Prezidentlərin növbəti görüşü baş tutacaqmı? Siyasət

Prezidentlərin növbəti görüşü baş tutacaqmı?

İlqar Vəlizadə: "Danışıqlar prosesi ən mürəkkəb vəziyyətdə belə səngiməyib"

Məhəmməd Əsədullazadə: "Danışıqlar tükənib, müharibə qaçılmazdır"


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementinin olduğunu bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü istisna etməyən diplomat hər iki ölkənin XİN rəhbərlərinin Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklərinə ümid etdiyini qeyd edib.
Vyana və Sankt-Peterburq görüşlərindən sonra prezidentlər növbəti dəfə Fransanın paytaxtı Parisdə bir araya gəlməli idilər.
Politoloq İlqar Vəlizadə deyib ki, həmsədrlər öncə xarici işlər nazirlərinin, sonra isə prezidentlərin görüşünü planlaşdırmaqla birbaşa cəbhədə gedən proseslərə təsir etməyə çalışırlar.
Ekspert hazırda Dağlıq Qarabağ məsələsi üzrə proseslərin iki istiqamətdə inkişaf etdiyini bildirib:
"Birinci xətt rəsmi danışıqlar prosesi, ikinci xətt isə cəbhədəki real vəziyyətlə əlaqədardır. Hər iki istiqamətdə paralel iş aparılır. Danışıqlar prosesi ən mürəkkəb vəziyyətdə belə səngiməyib və müəyyən məsləhətləşmələr, konsultasiyalar aparılıb. Ancaq bu o demək deyil, bu proseslər digər müstəvidə, yəni cəbhə xəttindəki hərbi hazırlıqlara mane olub. Həmsədrlər öncə xarici işlər nazirlərinin, sonra isə prezidentlərin görüşünü planlaşdırmaqla birbaşa cəbhədə gedən proseslərə təsir etməyə çalışırlar. Bunun üçün müəyyən əsaslar var, ancaq bu əsaslar prezidentlərin görüşü üçün yetərli deyil. ATƏT-in Minsk Qrupu hazırkı kövrək şəraitdə məhz bu məqsədinə nail olmaq istəyir. Yəni söhbət mümkün yeni hərbi toqquşmaların qarşısı almaqdan gedir".
Politoloq bildirib ki, əsas prinsipial məsələlərdə razılığın olmaması üzündən planlaşdırılan görüşlər cəbhədəki real vəziyyətə təsir göstərməyəcək:
"Həm ATƏT-in Minsk Qrupu, həm də xarici işlər nazirləri hazırda götür-qoy edirlər ki, növbəti görüş bu və ya digər şəkildə məhsuldar keçsin. Ancaq belə bir vəziyyətdə hansısa nəticədən danışmaq çətindir. Hər şey qarşıdakı proseslərin inkişafından asılı olacaq.
Əgər xarici işlər nazirlərinin görüşündə gündəlikdə real məsələlər dayansa, onda ilin sonuna qədər prezidentlərin də görüşü olacaq. Əks təqdirdə, vəziyyət yenidən mürəkkəbləşəcək".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Qarabağ münaqişəsi ilə bağlı çox çətin bir situasiya yaşanmaqdadır. Beynəxalq güclər, xüsusən Minsk qrupu Azərbaycan hakimiyyətindən Qarabağda referendum keçirilməsi şərti ilə ətraf rayonların qaytarılmasını irəli sürür. Və münaqişənin həllini bu, şərtə bağlayırlar. Minsk qrupunun son səfərində həmsədr Urolikdən verilən açılama bunu göstərdi.
Qeyd etmək lazımdır ki, Qarabağda azərbaycanlılarsız referendum keçirilməsi müstəqilliyə razılıq verməkdi. Həmsədrlər Azərbaycanın buna razılıq verməyəcəyini çox gözəl başa düşürlər. Artıq Minsk qrupu münaqişəni uzatmaq üçün Ermənistanın bu variantı ilə danışıqları aparmağı planlaşdırır. İllərlə dava edən bu mənasız danışıqlarda dönüş yaratmaq və əsas diktə edən tərəf olmaq üçün Azərbaycan aprel ayında Ermənistan qoşunlarının təxribatçı hərəkətlərinə adekvat olaraq, çox ciddi sarsıdıcı zərbə vurdu. Müəyyən yüksəkliklər ələ keçirmiş oldu. Və, bu uğuru diplomatik danışıqlara keçirtdik. İlk aylar, Ermənistan hakimiyyəti kompromisə razılıq verdi, bir neçə ay diktə edən tərəf olduq. Gözləyirdik ki, Rusiya və ABŞ Minsk qrupu müəyyən irəliləyişlər əldə edərək, hətta Ermənistana təzyiq edərək, nəhayət problemin həllinə yaxınlaşacaq. Təəssüf ki, yay aylarında Rusiya prezidenti səviyyəsində keçrilən görüşlər və danışıqlar imitasiya xarakter daşıması ilə sonuclandı.
Avqustadan sonra danışıqların dayanması və Rusiyanın Ermənistana yeni silah partiyaları verərək, ermınilərin paradda güc nümayişi, həmçinin ABŞ-ın Ermənistanı kəşfiyyat xarakterli optik cihazlarla ön cəbhədə təchiz etməsi göstərdi ki, bu formatda aparılan danışıqlar vaxt uzatmaq və Ermənistanı silahlandırmaqla yekunlaşdı. Ermənistan rəhbərliyi arxayınlaşıb, hazırda mümkün danışıqları sabotaj etməkdədir. Rusiya və ABŞ Minsk qrupu çərçivəsində danışıqların uzadılmasına çalışmaqdadır. Minsk qrupunun amerikalı həmsədri Urolikinilin ilin sonuna qədər prezidentlərin görüşünü təşkil etməsini planlaşdırdıqlarını qeyd etdi. Urolik həmçinin Yerevanda Azərbaycanın maraqlarına cavab verməyən bəyanatı, Azərbaycanın hər hansı varianta razılıq verməsi barədə bəyanatı ilə danışıqlara kölgə salmış oldu: "Hesab edirəm, prezidentlərin görüşü üçün hazırda münaqişə ilə əlaqədar isti atmosfer yoxdur. Ermənistan heç bir güzəştə hazır deyil. Belə bir ortamda prezident İlam Əliyevin görüşə razılıq verməsi, diplomatik gedişdi. Və mənasız bir görüş xaratirinə görüşə qatılmayacaq. Belə bir mənasız görüşlər, yalnız Minsk qrupu və Ermənistan hakimiyyətinə sərf edir. Ermənistan rəhbərliyi danışıqlar naminə əhəmiyyətsiz görüşlərə qatılır ki, atəşkəs qorunsun və status-kvo davam etsin. Minsk qrupuda bununla işin bitmiş hesab etsin. Demək olar ki, danışıqlar tam tükənib, prezident İlham Əliyevin muxtar respublika şərtinə Ermənistandan müsbət açıqlama verilməməsi, müharibənin qaçılmaz olduğunu şərtləndirir. Ermənistanı və onun havadarını yenidən cəbhədə cəzalandırmaqla, müəyyən rayonları geri almaq lazımdır ki, güzəştə hazır olsunlar. Rusiya düşdüyü indiki məqamda Qarabağda savaşın başlanmasını arzulamır. Rusiya, Suriya və Ukraynada yaşanan problemlərlə üz-üzədir. Cənubi Qafqazda yeni alovlanan müharibə, Rusiyanın geosiyasi maraqlarına cavab vermir. Müharibə başlayarsa, Rusiya mümkün qədər Ermənistanı güzəştə cəlb edə bilər. Yenidən cəbhədə hərbi əməliyyatlar bərpa oluna bilər".