Ruhani Ermənistanı ruhlandırdı Siyasət

Ruhani Ermənistanı ruhlandırdı

İran prezidenti: "Bizim ölkələrimiz eyni mədəniyyət və sivilizasiyaya məxsusdurlar"

Fazil Mustafa: "İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur"

Biz Ermənistanı özümüzə dost ölkə hesab edirik və arzu edirik ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf etsin.
Bunu Ermənistanda səfərdə olan İran Prezidenti Həsən Ruhani erməni lider Serj Sərkisyanla görüşü zamanı söyləyib. Erməni lider Serj Sərkisyanla təkbətək, daha sonra isə geniş tərkibdə görüşən Ruhani Ermənistana səfər etməkdən məmnun olduğunu vurğulayıb: "Bizim ölkələrimiz eyni mədəniyyət və sivilizasiyaya məxsusdurlar. Hər iki ölkənin xalqlarının münasibətləri həmişə isti və dostluq şəraitində olub".
Ruhani Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyib.
İran prezidenti bildirib ki, həm Ermənistan, həm də Azərbaycan onlar üçün dost ölkələrdir: "Ümid edirik ki, bölgədə sülh və sabitliyin bərqərar olunmasının şahidi olacağıq. Bu bütün regionun xeyrinə olacaq. Bu məsələnin hərbi həlli yoxdur. Biz problemin sülh yolu ilə həll olunmasını görmək istərdik".
Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanla görüşü zamanı Araz çayının çirklənməsi problemini də qaldırıb: "Araz çayı bizim ümumi sərvətimizdir və onun çirklənməsi problemi bizi narahat edir".
İran prezidenti, həmçinin bu problemin həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.
Ruhanidən sonra çıxış edən Serj Sərkisyan İrəvanda iki ölkə arasında əldə olunan razılaşmaların İran-Ermənistan münasibətlərinə yeni impuls verəcəyini bildirib. O, Ruhani ilə görüşündə siyasi məsləhətləşmələr aparıldığını, energetika, nəqliyyat, kənd təsərüffatı, mədəniyyət, səhiyyə sahələrində məsələlərin müzakirə olunduğunu deyib.
Sərkisyan həmçinin Ruhaninin onu İrana dəvət etdiyini və 2017-ci ildə Tehrana səfər edəcəyini açıqlayıb.
Qeyd edək ki, İran prezidentinin Ermənistana səfərindən öncə hava limanında jurnalistlərə verdiyi açıqlama da diqqət çəkir. Ruhani vurğulayıb ki, İran Ermənistanla, eləcə də Qazaxıstan və Qırğızıstanla azad ticarət zonası yaratmaq barədə sazişlər imzalamaq istəyir: "Ermənistan üzərindən biz Qara dənizə çıxış əldə edə, daha sonra isə Qərbə, Avropa ölkələri ilə əlaqələrimizi genişləndirə bilərik".
Həsən Ruhaninin Ermənistana səfərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır.
O bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: "Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir".
Ruhaninin səfərini APA-ya şərh edən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa isə deyib ki, islam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Onun qənaətinə görə, İranın Ermənistanla münasibətləri istisnadır.
O bildirib ki, İranın bu siyasəti onun gerçək bir islam dövləti olmadığının sübutudur: "Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi İranın islama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı".
Fazil Mustafanın fikrincə, bütün hallarda İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir: "Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Həsən Ruhaninin Ermənistana səfərinə münasibətini açıqlayıb. ADP sədrinin sözlərinə görə, İran və Ermənistanı bir-birinə bağlayan onların strateji hədəfidir: "Bu ölkələr bölgədə güclü türk-Azərbaycan dövlətinin mövcud olmasından narahatdır".
Sərdar Cəlaloğlu vurğulayıb ki, İran Azərbaycanın güclənməsini özünə təhdid olaraq qəbul edir və qorxur: "Şimali Azərbaycan dövlətinin möhkəmlənməsi İranın gələcəyini təhdid edir. Çünki, orada 30 milyondan artıq azərbaycanlı yaşayır və Azərbaycan torpaqlarının böyük əksəriyyəti hazırda İranın sərhədləri daxilindədir. İstər-istəməz bu hal İranın gələcəyini şübhə altına alır. Çünki, bu birləşmiş vahid Azərbaycanın Qafqaz ölkələri arasında üstün gücə malik olmasına gətirib çıxara bilər. Bu isə nə İranın, nə Ermənistanın, nə də Gürcüstanın maraqlarına uyğun gəlir. Baxmayaraq ki, müxtəlif dinlərə qulluq edirlər bu strateji hədəf İran və Ermənistanı birləşdirir. Ona görə də İran və Ermənistan Azərbaycana münasibətdə strateji müttəfiqdir".
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə gəlincə, Sərdar Cəlaloğlu bildirib ki, bu səfərin məqsədi Azərbaycana siyasi mesaj verməyə hesablanıb: "Bu səfər Azərbaycana siyasi mesajdır. Ermənistanın İran üçün elə bir strateji əhəmiyyəti yoxdur. Əksinə Ermənistanın İrandan böyük asılılğı var. Bu gün Həsən Ruhani ora getməklə İsrail baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri, İsraillə bağlı apardığımız siyasətlə bağlı bir növ Azərbaycana siyasi mesaj vermək niyyətindədir".
Partiya sədri bildirib ki, İran İsrailin Azərbaycana silah satmasından narahatdır: "Bu, heç bir dövləti, o cümlədən İranı narahat etməməlidir. Azərbaycan istədiyi ölkədən silah ala bilər. İran üçün nə fərqi var? Bu silah İranda istehsal edilmirsə, İsrail onun silah bazarına daxil olmursa, ticarət nöqteyi-nəzərindən narahatlıq yaratmamlıdır. Onsuz da İran Azərbaycan silah satmır. Sadəcə İran ondan narahatdır ki, Azərbaycan İsrail əlaqələri ona qarşı istifadə edilə bilər. Yəni, narahatlıqları bur məsələdən qaynaqlanır".