Türkiyə ilə Rusiya arasında Əsəd razılaşması Siyasət

Türkiyə ilə Rusiya arasında Əsəd razılaşması

Ümit Yardım: "Ankara Əsədin danışıqlarda iştirakını mümkün sayır"

"Türkiyə Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək üçün münaqişə tərəfləri ilə əlaqədədir".
Bunu Türkiyənin Rusiya Federasiyasındakı səfiri Ümit Yardım dünən "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə bu münaqişənin həllinə olduqca böyük önəm verir. Biz çalışırıq ki, öz səviyyəmizdə münaqişə tərəfləri ilə dialoq quraq", - deyə türkiyəli diplomat qeyd edib.
Ümit Yardım Suriya böhranının həlli ilə bağlı razılaşmanın detallarını da açıqlayıb və bildirib ki, Ankara Suriya ilə bağlı danışıqlar prosesində hazırki ölkə rəhbərliyinin iştirakını mümkün hesab edir: "Biz istəyirik ki, Suriya mövcud sərhədləri çərçivəsində vahid və dünyəvi dövlət kimi qalsın. Bu, təkcə Türkiyənin mövqeyi deyil, praktiki olaraq, bütün ölkələrin mövqeyidir. O cümlədən, istəyirik ki, Suriyadakı mövcud siyasi rəhbərlik danışıqlar prosesində iştirak etsin".
O deyib ki, Rusiya və Türkiyənin Suriya ilə bağlı müxtəlif fikirləri ola bilər: "Bir sıra məsələlərlə bağlı mövqelərimiz bir-birindən uzaq olar bilər. Lakin biz Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, vahid dövlət kimi qalmasında, siyasi strukturunun saxlanılmasında eyni fikirdəyik".
Səfirin fikrincə, artıq Suriya məsələsi üzrə ümumi mövqeyin tapılmasına başlamaq üçün vaxt itirmək olmaz.
Ümit Yardım Türkiyə və Rusiyanın yaxın günlərdə böhrandan çıxmaq üçünSuriya ilə bağlı məsləhətləşmələri fəallaşdıracağını da söyləyib: "Bu beynəlxalq regional münaqişəni bir görüşlə, bir danışıqla həll etmək mümkün deyil. Bu çox çətindir. Lakin biz avqustun 9-da razılaşdıq ki, Suriya ilə bağlı görüşlərimiz intensivləşəcək. Tərəflər bu görüşlərin bərpa olunması ilə bağlı istəklərini bildiriblər. Əmin edirəm ki, yaxın bir neçə gündə görəcəksiz ki, bu görüşlər necə aktivləşəcək. Bütün bu görüşlər bizim Suriya məsələsi ilə bağlı ümumi fikrə gələcəyimiz anı yaxınlaşdırır".