“Xəzərdə baş verən hadisə təxribat da ola bilər” Siyasət

“Xəzərdə baş verən hadisə təxribat da ola bilər”

Qüdrət Həsənquliyev: "Bununla bağlı xüsusi komissiya yaratmalı, ya da parlament adından Baş Prokurorluğa müraciət etməliyik ki, gələcəkdə belə halların qarşısının alınması üçün dəqiq və ciddi addımlar atılsın"

"Ölkədə vergi yükünün çox olması barədə uzun müddətdir ki, mətbuatda müxtəlif ekspertlər, vergi mütəxəssisləri müzakirə açırlar və fikirlərini də kifayət qədər əsaslandırırlar. Bu səbəbdən də bir çox hallarda sahibkarlar vergi əməkdaşları ilə hansısa formada cinayət əlaqəsinə girməyə, vergi əməkdaşlarını yoldan çıxarmağa çalışırlar".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. O əlavə edib ki, bəzi hallarda rüşvət verməklə vergi ödəməkdən yayınmaq istəyirlər: "Mən düşünürəm ki, vergi yükünün azaldılması həm ölkədə sahibkarlığın inklişafına xidmət etmiş olar, həm də insanlar artıq vergidən yayınmaq barədə düşünməzlər. Hörmətli Fazil müəllim də burada iştirak edir, hesab edirəm ki, bu barədə düşünməliyik. Bundan başqa Azərbaycanda Sovet İttifaqı dağılanadək insanalar vergi ödəmirdilər. Vergini əsasən dövlət idarə, müəssisə və təşkilatları ödəyirdi. Buna görə də vətəndaşlarımızın vergi ödəmə vərdişləri yoxdur. Vergi mədəniyyəti çox önəmli bir məsələdir. Bu baxımdan öncə çalışmalıyıq ki, vətəndaşlarımız həm də bu mədəniyyətə yiyələnsinlər. Daha çox vergi ödəyən şəxslər xüsusi olaraq təltif edilsinlər və onlar təbliğ olunsunlar. Daha öncə qeyd etdiyim kimi, vergi yükünün azaldılması ilə buna nail ola bilərik. Eyni zamanda düşünürəm ki, ayrı-ayrı sahələri tamamilə vergidən azad etməməliyik. Bəlkə də müəyyən sahələrlə bağlı vergiləri azaltmaq olar. Bu da, zənnimcə simvolik xarajter daşımalıdır. Amma hər bir halda heç bir sahə vergidən tamamilə azad olunmamalıdır".

"İnsanlarda vergi ödəmək mədəniyyəti formalaşdırmaq lazımdır"

Millət vəkilinin fikrincə, vergidən tam azad olunanda insanlar vergi ödəməyə alışmırlar: "Sonradan, hətta fəaliyyət sferası dəyişəndən sonra da vergi ödəməyə alışmayan şəxs çalışır ki, vergidən yayınsın. İnsanlarda vergi ödəmək mədəniyyəti formalaşdırmaq üçün düşünürəm ki, vergi yükünün azaldılmasına ehtiyac var. Bununla həm vergidən yayınmanın qarşısını ala bilərik, həm insanları vergiyə cəlb etmiş olarıq, həm də mədəniyyət səviyyəsini yüksəltməklə büdcə gəlirlərini artıra bilərik.
İndi bizdə sənaye parkları var. Bu parklar vergidən 7 il müddətinə tamamilə azad olunublar. Hesab edirəm ki, onlar üçün az miqdarda olsa da belə vergi müəyyən olunmalıdır.
Başqa bir məqama da toxunmaq istəyirəm: Bəzi istiqamətlərlə bağlı vergi yükləri artırılır. Məsələn, xüsusilə bahalı avtomobillərin Azərbaycana gətirlməsini götürək. Onsuz da bu maşınları gətirənlər yetərincə vəsait ödəyirdilər. Vergi yükü artırıldığı halda bu avtomobillər ölkəyə gətirilməyəcək və təbii ki, büdcəyə əvvəlki səviyyədə də vəsaitlər ödənilməyəcək. Düşünmürəm ki qiymət artacağı təqdirdə büdcəyə əlavə vəsait cəlb edə bilərik. Digər tərəfdən onsuz da Azərbaycan avtomobil istehsal etmir. Daha doğrusu ölkədə müəyyən sayda ucuz avtomobillər istehsal olunur, amma bahalı avtomobillər istehssal olunmur. Bu barədə də düşünməyimizə ehtiyac var".

"Elə dövlətlərlə əhatə olumuşuq ki..."

Qüdrət Həsənquliyev çxışının sonunda Xəzərdə baş verən faciəyə də toxunub. BAXCP sədri qeyd edib ki, parlament bu məsələdə kənarda qalmamıdır: "Bilirsiniz ki, dekabrın 15-də Xəzər dənizində neftçilər itkin düşüblər. Bu bir il ərzində ikinci belə böyük hadisədir. Biz elə dövlətlərlə əhatə olumuşuq ki, onlar Azərbaycanın xarici siyasəti ilə barışa bilmirlər. Burada təxribatlar da ola bilər. Bəlkə də o estakadalar ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları tərəfindən zədələnib ki, kiçik bir külək olan zaman aşsın və yaxud hansısa qəzalar baş versin. Ona görə də təklif edirəm ki məsuliyyətsizliyə yol verilibsə, həmin şəxslər müəyyənləşdirməli və cəzalandırılmalıdır. Əgər xarici təxribat varsa o da aşkarlanmalıdır. Ona görə də ya parlament bununla bağlı xüsusi komissiya yaratmalı, ya da parlament adından Baş Prokurorluğa xüsusi müraciət etməliyik ki, gələcəkdə belə halların qarşısının alınması üçün dəqiq və ciddi addımlar atılsın. Mən həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm və hesab edirəm ki, bu məsələdə parlament də öz sözünü deməlidir".

"Ən pis variantları göz önünə almalıyıq"

Millət vəkili həmçinin "Hərbi vəziyyət haqqında" qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb. O özündən əvvəl çıxış edən deputat Azay Quliyevin fikirlərini tam dəstəklədiyini vurğulayıb: "Düşünürəm ki, Ermənistan vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşları kimi bizim bizim Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarımızı tanıyırlarsa, Azərbaycan qanunlarına tabedirlərsə, şübhəsiz ki, onlar hörmətə layiqdirlər. Hörmətli sədr, mən müzakirə olunan qanun layihəsi ilə əlaqədar olaraq ilk öncə qanun layihəsinin hazırlanmsında xidməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Doğrudan da gözəl qanun layihəsi hazırlanıb. Amma xüsusi əhəmiyyət daşıyan konseptual bir məsələ var. Bu da qanunun 6-cı maddəsi ilə bağlı olan məsələdir. Amma bütövlüklə hesab edirəm ki, qanun layihəsi son dərəcə ciddi əhəmiyyət daşıyır. Qanun layihəsində qeyd olunur ki, hərbi vəziyyət elan olunandan sonra prezidentin fərmanı təsdiq üçün 24 saat ərzində Milli Məclisə göndərilir və 48 saat ərzində də Milli Məclis buna baxmalıdır. Biz Milli Məclis olaraq ən pis variantları gözönünə almalıyıq. Qonşu Türkiyədə baş verən hadisələr, həm də Azərbaycanın coğrafi mövqeyi, o cümlədən müharibə vəziyyətində olmağımız bir daha təsdiq edir ki, Azərbaycan belə bir hansısa təcavüzlə üz-üzə qalanda bu müddətlər son dərəcə əlverişsizdir. Niyə? 24 saat - yəni bir sutka, bir gün, 48 saat - 2 gün də oradan, yəni 3 gün. Amma Azərbaycan ərazi baxımından kiçik dövlətdir, ölkənin bəzi sərhədlərindən paytaxta qədər tutaq ki hərbi texnika ilə hərəkət etmək üçün 4, maksimum 5 saat vaxt lazımdır. Digər tərəfdən Konstitusiyanın 111-ci maddəsində də qeyd olunur ki, prezident hərbi vəziyyət elan edir və 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verir. Mən diqqəti nəyə yönəltmək istəyirəm? Konstitusiyada qeyd olunmur ki, hərbi vəziyyətin elan olunması Milli Məclisdə təsdiq olunduqdan sonra qüvvəyə minir. Amma layihənin 6.3-cü maddəsində qeyd olunur ki, prezidentin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Bəlkə biz bu cümləni belə yazaq: Hərbi vəziyyət elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbayan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikə qüvvədən düşür. Niyə? Məsələn ölkə daxilində də bəzən elə bir hadisələr baş verə bilər ki, Milli Məclisi toplamaq olmaz. Məsələn, biz Türkiyədə gördük ki, bu ölkənin parlamentinin binasını bombaladılar və millət vəkillərinin toplanması ilə bağlı ciddi problemlər yaşandı. Belə olan halda nə baş verəcək?
Bu prinsipial məsələdir. Ona görə konseptual baxımından mən bunu birinci oxunuşda qaldırıram. Zənnimcə, layihədə qeyd olunmalıdır ki, Prezident fərman imzaladığı andan qüvvəyə minir. Amma 24 saat ərzində Milli Məclisə göndərir. Həmçinin qeyd oluna bilər ki, 48 saat ərzində Milli Məclis onu təsdiq etmədikdə bu qüvvədən düşür. Qeyd etdiyim kimi, ölkəmiz ərazi baxımından kiçikdir. Prezident oturub gözləsə ki, Milli Məclis fərmanı təsdiq etsin və yalnız bundan sonra silahlı qüvvələrə düşmənə müqavimət göstərmək barədə əmr versin, yaxud silahlı qüvvələrdən ölkə daxilində istifadə edilsin, düşünürəm ki, bu son dərəcə təhlükəlidir. Bizim silahlı birləşmələrimiz var, söhbət təkcə ordudan getmir. Tutaq ki, hansısa hərbi birləşmə dövlətə, konstitusion dövlət quruluşuna qarşı çıxdı. Bu halda gözləmək ki, nə vaxt fərman təsdiq olunacaq, prezidentin ali baş komandan kimi ordudan ölkə daxilndə istifadə etmək səlahiyyəti yaranacaq, bu dövlətçiliyimiz üçün də, ölkəmiz üçün də son dərəcə təhlükəlidir. "Fövqəladə vəziyyət haqqında" qanunda da düşünrəm ki, eyni məsələyə baxa bilərik. Konstitusiya bunu bizə qadağan eləmir. Yəni orada birbaşa göstəriş yoxdur ki, fərman təsdiq olunduqdan sonra qüvvəyə minsin.
Bu gün biz hərbi vəziyyət haqqında qanunun müzakirə edirik və təbii ki general həmkarımızın – Əliağa Hüseynovun 70 yaşının tamam olduğunu da unuda bilmərik. Cənab prezident də Əliağa müəllimi "Şöhrət" ordeni ilə təltif edib. Əlağa müəllimim təbrik edirəm, can sağlığı və uğurlar arzulayıram".