz müsəlman ölkəsiyik və hər birimiz onun dəyərlərinə hörmətlə yanaşan insanlarıq. Bu baxımdan Taleh Bağırzadənin din pərdəsi altında etdiklərini islamla əlaqələndirmək qəti yolverilməzdir. Din pərdəsi altında istər ölkədə, istərsə də ölkədən kənarda müxtəlif siyasi məqsədlər yolunu tutmaq bağışlanmazdır".
Aydın Quliyevin sözlərinə görə, hazırda Taleh Bağırzadə və tərəfdarları onlara qarşı irəli sürülmüş və faktlara əsaslanan ciddi ittihamları təkzib etməkdə aciz görünürlər və məsələni siyasiləşdirməyə çaışırlar: "Taleh Bağırzadə məhkəmədəki emosional nitqini faktların təhrif olunması, ictimai rəylə manipulyasiya cəhdi üzərində qurur, özünü zərərçəkmiş və hüquqları tapdalanmış kimi qələmə verməyə çalışır. Ancaq hesab etmirəm ki belə cəhdlərlə o, nəyəsə nail ola bilsin. Əminəm ki, Azərbaycan məhkəməsi dövlətin hüquqi əsaslarını sarsıtmağa çalışan, cəmiyyətdə sabitliyi və təhlükəsizliyi pozaraq Azərbaycanı Suriyaya, Liviyaya, İraqa çevirməğa uğursuz cəhd göstərən bu qara qüvvələrin əməllərinə layiqli qiymət verəcək".

"Əli günahsız insanların qanına batıb"

QHT rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Taleh Bağırzadə günahsız Nardaran sakinlərini təsir altında saxlayan, qəsəbəni orta əsr istehkamına çevirmək və onu cəmiyyətdən ayırmağa çalışan və bütün bunları din pərdəsi altında həyata keçirməyə cəhd göstərən cinayətkardır: "O, hansısa qüvvələrin əlində alətə çevrilərək günahsız insanların ölümünə səbəb olub, əli günahsız insanların qanına batıb. Bu baxımdan Taleh Bağırzadə məhkəmə qarşısında cavab verməlidir. Din insanların zəif yeridir. Taleh kimi şəxslər də məhz bu yoldan istifadə edərək nəyəsə nail olmağa çalışırlar. Dindən siyasi məqsədlər naminə istifadə etmək qəbul edilməzdir".

"Qarışıqlıq yaratmaq məqsədilə yetişdirilib"

Din xadimi Hacı Nemət Lətifov deyib ki, hər bir vətəndaşın borcu dövlətinə sadiq olub onun mənafeyini qorumaqdan ibarətdir: "Peyğəmbər (S.Ə.S) hədisində buyurur ki, "başınızdakına itaət tapşırığımdır". Taleh Bağırzadə kimiləri müəyyən qüvvələr tərəfindən Azərbaycanda qarışıqlıq yaratmaq məqsədilə yetişdirilib. Cəmiyyətimizin din aclığından istifadə edən həmin qüvvələr məhz bu yoldan istifadə etməklə öz çirkin əməllərini həyata keçirmək istəyirlər. Onlar bilir ki, cəmiyyəti başqa yolla ələ almaq mümkün deyil. Həmin şəxslər onları himayə edən qüvvələrə arxalanaraq bu cür addımlar atmağa cəhd edirlər. Onlar Azərbaycan vətəndaşı olmağa layiq deyillər. Çünki, Azərbaycanda yaşayan hər bir kəs öz dövlətini sevməlidir. Ölkəmizdə tolerant mühit var, burada müxtəlif dinə sitayiş edənlər azad, mehribançılıq şəraitində yaşayır. Bunları qəbul etməyən kənar qüvvələr dindən istifadə edərək, vətəndaşları qarşı-qarşıya qoyaraq müəyyən güc sahibi olmağa çalışırlar. Bu, şəriət baxımından da haram və günahdır".