“Gülən hərəkatı heç bir halda Azərbaycanda uğur qazana bilməz” Siyasət

“Gülən hərəkatı heç bir halda Azərbaycanda uğur qazana bilməz”

Aydın Mirzəzadə: "Azərbaycanlıların müstəqil dövlət, müstəqil siyasət arzusunu ürəyindən silə bilməzlər"

Siyavuş Novruzov: "Təhdid yaranarsa bu təhlükənin aradan qaldırılması üçün gərəkli addımlar atılacaq"

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra fətullahçıların əslində dinlə bağlı olmadıqları, uzun illər boyu təşkilatlanaraq dövləti ələ keçirmək planlarının olduğu və "5-ci kolon" rolu oynadıqları ifşa edildi. Bəllidir ki, gülənçilər təkcə Tükiyədə deyil, bir çox ölkələrdə, eyni zamanda Azərbaycanda da fəaliyyət göstəriurlər. Onlar əsasən təhsil sisteminə daxil olmaqla özləri üçün zombi ordusu yaratmağa çalışır və öz yetirmələrini müxtəlif dövlət idarələrinə yerləşdirirlər. Qardaş ölkədəki olaylardan sonra Azərbaycanda da fəatullahçılların təsbit edilməsi və onlara qarşı sərt mübarizə aparılması zəruriyyətə çevrilib.
Millət vəkili, politoloq Aydın Mirzəzadə deyib ki, gülənçilər hər yerdə olduğu kimi Azərbaycanı da öz təsiri altına almağa çalışırlar: "Ancaq onların Azərbaycanda kök salması, Azərbaycanı öz təsiri altına alması qeyri-mümkündür". Deputat hesab edir ki, Gülən hərəkatı heç bir halda Azərbaycanda uğur qazana bilməz: "Azərbaycanlıların müstəqil dövlət, müstəqil siyasət arzusunu ürəyindən silə bilməzlər. Azərbaycanda 1993-cü ildən üzü bu yana mərhum prezident Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan güclü bir dövlət var. Bu baxımdan xaricdən hansısa bir hərəkatın, hansısa bir mərkəzin dövlət aparatına daxil olaraq, dövləti öz təsiri altına salması qeyri-mümkündur. Ayrı-ayrı epizodlar hələ onların Azərbaycanda təsir imkanlarına yiyələnməsi demək deyil".
A.Mirzəzadənin fikrincə, Gülən hərəkatı heç bir halda Azərbaycan müstəqilliyini ələ keçirə bilməzlər: "Bəlkə də Azərbaycanda Gülən tərəfdarları var. Amma bununla yanaşı Azərbaycanda güclü dövlət quruluşu var. Azərbaycan xalqının müstəqil dövlət arzusu kifayət qədər güclüdür".
Onun fikrincə, Azərbaycanda Gülən tərəfdarlarına qarşı həyata keçirilən əməliyyatlar və yaxın gələcəkdə bu əməliyyatların genişlənəcəyi iddiası ictimai rəydə ən çox müzakirə edilən məsələlərdən biridir: "Lakin bəzi siyasilər hesab edir ki, Azərbaycanda FETÖ rəsmi şəkildə, parlament tərəfindən terror təşkilatı kimi tanınmır və bu səbəbdən də Gülən şəbəkəsini terror təşkilatı adlandırmaq, bu adla hansısa həbslər aparmaq doğru deyil".
Millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, bizdə dini etiqad azadlığı haqqında qanun var: "Dini ekstremizmə qarşı mübarizə haqqında qanun da mövcuddur. Bu qanunlardan kənar hansısa dini təşkilat fəaliyyət göstərirsə, o zaman qanunun aliliyi tətbiq edilir və həmin şəxs və qurumlar qanun qarşısında cavab verir. Ölkə daxilində belə bir fəaliyyə varsa, bu, Azərbaycanın qanunları ilə tənzimlənir. Ölkə xaricində isə bu cür hallarla bağlı həmin ölkələrin XİN-ləri və beynəlxalq konvensiyalar səviyəsində tədbirlər görülür. Əgər Azərbaycanın konstitusyon quruluşuna, dünyəvi-demokratik dəyərlərinə təhdid yaranarsa, o zaman Azərbaycan xalqı və Azərbaycan prezidentinin dəstəyi, eləcə də hüquq-mühafizə orqanlarının köməyi ilə YAP bu təhlükənin aradan qaldırılması üçün bütün gərəkli addımları atacaq".