Milli Məclisin plenar iclası keçirilib Siyasət

Milli Məclisin plenar iclası keçirilib

Bir sıra qanun layihələrinə dəyişikliklər edilib

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanla bir sıra xarici ölkələr arasındakı beynəlxalq sazişlərin təsdiq edilməsi və bir neçə qanun layihələrinə dəyişiklik nəzərdə tutulub. İclasın gündəliyinə 27 məsələ daxil edilib.
Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Dini etiqad azadlığı haqqında" qanuna. "Kütləvi İnformasiya Vasitələri haqqında", "Televiziya və Radio yayımı haqqında", "İctimai Televiziya və Radio yayımı haqqında", "Telekommunikasiya haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Yol hərəkəti haqqında", "Avtomobil yolları haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında" qanuna, Gömrük Məcəlləsində dəyişiklik, "Kredit Büroları haqqında", "Məktəbəqədər Təhsil haqqında" qanun layihəsi müzakirə olunub.
Bundan başqa "Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 21-ci tərəflər konfransı zamanı qəbul edilmiş Paris sazişinin təsdiq edilməsi haqqında" qanun layihəsinin təsdiqi,
"Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini haqqında əməkdaşlıq sazişinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında", "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsinə baxılıb.
Milli Məclisin plenar iclasından iki məsələ isə gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov bildirib ki, qərar komitə sədrləri ilə razılıq əsasında qəbul edilib. Onun sözlərinə görə, gündəlikdə nəzərdə tutulan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək
Əsas müzakirə isə "Dini etiqad azadlığı haqqında" qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər zamanı olub.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.
Deputat Fazil Mustafa deyib ki, xaricdən sifariş almaq təhlükəlidir: "Bu gün ölkədə bununla bağlı real təhlükə var". Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır. "Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil".
Siyavuş Novruzov bildirib ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin də qarşısını alacaq: "Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid fəaliyyət göstərir ki, bunun da 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200-ü həmin məscidlərdə çalışır. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir. Azərbaycan öz dini mütəxəssislərindən istifadə etməlidir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq".
Deputat bildirib ki, bu detalların hamısı 11 qanunda öz əksini tapıb: "Burada Fazil Mustafanın qaldırdığı məsələlərin əksəriyyəti var. Bizim təqdim edəcəyimiz "Dini etiqad azadlığı haqqında" qanunda da göstərilib ki, dini qurumlar hansı hallarda ləğv edilə bilər. Əgər hansısa qurum dini ekstrimizimlə məşğul olursa, onun fəaliyyəti avtomatik olaraq ləğv olunur. Bütün bunlar bizim qanun layihələrində var.
Qanunvericilikdə də göstərilib ki, informasiyalar hansı miqdarda hansı hallarda hansı formada gedə bilər. Əks halda onların fəaliyyəti dayandırılacaq".
Deputat Qənirə Paşayeva deyib ki, bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb: "Sadəcə bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünyanın bir çox ölkəsi cəhənmnəmə çevrilib. Mən elə bu günlərdə kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Bildirdilər ki, burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O deyib ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dəstək verəcək, yanımızda olacaq".
Qənirə Paşayeva bildirib ki, Azərbaycan bundan sonra da Kərkükdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. "Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanın müvafiq qurumları bu istiqamətdə fəaliyyət göstərir. Ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq".
Deputat onu da əlavə edib ki, dini ekstremizmin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: "Bu yolla maarifləndirmə işi aparılmalıdır".
Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyib. O xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşma zərurətindən bəhs edib.
Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər. "Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər".
Milli Məclis sədrinin müavini Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
Deputat Zahid Oruc həmçinin nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsinin vacibliyinə toxunub.
Siyavuş Novruzov isə deyib ki, nəzir qutularından o qədər də vəsait toplanmır: "Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir". O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir. Siyavuş Novruzov dini icmaların fəaliyyətinə də toxunub. Deputat bildirib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: "Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki onların fəaliyyəti dayandırılsın".
Deputat Elmira Axundova da Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı çıxış edib. Elmira Axundova bildirib ki, dini radikalizm, dini fanatizmlə əlaqəli bir çox qanunlara dəyişikliyin müzakirəyə çıxarılması günün tələbidir: "Dünyada və regionda baş verən proseslər fonunda bu addımların atılması, dini radikalizmlə mübarizənin sərtləşdirilməsi labüddür. Əgər yadınızdadırsa, biz hələ bir müddət əvvəl ictimai yerlərə girişlərin, yəni metro, teatr, ali məktəb, ticarət mərkəzlərinin metalaxtaran qurğularla təchiz olunmasını təklif etmişdik. Tədricən bu proses bəzi ictimai yerlərdə başlayıb. Yenə təkrar edirəm ki, qanunvericilikdə edilən dəyişikliklərlə yanaşı qeyd etdiyim həmin məsələnin daha sürəltə icrasına başlamaq lazımdır".
Deputat Fəzail Ağamalı deyib ki, Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: "Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır".
Deputat Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: "Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi. Sabah Azərbaycanın ərazi bütövlüyünə, Konstitusiyasına və qanunlarına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək? Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmət edirlər. Gərək biz bundan yaralanaq. Çünki Ermənistan rəhbərliyi Ələkrəm Hümmətov, Fəxrəddin Abbasov və digərlərindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, Konstitusiyanı tanıyan və xalqımıza qarşı cinayətlərdə iştirak etməyən, hadisələrə görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik. Əgər Azərbaycan bəyan edibsə ki, biz muxtariyyətə razıyıq, biz səngərdə olan əsgərlərə də bunu çatdırmalıyıq".
Deputat Hikmət Babaoğlu bildirib ki, "Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin bəyannaməsinin təsdiq edilməsi haqqında" sənəd olduqca tarixi sənəddir: "Bəyənnamədə Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, qonşu ölkələrlə bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq məsələləri öz əksini tapıb". Millət vəkilinin sözlərinə görə, sözügedən bəyənnamə Azərbaycan prezidentinin regionda yaratdığı yeni şərtlərin nəticəsi olaraq meydana çıxıb. Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı irəliləyişlərin olduğunu deyən millət vəkili söyləyib ki, bəyənnamə məsələnin həllində önəmlidir: "Artıq bu yaxınlarda da bəyan edildi ki, Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı tərəflər razılığa gəlib. Bu gün sözügedən sənədin qəbulu Xəzərlə bağlı məsələlərin həllində böyük əhəmiyyətə malik olacaq. Bundan əlavə, sənəddə terrorizmlə mübarizə məsələləri, Xəzər dənizinin sülh dənizi olması, eləcə də Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizlik məsələlərində bərabər addımlar atması yer alıb ki, bu da ölkəmizin millli maraqlarına cavab verir. Bu baxımdan bəyannamə siyasi mövzu etibarı ilə mühümdür".