Çalışmalıyıq ki, islahatlar yuxarıdan, tədriclə həyata keçirilsin Siyasət

Çalışmalıyıq ki, islahatlar yuxarıdan, tədriclə həyata keçirilsin

Qüdrət Həsənquliyev: "Azərbaycan Qarabağ naminə Gömrük İttifaqına üzv ola bilər, ancaq şərtlə..."
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə prezident seçkilərindən sonra, demək olar ki, geniş müsahibəmiz olmamışdı. Ona görə də Azərbaycanın daxili problemləri, qanunların sərtləşdirməsi istiqamətində növbəti addımların atılması, ölkəmizə Rusiya təhlükəsi, siyasi məhbuslar və digər məsələlərdən bəhs edilən söhbətimizdə öncə seçki debatları ilə əlaqəli suala cavab istədik:

- Qüdrət bəy, teledebatlardakı sərt polemikalardan sonra Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə üz-üzə gəlibsinizmi, hal-əhval tutduğunuz olubmu?

- Bəli, bir dəfə yas yerində üz-üzə gəlmişik. Fazil bəylə birgə yas mağarına girirdik. Cəmil müəllim də ordan çıxırdı, görüşdük. Mən Cəmil müəllimi bir alim kimi həmişə qiymətləndirmişəm. Debatlara diqqətlə qulaq asdınızsa, bir dəfə də onun şəxsiyyətinə toxunan söz demədim. Sadəcə olaraq biz orda rəqib idik, ona görə də müəyyən suallar ünvanlayırdıq. Çünki narazı elektoratın səsinə əsas iddiaçılardan biri də o idi. Cəmil müəllim həm İlham Əliyevin, həm də Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən yazıb. Mən sadəcə, bu sualları verdim.
Cəmil müəllim də bunun qarşılığında siyasi fəaliyyətimlə bağlı iradları var idisə, bunu deyə bilərdi, ancaq o şəxsiyyətə hücum etdi, bu da xoşagəlməz hal idi. Cəmil müəllim düzgün taktika seçsəydi, o, Milli Şuranın namizədi kimi daha çox səs qazana bilərdi. Qalib gəlmək şansı yox idi. O zaman da demişdim ki, içi mən qarışıq heç kimin bu seçkidə iqtidarın nümayəndəsini udmaq şansı son dərəcə məhdud idi. Amma bir ziyalı kimi barışdırıcı mövqe qoysaydı, daha çox səs toplaya bilərdi. Cəmil müəllim isə daha radikal mövqe sərgilədi, özünü cəmiyyətə inqilabçı kimi təqdim etdi. İnsanlar artıq inqilablardan qorxurlar və görürlər ki, inqilablar xalqlara çox hallarda xoşbəxtlik yox, bədbəxtlik, parçalanma gətirir. Cəmil müəllim narazı elektoratın bir hissəsini də özünün yersiz radikallığı ilə bu iqtidara dəstək verməyə yönəltdi.

- Milli Məclisin son iclasında toplaşma ilə bağlı məhdudiyyətlərin tətbiq olunması, cəzanın ağırlaşdırılması barədə qərar verildi. Hazırkı situasiyada buna zərurət var idimi?

- Ümumiyyətlə, bizim Cinayət Məcəlləsinə bu maddə düzgün daxil edilməyib. Özü də toplanma qaydalarını pozma bölməsinə daxil edilib. Toplaşmaq hüququ konstitusion hüquqdur. Bu, vətəndaşların konstitusion hüquqlarına qarşı olan cinayətlər fəslində yerləşdirilib. Əslində toplaşma hüquqdan istifadə konstitusion hüquqdan istifadə etməkdir. Əgər onun qaydası pozulubsa, bu, hələ konstitusion hüquqa qarşı çıxmaq demək deyil. Bunun üçün inzibati qaydada məsuliyyətə də cəlb etmək olardı. Toplaşma qaydalarını pozmaqla bağlı norma ümumiyyətlə, Cinayət Məcəlləsindən çıxarılmalı və cinayət hüquqi qaydada təqib olunmamalıdır. Əvvəl toplaşma qaydasını pozan şəxsə qarşı cinayət işi qaldırılırdısa, iki gün müddətində ona ya təqsirlilik elan olunmalı, cinayət məsuliyyətinə cəlb olunmalı və ya azad edilməli idi. İndi belə etdilər ki, tutulanların sayı çox olarsa, yaxud iş mürəkkəb olarsa, bu zaman məhkəmənin qərarı ilə 48 saat növbəti 48 saat müddətinədək uzadıla bilər. Yəni 2 sutka 4 sutka oldu. Mən bunun əleyhinəyəm. Əvvəla, 169-cu maddə ağır cinayət deyil. İkincisi, bu, alternativ sanksiyalıdır. Yəni burada cərimə də var, islahetmə işləri də, azadlıqdan məhrum etmə cəzası da. Ümumiyyətlə, alternativ sanksiyalı əməllərə görə həbs qətimkan tədbiri seçilməməlidir. Bəlkə məhkəmə sabah buna cərimə kəsəcək, ya islah işi cəzası verəcək, onu həbs etməyin mənası nədir? Ağır cinayətlərlə bağlı verilən sərt qərar başadüşüləndir. Amma toplaşma qaydasını pozmaya görə cinayət məsuliyyəti aradan qaldırılmalıdır.

- Qanunların sərtləşdirilməsinə gedilməsi hansı fəsadlara gətirib çıxara bilər?

- Hökumət bir sıra hallarda əsas verir ki, həm beynəlxalq təşkilatlar Azərbaycanı tənqid etsin, adını qara siyahılara salsın, həm də Azərbaycanın bədxahları bundan yararlansın. Ona görə də mən Milli Məclisdəki çıxışımda da dedim ki, biz bu cür bəhanələri, əsasları verməməliyik.

- Azərbaycanda Rusiyameyilli qüvvələr milli maraqlarımıza nə qədər təhlükə yaradır?

- Çox təhlükəlidir. Biz hətta prezident seçkilərində də gördük ki, hakimiyyət naminə özünü milli azadlıq hərəkatının fəalları kimi görənlərin insanların da çoxu hakimiyyətə gəlmək naminə Rusiyanın Rüstəm İbrahimbəyov layihəsinə açıqdan-açığa dəstək verdilər. Açıq və obyektiv demək lazımdı ki, bu mənada Müsavat özünün narahatlıqlarını cəmiyyətə hiss etdirdi. Mən bir çox hallarda Pənah Hüseyni kəskin tənqid etsəm də, Rauf Arifoğlunun fəaliyyətinə bir çox hallarda tənqidi münasibətim olsa da, ən azından bu insanlar və cəmiyyətin xüsusilə də milli azadlıq düşərgəsində fəal olmuş insanları düşünməyə vadar edən açıqlamalar verdilər. Məsələn, Pənah Hüseyn dedi biz ilk dəfədir ki, başqasını layihəsində yer alırıq. Bunlar ciddi açıqlamalar idi və açığı, bu açıqlamalar da təsirsiz keçmədi. Obyektivlik naminə bunu qiymətləndirmək lazımdır. Amma o düşərgədə olan insanların çoxu mənə etiraf da ediblər ki, "bəli, biz o layihəyə ona görə dəstək verdik ki, Rusiyadan ciddi dəstək gözləyirdik". Onlar "Milyarderlər İttifaqı"ndan maliyyə dəstəyi gözləyirdilər. Bundan başqa Putinin Azərbaycana səfərinə qədər bir fikir yayılmışdı ki, Putinlə İlham Əliyev arasındakı münasibətlərdə bir sərinlik var...

- O zaman fərqli bir situasiya idi. Bəs bu gün münasibətlər hansı səviyyədədir?

- Putinin səfərindən sonra Rusiya-Azərbaycan münasibətlərində bir az istiləşmə hiss olundu. Amma Ukraynanın ərzi bütövlüyü məsələsində sözsüz ki, Azərbaycan haqlı olaraq beynəlxalq hüquqa söykənən bir mövqe ortaya qoydu. Həm də Qarabağ məsələsi bizi belə bir mövqe sərgiləməyə vadar edir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməli idik, bunun əksi Azərbaycan üçün faciə olardı. Bundan sonra sözsüz ki, Rusiyanın Kremlə yaxın bəzi politoloqları, siyasətçilər, partiya sədrləri Azərbaycanı hədələyən bəzi təhdid bəyanatları verirlər. Eyni zamanda burada yenidən Rusiyaya bağlı qüvvələr, hansı ki, Putinin səfərindən sonra onlara tapşırıq verildi, susdular, yenidən artıq fəallaşmağa başladı. Rusiya hiss etsə ki, onun Azərbaycan hakimiyyətini dəyişmək imkanları var, bu imkandan mütləq yararlanacaq. Amma Rusiya da hələlik vəziyyətlə barışır və bilir ki, onu müdafiə edəcək, hakimiyyət naminə Moskvaya dəstək verəcək və "təki bunlar getsin, kim gəlir-gəlsin" yanaşmasını ortaya qoyanların Azərbaycanda hakimiyyəti dəyişmək imkanı yoxdur.

- Amma Rusiyanın Azərbaycanı bütövlükdə ələ keçirmək planı da var.

- Bəli, bu plan həmişə olub. Çünki Rusiya özünün imperiya iddialarından heç vaxt geri durmayıb. Azərbaycan indi Rusiya, Türkiyə, İran, NATO, Avropa Birliyi ilə eyni məsafədədir. Mən ilk gündən Azərbaycanın Qoşulmayanlar Hərəkatına qatılmasını yanlış siyasət adlandırmışam. Bəyan etmişdim ki, ibtidai icma quruluşundan bu günə qədər müharibə vəziyyətində olan, müharibə aparan ölkə özünə müttəfiqlər axtarıb. Hətta güclü ölkələrin dəstəyini almaq üçün bəzən suveren hüquqlarından da güzəştlərə gedilib. Bizim Avropadan Qarabağ məsələsində dəstək gözləməyimiz yersizdir. Çünki bir xristian həmrəyliyi məsələsi var. Həm də erməni diasporu Fransada, Amerikada çox güclüdür. Həmin ölkələr onu da nəzərə alır ki, Rusiya da Ermənistanın hərbi-siyasi müttəfiqidir. Ona görə bizim onların dəstəyini alaraq bu problemi danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək imkanlarımız yoxdur. Biz ya NATO-ya doğru seçim etməliyik, ya da Rusiya ilə bir yerdə olmalıyıq. NATO-ya üzvlüyümüz və qurumun bizi qəbul etməsi hazırda çox müşkül məsələdir. Mövcud reallıqda biz ya hər şeyi gözümüzün önünə alıb müharibə etməliyik, ya da Rusiya ilə dil tapıb Qarabağ məsələsini həll etməliyik. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsini həll etmək üçün Rusiya ilə danışıb hətta Gömrük İttifaqına, Avrasiya İttifaqına da üzv ola bilər. Mən Qarabağ naminə bunu mümkün sayıram.

- Əminsinizmi ki, o halda Qarabağ Azərbaycana qaytarılacaq?

- Yox. Mən o dərəcədə sadəlövh insan deyiləm ki, deyəm müvafiq sənədlər imzalanmadan, təminatlar verilmədən Azərbaycan gedib bu quruma qatılsın. O sənədlərdə birbaşa əksini tapmalıdır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ problemi yalnız ərazi bütövlüyümüz çərçivəsində həll olunmalıdır. Orda Rusiya ilə Azərbaycan arasında ikitərəfli bəzi sazişlər imzalanmalı və orada da konkret müddətlər qoyulmalıdır. Biz bunları paralel etməliyik. Rusiya ilə danışıqların şərtləri bu olmalıdır ki, biz buna gedə bilərik, amma siz necə ki, bu gün Ukraynadan bəzi məsələləri tələb edirsiniz, Ermənistanın da qarşısına tələblər qoymalısınız. Bu olmayacaqsa, sözsüz ki, Azərbaycan nə Avrasiya İttifaqında, nə də Gömrük İttifaqında olmalıdır.

- Azərbaycanda son vaxtlar harın məmurlar və onların övladları mövzusu çox aktualdır. Siz ölkə rəhbərliyinin bu özbaşınalıqları durdurmaq üçün hansı addımlar atacağını gözləyirsiniz?

- Prezidentin son qəti tapşırıqları şübhəsiz ki, müsbət mənada dəyişikliyi hiss etdirir. Amma vəziyyət ciddi şəkildə dəyişməyəcək. Vəziyyətin köklü şəkildə dəyişməsi üçün ölkədə mütləq hüquqi islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyətini səlahiyyətləri genişləndirilməli, andlı iclaslar institutu tətbiq olunmalı, parlamentin səlahiyyətləri artırılmalıdır. Bizim kimi ölkələrdə köklü dəyişikliklərin yolu parlamentli respublikaya keçiddən ibarətdir. Biz hələ 2007-ci ildə bu layihəni təqdim edəndə hələ Gürcüstanda bu məsələ müzakirə olunmurdu. Artıq Gürcüstan parlamentli respublika idarəçiliyinə keçib, indi də Ermənistan hazırlaşır.

- Azərbaycanda hansısa hazırlıq varmı?

- Bir ara siyasi kuluarlarda söhbətlər gedirdi, amma sonra məsələ gündəmdən çıxarıldı. Bu da cəmiyyətin fəallığı ilə bağlıdır. İqtidar fikirləşir ki, əgər cəmiyyətdə bu istək yoxdursa, cəmiyyət indiki idarəetmə ilə razıdırsa, onda niyə özümə problem yaradım? Amma fikrimcə, əgər islahatlar güclü hökumət tərəfindən həyata keçirilirsə, bu, cəmiyyətdə kataklizmlərə səbəb olmur. Zəif hökumətin islahatlara getməsi isə hakimiyyətsizliyə, sabitliyin pozulmasına yol açır. Nə qədər ki, iqtidar güclüdür, islahatlara getməlidir. İndi ağac kəsilir, hamı gözləyir buna prezident münasibət bildirsin, yaxud qanunsuz ev tikilir, ev sökülür, buna da prezidentin münasibətini gözləyirlər. Dövlətin bütün strukturları işləməlidir. Bunun da yolu çoxpartiyalı sistemin inkişafından, siyasi sistemin güclənməsindən keçir. Azərbaycanda indiki siyasi sistem çox zəifdir, Rusiya, başqa dövlətlər də bunu bilir, ona görə də Azərbaycana təzyiq imkanları çoxdur. Azərbaycanda iqtidar və müxalifət düşünməlidir. Çalışmalıyıq ki, islahatlar yuxarıdan, tədriclə həyata keçirilsin. Amma vaxt itirmək də olmaz.

- Bu gün yenə də siyasi məhbuslar məsələsi var və həll olunmamış qalıb. Siz nə təklif edirsiniz?

- Qarşıdan həm Heydər Əliyevin doğum günü, həm Respublika Günü gəlir. Ən doğru addım olardı ki, - həm də bu gün Azərbaycan çox həssas dönəmə qədəm qoyub - bu ərəfədə milli barışığa yol açan amnistiya elan olunsun. NİDA-çılar, Tofiq Yaqublu və digərləri dərhal azadlığa buraxılmalıdır. Bundan sonra cəmiyyətdə həm dialoq, həm münasibətlərin sivil məcraya salınması üçün yeni imkanlar açıla bilər, bu imkanlardan da istifadə olunmalıdır. Biz 2015-ci ilin parlament seçkilərindən öncə ölkədə konstitusiya islahatları həyata keçirə bilərik. Tutaq ki, 2015-ci ilin martında yeni konstitusiya qəbul olunur, payızda yeni konstitusiyaya uyqun olaraq seçkilər keçirilir. Bu, mənim seçki platformama da daxil idi, biz Azərbaycanın gələcəyini bu cür görürük. Çox istərdik ki, bizim ideyalar geniş xalq kütlələri tərəfindən də dəstək qazansın, iqtidar da bu ideyalara dəstək versin, islahatlar həyata keçsin.

Elşad PAŞASOY