“Azərbaycanla Pakistan üç istiqamətdə razılığa gəlib“ Siyasət

“Azərbaycanla Pakistan üç istiqamətdə razılığa gəlib“

Dünən Bakıda baş tutan Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində tərəflər 3 əsas sahə üzrə razılığa gəlib. Bunu Pakistanın ticarət naziri Xurram Dastgir Xan bildirib.
Onun sözlərinə görə, tərəflər imtiyazlı şərtlər əsasında ticarətin aparılması ilə əlaqədar razılığa gəliblər: "Bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək".
Nazir əlavə edib ki, razılığa gəlinən əsas məsələlərdən biri də Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılmasıdır. "Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahəsində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur", - deyə o bildirib.
Onun sözlərinə görə, razılığa gəlinən digər məsələ isə viza rejiminin sadələşdirilməsidir ki, bu da bir çox sahəyə müsbət təsir edəcək.