“Nikolay Bordyujanın istefası tələb olunmalıdır” Siyasət

“Nikolay Bordyujanın istefası tələb olunmalıdır”

Elçin Mirzəbəyli: "Baş katibin bəyanatı təkcə Azərbaycanın deyil, həm də Belarus və Qazaxıstanın təhdid olunması kimi qiymətləndirilməlidir"

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat öncədən planlaşdırılıb və çox güman ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın xeyir-duası ilə həyata keçirilib. Məqsəd isə aydındır: Hərbi əməliyyatları Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan-Ermənistan sərhədlərinə keçirmək və bununla da KTMT-nin prosesə müdaxiləsi üçün əsas yaratmaq.
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli BayMedia-ya açıqlamasında belə deyib.
Elçin Mirzəbəyli qeyd edib ki, Dağlıq Qarabağ və işğal altında olan digər 7 rayon beynəlxalq birlik, o cümlədən KTMT-nin üzvü olan dövlətlər tərəfindən Azərbaycan əraziləri kimi tanınır və burada baş verən hər hansı bir hadisəyə KTMT-nin birbaşa müdaxilə etmək hüququ yoxdur:
"Kollektiv Təhlükəsizlik haqqında müqavilənin 4-cü bəndində qeyd olunur ki, "Əgər üzv ölkələrdən hər hansı biri təcavüzə (stabilliyi, təhlükəsizliyi, ərazi bütövlüyünü təhdid edən hərbi hücuma) məruz qalarsa, o zaman bu, üzv dövlətlər tərəfindən bu müqaviləyə qoşulan bütün dövlətlərə qarşı təcavüz (stabilliyi, təhlükəsizliyi, ərazi bütövlüyünü təhdid edən hərbi hücum) kimi qiymətləndiriləcək". Göründüyü kimi, Ermənistan-Azərbaycan münaqişəsi yalnız bir halda KTMT-nin müdaxiləsi üçün əsas yarada bilər – Əgər münaqişə Azərbaycan-Ermənistan sərhədlərində baş verərsə...
Lakin Kollektiv Təhlükəsizlik haqqında müqavilədə yer alan müddəaların və bu müddəalarda BMT Nizamnaməsinə edilən istinadların yaratdığı fərqli hüquqi reallıqlar da var.
Kollektiv Təhlükəsizlik haqqında müqavilənin 4-cü bəndində BMT Nizamnaməsinin 51-ci müddəasına istinad olunur. 51-ci maddə üzv dövlətlərə fərdi və kollektiv özünümüdafiə hüququ verir. Amma bu hüquq heç də Ermənistanın və KTMT-nın başından böyük qələt etməyə alışmış baş katibi Nikolay Bordyujanın sərsəmləmələrində təqdim olunduğu kimi əzələ nümayişinə əsas yaratmır. Azərbaycanla Ermənistan arasında baş verə biləcək hər hansı bir hərbi qarşıdurma əlahiddə və yeni bir fakt kimi dəyərləndirilə bilməz. Çünki bu münaqişə artıq 25 ildir ki, davam edir və Ermənistanın aqressiyası nəticəsində baş verib. Yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi münaqişəyə səbəb olub və hər iki dövlət arasında bu və ya digər ərazidə baş verə biləcək hər hansı hərbi qarşıdurma mövcud münaqişənin davamı kimi qiymətləndirilməlidir. Bu baxımdan, Ermənistanın təxribatları nəticəsində meydana gələ biləcək hərbi toqquşmalar KTMT-nin müdaxiləsi üçün əsas yaratmır. BMT Nizamnaməsinin 51-ci maddəsi isə indiki halda Azərbaycana əsas verir ki, təcavüzü və işğal faktını aradan qaldırmaq üçün hərbi əməliyyatlar həyata keçirsin.
Kollektiv təhlükəsizlik haqqında müqavilənin 2-ci müddəasında imperativ şəkildə qeyd olunur ki, üzv dövlətlər beynəlxalq təhlükəsizlik və onların maraqlarına toxunan bütün məsələlərlə bağlı mövqelərini razılaşdırmalıdırlar. Bu baxımdan KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatında yer alan aqressiv notlar həm də kollektiv təhlükəsizlik haqqında müqavilənin prinsiplərinə ziddir. Çünki Ermənistan istisna olmaqla KTMT-yə üzv olan dövlətlər – Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını qəbul edirlər. Nikolay Bordyujanın işğal altında olan Azərbaycan ərazilərində təcavüzkar ölkə tərəfindən formalaşdırılmış separatçı rejimi "Dağlıq Qarabağ Respublikası" adlandırması isə birmənalı şəkildə KTMT-yə üz olan digər dövlətlərin mövqeləri və beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Anlaşılan budur ki, Bordyuja hərbi ritorikaya və beynəlxalq hüquqa zidd çağırışlara yol verməklə həm də kollektiv təhlükəsizlik haqqında müqavilənin şərtlərini pozub, üzv dövlətlərin beynəlxalq təhlükəsizliklə bağlı üzərilərinə götürdükləri vəzifə və öhdəliklərə zidd mövqe sərgiləyib. İndiki halda, KTMT-yə üzv olan digər ölkələr həm qurumun Nizamnaməsinin, həm BMT Nizamnaməsinin və digər beynəlxalq sənədlərin müvafiq prinsiplərinin, həm də Azərbaycanla ikitərəfli və çoxtərəfli müqavilələrin tələblərinin kobud şəkildə pozulduğunu əsas gətirərək, Nikolay Bordyujanın istefasını tələb etməlidirlər. Əks təqdirdə, Azərbaycan KTMT-yə üzv olan dövlətlərlə münasibətlərə yenidən baxmalıdır".
BAXCP sədrinin müavini deyib ki, Ermənistan mətbuatı və siyasi dairələri artıq xeyli müddətdir ki, ölkənin KTMT-yə rəhbərliyi ələ keçirə bilməməsini Qazaxıstan və Belarusun Azərbaycanla olan münasibətləri ilə əlaqələndirir və ermənilərin qənaətinə görə, Azərbaycan üzv olmadığı bir quruma öz şərtlərini diqtə edir: "Nikolay Bordyujanın bəyanatında bu məqam da müəyyən qədər rol oynaya bilər. Əgər belədirsə, o zaman bu fakt təkcə Azərbaycanın deyil, həm də Belarus və Qazaxıstanın təhdid olunması kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, Ermənistanın təxribatlarına zəmin yaradan amillərin sayı yetərincədir. 2017-ci il Ermənistanda seçki ilidir və seçkilərin vaxtı artıq rəsmən elan olunub. Aprel döyüşlərindən sonra həm regionda, həm də Ermənistanın daxilində yeni reallıqlar yaranıb. Ter-Petrosyanın son açıqlamaları və seçki şüarı da Sarkisyan rejimini qıcıqlandırmaya, narahat etməyə bilməz. Azərbaycanda erməni diaspor təmsilçilərinin, Ermənistanda və Qarabağda yaşayan ermənilərin iştirakı ilə sülh platformasının elan olunmasından dərhal sonra Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin seçki kampaniyasına "sülh və yaxın qonşuluq" şüarı ilə start verməsi çox güman ki, Ermənistan hakimiyyəti tərəfindən real və xarici dəstəyi olan təhdid kimi dəyərləndirilir. Azərbaycanın öz hərbi potensialını ən müasir silahlarla gücləndirməsi, Rusiya-Türkiyə münasibətlərində nəzrə çarpan strateji yaxınlaşma, xüsusilə də Suriya məsələsində hər iki ölkənin uzlaşmaya nail olmaları da Sarkisyan rejimini ciddi şəkildə narahat edir. Ermənistan Suriya məsələsində Türkiyə-Rusiya uzlaşmasına real president kimi baxır.
Bu baxımdan Ermənistan hakimiyyətinin təxribatları davam etdirəcəyi, hətta bu təxribatlara Azərbaycan-Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasında maraqlı olmayan ölkələrin dəstək verə biləcəyi də gözləniləndir".
Elçin Mirzəbəylinin qənaətinə görə, 2017-ci il Qarabağ məsələsinin həlli müstəvisində kifayət qədər ziddiyyətli və həm də həlledici olacaq: "Bunu təkcə son təxribatla əlaqələndirmək doğru olmazdı. Nəzərə alsaq ki, Sarkisyan nəyin bahasına olsursa olsun öz siyasi mövcudluğunu və hakimiyyətini qorumağa çalışır və bu Xocalı canisinin Qarabağ haqqında nağıllardan başqa millətinə verə biləcəyi heç nə yoxdur, o zaman lokal hərbi toqquşmaların baş verə biləcəyi gözləniləndir. Amma Sarkisyanın bundan uzağa gedə biləcəyini düşünmürəm. Əks təqdirdə bu təkcə Sarkisyan üçün deyil, bütövlükdə Ermənistan üçün çox faciəli sonluqla nəticələnə bilər. Ermənilər ağlamağı yaxşı bacarırlar, amma Moskvanın göz yaşlarına inanmaması təcrübəsi də var. Sarkisyan özünüqoruma instiktindən qaynaqlanan kiçik konfliktlərdən uzağa gedə bilməz".