“Ermənistanın Rusiyanın forpostu olması bir sıra istiqamətlərdə özünü büruzə verir” Siyasət

“Ermənistanın Rusiyanın forpostu olması bir sıra istiqamətlərdə özünü büruzə verir”

Arzu Nağıyev: "Rusiya NATO ilə sərhədlərinin möhkəmləndirilməsi adı ilə burada olan qoşunlarının leqallaşdırılmasıyla məşğuldur"

Dünən Rusiya XİN açıqladı ki, Dağlıq Qarabağda silahlı insidentləri araşdırmaq mexanizminin ideya müəllifi Rusiyadır, bu, Azərbaycan və Ermənistan prezidentlərin 2011-ci il görüşündə təklif edilib. Ekspertlər sözügedən mexanizmi Ermənistanın maraqlarına xidmət edən amil kimi dəyərləndirir. Bəs Rusiya tərəfindən belə təşəbbüsün irəli sürülməsinin səbəbi nədir?
Bu məsələ ilə bağlı açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, Ermənistanın Rusiyanın forpostu olması bir sıra istiqamətlərdə özünü büruzə verir. Rusiya-Ermənistan birgə qoşunlarının yaradılması, silahlarla təchizat, Naxçıvan sərhədinə qoşunların çıxarılması, bunların hamısı iki dövlətin əlaqələrinin istiqamətlərini göstərir: "Düşünürəm ki, Rusiya NATO ilə sərhədlərinin möhkəmləndirilməsi adı ilə burada olan qoşunlarının leqallaşdırılması ilə məşğuldur. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında keçmiş SSRİ-nin birbaşa rolu olub. Əgər Rusiya bu gün özünü onların varisi kimi qələmə verirsə, hesab edirəm ki, münaqişənin həllində də müstəsna rol oynamalıdır".
A. Nağıyev qeyd edib ki, Qərb Rusiyanı dəfələrlə bu istiqamətdə işləməyə təhrik edib. Politoloq hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində addım atsa, sanksiyaların onun üzərindən götürülməsi gündəmə gələ bilər: "Rusiya bu gün regionda güc sahibinin kim olduğunu göstərməyə, KTMT-ni daha da gücləndirməyə çalışır. Rusiya NATO ilə sərhədlərini gücləndirməklə və burada yığılan silahlarla, nüfuzla Dağlıq Qarabağ münaqişəsi və münaqişələrə birbaşa təsir etməyə çalışır".
Arzu Nağıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin məhz dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüşündə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskiyə cavabının özü çox müsbət və təqdirəlayiq bir haldır. Onun sözlərinə görə, Azərbaycan reallığının, ölkəmizin KİV-lərində baş verən bütün proseslərin aydınlığı ilə birinci şəxs tərəfindən dünyanın aparıcı KİV rəhbələrinin təmsilçilərinə çatdırılması onlar üçün bəzi vaxt gözlənilməz olsa da çox müsbət reaksiya oldu: "Azərbaycan Prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşdə həm iqtisadi, siyasi, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu. Ölkə rəhbərinin Culian Asanjla bağlı gətirdiyi missal isə bu görüşün ən pik nöqtəsi idi. Hesab edirəm ki, bütün bu kimi kontekslərdə Azərbaycan Prezidenti çoxşaxəli, konrekt şəkildə Associated Press agentliyinin və digər aparıcı KİV rəhbərləri təmsilçilərini öz cavabı ilə razı saldı. Düşünürəm ki, bu istiqamətdə də addımların atılması məqsədə müvafiq olar".