Jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi qeyd olunub Siyasət

Jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mərhum jurnalistin həyat və yaradıcılığı haqda tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Tofiq Rüstəmovun Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafında müstəsna xidmətləri olub. "Tofiq müəllimin fəaliyyəti televiziya-radio jurnalistikası, tərcümə sənəti, ədəbi redaktənin tarixi, nəzəriyyəsi və təcrübəsi sahələrini əhatə edib" - deyə Əflatun Amaşov qeyd edib.
Veteran jurnalist Məzahir Süleymanzadə Tofiq Rüstəmov haqda xatirələrini bölüşüb. Məzahir Süleymanzadə deyib ki, Tofiq Rüstəmov 1998-ci il yanvarın 20-də dünyasını dəyişib: "Tofiq müəllim yanvarın 20-də dünyasını dəyişib, şəhidlərimizə qovuşdu. Xalqımızın başına gətirilən bəlalar onun vaxtsız ölümünə səbəb oldu".
BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli qeyd edib ki, Tofiq Rüstəmov ləyaqətli insan olmaqla bərabər, Azərbaycan jurnalistikasının, Azərbaycan pedaqogikasının, Azərbaycan tərcümə sənətinin brendi olub.
Qeyd edək ki, Tofiq Rüstəmov "Qızıl qələm", "Əməkdar mədəniyyət işçisi", "Ustad" Ali Jurnalistika mükafatları laureatıdır. O, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdirinin birinci müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. Tofiq Rüstəmov televiziya və radioda ictimai – siyasi verilişlər hazırlayıb, tərcümələr edib. Tofiq Rüstəmov tərcümə, televiziya və radio jurnalistikası kafedrasının yaradıcısı olub (1981), jurnalistika fakültəsinin dekanı (1979-1988) vəzifələrində çalışıb.