Əli Kərimli Milli Şuranı dağıdır Siyasət

Əli Kərimli Milli Şuranı dağıdır

AXCP-nin qurumu öz maraqlarının girovuna çevirməsi yeni istefalara rəvac verib
Leyla Əliyeva: "Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir"

Milli Şuranın fəxri sədri, dramaturq Rüstəm İbrahimbəyov bəzi etiraflarda bulunub. Deyib ki, hələ Milli Şuranı yaradanda bildirdi ki, bu birləşmədə bir sünilik var. Yəni amorf bir qurumdur. Üstəlik 20 ildən bəri düşərgədəki ağrılı vəziyyəti, müxtəlif dedi-qoduları önə çəkib.
Amma Eldar Hamazovla hansısa şübhəli məqam, sirr var ki, onu açmaqdan imtina edib. Deyir, bu barədə danışmaq istəmir. Çünki onları qəbul etməyən qüvvələr bundan istifadə edir. Görünür, ciddi səbəblər var. Bu gün demək istəmir, amma təbii ki, nə zamansa onu da dilə gətirəcək. Hecə ki, 6 ay əvvəl Milli Şuranın bir-birinə əks siyasi qruplardan təşkil olunmuş əcaib formatını aylar sonra etiraf edir.
Ortada bir ittiham da var. Rüstəm İbrahimbəyov Eldar Hamazovdan danışanda fikri xeyli uzaqlara gedib, diqqət satqınlıq mövzusunun üstünə gəlib: "Hər halda hər partiyanın, hər şəxsin, hər qurumun öz mövqeyi var, əsas odur ki, satqınlıq olmasın. Mən inanıram ki, müxalifət daxilində səhvlərə yol verilir, amma satqınlıq o qədər də yoxdur. Çünki hərdən belə fikirlər səslənir ki, bu addımlar ona görə atılır ki, müxalifətin bir hissəsi satılıb. Bu, belə olsa idi, iqtidar bu ifadəni işlətməzdi. İqtidar nümayəndələri çıxışlarında deyirlər ki, müxalifət satqındır. Amma kimsə onlara satılsa idi, bunun üstünü açmaz, bu barədə danışmazdılar. Müxalifətdə səhvlər var və bu səhvlərə mütləq cavab da vermək lazımdır. Amma mən istəməzdim ki, bu, açıq tərzdə olsun. Çünki camaat bizim münasibətlərimizi izləyir və istəmirəm ki, bədbinlik yaransın".
Rüstəm İbrahimbəyovun fikri elə buradaca haçalanır və özünə də təskinlik vermək istəyir ki, ortada satqınlıq yox, səhvlər var.
Hər halda Eldar Hamazovun Milli Şuranı tərk etməsinin və qurumla bağlı müəyyən açıqlamalar verməsinin Rüstəm İbrahimbəyova nə dərəcədə təsir etdiyi ortadadır. Eldar Hamazovun ardınca daha bir "El" təmsilçisi - Mehdibəy Səfərov qurumu tərk etdi. "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin də qurumu tərk edəcəyi gözlənilir.
Milli Şuradan qopmalar isə təkcə Hamazovun əsabəsi ilə məhdudlaşmır. Dünən Milli Şuranın daha bir üzvü Leyla Əliyeva bu qurumdakı fəaliyyətini dayandırıb. O, bəyanat verib təşkilatdan çıxmağın tərəfdarı olmadığını desə də, qurumu tərk etməsinin səbəbləri barədə susmayıb.
Leyla Əliyeva istefasının səbəbi kimi Milli Şuranın son vaxtlar çox zəifləməsini göstərir: "Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra qurum zəiflədi. Sanki indi Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir".
Leyla Əliyeva vurğulayıb ki, Milli Şuranın zəif tərəfləri həmişə olub. Sadəcə, seçkiöncəsi dövrdə bu məqamlar o qədər də üzə çarpmayıb: "Aydın deyildi ki, Milli Şuraya qoşulan partiyalar bura nəyin əsasında gəlib. Əsas problem Milli Şuranın seçkidən sonra transformasiya olunmaması idi".
Milli Şura üzvü hesab edir ki, bu qurumda təmsil olunan şəxslərlə daim məsləhətləşmələr aparılmalı idi. O, bununla bağlı iradlarını Milli Şura rəhbərliyinə çatdırdığını da deyib.
Bu açıqlamanı səssiz-küysüz bəyanat kimi qəbul etmək sadəlövhlük olardı. Açıqlamanın məzmununda Milli Şuradakı acınacaqlı durumun təkcə təsvirləri əks olunmur, eyni zamanda qurumda bəlli birisinin siyasi ambisiyalarına, başqalarını özünün maraqlarının vasitəsinə çevirmək niyyətinə sərt etiraz var. Hecə ki, bir neçə gün əvvəl o etirazı Milli Şuranın digər keçmiş politoloq üzvü Zəfər Quliyev səsləndirmişdi. Söhbət AXCP-dən və onun sədri Əli Kərimlidən gedir.
Zəfər Quliyev Milli Şurada yaranan böhranlı vəziyyətə görə AXCP-nin məsuliyyət daşıdığını bildirərək, qurumda dominantlıq iddiasının, başqalarının maraqlarına qarşı addımın atılmasının bu birliyin missiyasını dağıtdığını söyləmişdi. Daha sonra Eldar Hamazov Əli Kərimlinin Milli Şuranı AXCP-nin əlavəsinə çevirmək niyyətlərini ifşa etmişdi.
İndi də Leyla Əliyeva Əli Kərimlinin Milli Şuranı uçurumun astanasına gətirdiyinə işarə edir. O, "Milli Şura bir partiyanın ətrafında birləşən hansısa qüvvələrdən ibarətdir" bəyanatını verib və aydın məsələdir ki, söhbət Əli Kərimlinin başının dəstəsindən gedir.
Müsavat Partiyası da bu səbəbdən qurumu tərk etmişdi. İsa Qəmbər yaxşı başa düşürdü ki, Əli Kərimli bir vaxtlar AXCP sədrinin müavini olmuş Cəmil Həsənlini qurumun başına gətirməklə, Milli Şuranı öz maraqlarını girovuna çevirməyə çalışır.
AMDP də bu reallığı diqqətə alaraq, Milli Şura ilə vidalaşdı və Əli Kərimli ilə sonuncu bağlantı kimi qalan Qələndər Muxtarlının partiyadan xaric olunması barədə qərar çıxardı.
Hələ ötən sessiyada Sülhəddin Əkbər də Milli Şurada Əli Kərimlinin dominantlıq cəhdlərini qəbul etməyəcəklərini bildirmişdi.
Mətbuata çıxan istfelardan başqa ar edib qurumun fəaliyyətinə xitam veriləcəyi günü səbirsizliklə göxləyənlər də az deyil. Hətta Əli Kərimlinin şantajı ilə üzləşəcəyindən ehtiyat edənlər də varmış...
Amma cidanı çuvalda gizdətmək də mümkün deyil. Milli Şurada AXCP-yə qarşı bir qəzəb var. Gec-tez püskürəcək. Gedənlərin açıqlamaları bunun bəlirtiləridir.
CƏMİL