“Ankara Suriyanın şimalında məqsədinə çatıb” Siyasət

“Ankara Suriyanın şimalında məqsədinə çatıb”

Mete Çubukçu: "Suriyada Türkiyənin ABŞ-la olan münasibətləri Rusiya ilə olan münasibətlərindən daha gərgindir"

Türkiyənin NTV telekanalının siyasət və diplomatiya məsələləri üzrə aparıcısı və təhlilçisi Mete Çubukçunun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Siz prosesləri yerində izləyən jurnalist-təhlilçisiniz. İŞİD-in Mosuldan çıxarılması əməliyyatına paralel olaraq Rakkada əməliyyata başlanmasını necə dəyərləndirirsiniz? SuriyaDemokratik Qüvvələri ilə keçirilən əməliyyatların o biri cihadçı qrupların Hələbdən qovulmasıyla eyni vaxta təsadüf etməsi nəyin təzahürüdür? Suriya və İraq terrorçulardan təmizlənirmi?

- ABŞ-ın Rakkanı bombalaması gözlənilirdi, daha çox ABŞ-dakı seçkilərlə bağlı idi. Əməliyyatın Suriya Demokratik Qüvvələri ilə birlikdə həyata keçirilməsi isə ABŞ-ın bölgədə PYD/YPG ilə əməkdaşlığa davam etdiyini göstərir. Daha əvvəl ABŞ Suriyanın şimalında kürdlərlə əməkdaşlıq edirdi, onun sayəsində PYD/YPG qüvvələri Türkiyə ilə sərhəd bölgəsində xeyli irəliləmişdilər. Ancaq Türkiyə müdaxilə etmək məcburiyyətində qaldı və YPG qüvvələrini böyük ölçüdə bölgədən kənarlaşdırmağa müvəffəq oldu. SuriyaDemokratik Qüvvələri adlı strukturun əsas hissəsi YPG-dən ibarət olduğuna görə, indi Türkiyə YPG-nin Rakkaya da girməsini istəmir, çünki o durumda Rakkanın demoqrafik strukturu da dəyişəcək. Bu əməliyyatların "Nusra" cihadçılarının Hələbdən sıxışdırılmasına paralel şəkildə həyata keçirilməsi də təsadüfi deyil; çünki Mosuldan çıxarılandan sonra İŞİD terrorçularının üz tutacaqları yerin Suriyada paytaxt saydıqları Rakka olaca. ABŞ həm də bunun qabağını almağa çalışır. Daha əvvəldən ABŞ-lA bəzi danışıqlar aparılmasına baxmayaraq, Türkiyə Rakka əməliyyatlarında yer almadı, əvəzində Suriyanın şimalındakı kürd qüvvələrinin oradan uzaqlaşdırılmasına nail oldu ki, Ankaranın hal-hazırda bölgədə istədiyi əsas məsələ də bu idi. Hazırda kürd qüvvələrini öz sərhədindən uzaqlaşdıra bilmiş Türkiyənin cəhdləri uğurlu sayıla bilər. Ancaq daha aşağılara enərək Suriyanın dərinliklərində əməliyyatlarda iştirak etməsi əvvəl çətin olduğu kimi, indiki şəraitdə də imkansız görünür.

- Hazırda sərhədin o tərəfində olan Türkiyə bəzi bölgələri nəzarətdə saxlamaqla kifayətlənəcəkmi?

- Sərhədin o tərəfində Türkiyə öz hədəfinə çatdı - "kürd dəhlizi" deyilən yolun açılmasına mane oldu. Hazırda 90 kilometrlik xəttin Türkiyənin nəzarətində olduğunu deyə bilərik. 20-25 kilometr dərində olan məsafəyə də nəzarət etmə imkanı var. Türkiyə aşağıda Əl-Baba qədər enmək istəyir, bununla bağlı durum gələcəkdə dəqiqləşəcək. Kürdlərin Kobane-Afrin arasındakı bölgədən çəkilərək ABŞ ilə birlikdə Rakkaya qarşı əməliyyatlarda iştirak etmələrinə Türkiyə müdaxilə edə bilmir ,ancaq bunu əngəlləmək üçün ABŞ-la hərbi və diplomatik səviyyədə danışıqları fasiləsiz şəkildə aparır. Orada hər şeyi sadəcə ABŞ-ın müəyyənləşdirdiyini deyə bilmərik, Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə Suriya dövlət ordusunun əməliyyatlarını nəzərdən qaçırmaq olmaz. Bölgədə daha geniş manevr imkanları əldə edə bilməsi üçün Türkiyənin Rusiya ilə anlaşması da əsas şərtlərdən biridir. Şimaldakı əməliyyatlarda Rusiyanın öz raket sistemlərini passivləşdirməsinin rolunu danmaq mümkün deyil.

- Bəs Rusiyanın orada qalmaq üçün maddi imkanları nə dərəcədə kifayət edəcək?

- Məncə, Suriyada istədiyi qədər qalması üçün Rusiyanın heç bir maddi sıxıntısı olmayacaq. Aralıq dənizində ikinci hərbi dəniz bazasının açılması və Hmeymemdəki bazanın öz vəzifəsini axsamadan yerinə yetirməsi bunu göstərir. Rusiya ilə münasibətlərin yenidən yaxşılaşması Türkiyəyə orada yeni manevr imkanları yaradır və prezident Putinin də buna soyuq baxmadığını görürük. İndi Türkiyə orada ABŞ ilə daha çox anlaşılmazlıq yaşayır. Məncə, Suriyada Türkiyənin ABŞ-la olan münasibətləri Rusiya ilə olan münasibətlərindən daha gərgindir ki, bunun da əsas səbəbini ABŞ-ın kürdlərlə olan əməkdaşlığa son qoymaması təşkil edir.

- Suriyanın şimalında cərəyan edən proseslərdə Türkiyənin böyük ölçüdə öz məqsədinə çatdığını dediniz. Bəs Mosulda? Oranın İŞİD-dən azad edilməsi prosesində də Türkiyənin kənarda qoyulduğu iddia edilir.

- Mövcud vəziyyətə baxanda Türkiyənin İraqda da öz hədəflərinə çatdığını görə bilirik. İŞİD-in Mosuldan çıxarılması üçün hazırlanan əməliyyatlarda Türkiyə şiə qüvvələrinin Mosula girməsini istəmirdi. Necə ki Mosulun İŞİD-dən indiyə qədər azad edilən bölgələrinə İraq ordusunun əsgərləri girdilər. Digər tərəfdən, Türkiyə PKK terror təşkilatının Sancar bölgəsinə yaxınlaşmamasını istəyirdi ki, buna da nail oldu. Türkiyənin Başikadakı hərbi təlim düşərgəsinin önəmli rolu olduğunu gördük. Məncə, Türkiyə indiyə qədər İraqda da qarşıya qoyduğu məqsədlərə nail olub. Mosulun İŞİD-dən tamamilə təmizlənməsindən sonra proseslər Suriyada cəmləşəcək ki, cənub sərhədlərini önəmli dərəcədə təmizləyən Türkiyənin o proseslərdə daha fəal şəkildə iştirak edəcəyinə ehtimal verə bilərik.