“Cənubi Qafqaz regionundakı etnik və ərazi münaqişələrinin azaldılması mümkündür” Siyasət

“Cənubi Qafqaz regionundakı etnik və ərazi münaqişələrinin azaldılması mümkündür”

"Cənubi Qafqazda sülhün təmin edilməsi regionda mənfəəti olan dövlətlərin əleyhindədir. Lakin regiondakı etnik və ərazi münaqişələrinin və təzyiqin azaldılması mümkündür. Bu mövzuda üçüncü tərəflərin vasitəçilik fəaliyyəti önəmlidir".
Bunu Türkiyənin "Strategic Outlook" Analitik Mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib. O qeyd edib ki, Gürcüstan, Şimali Qafqaz və Dağlıq Qarabağdakı problemlərin hər biri fərqli xarakteri və həll yollarına sahibdir. Ekspert əlavə edib ki, Rusiyanın izlədiyi siyasət bu regionlara təsir göstərməkdədir: " 2017-ci ildə isə Rusiyanın daha az qarşıdurma yaradan dövlət olacağını təxmin edə bilərik. Hazırda Qərblə çəkişən və bu mövzuda ciddi problemlər yaşayan, iqtisadi məsələləri nəzarətdə saxlamağa çalışan Moskvanın Qafqaza münasibəti də yumşaq ola bilər".
Öztarsu hesab edir ki, Rusiya Ermənistanı silahlandırmaq və Gürcüstanın ərazi bütövlüyünü təhdid etməkdə davam edəcək: "Lakin Rusiyanın növbəti il siyasi xəttinin sakit keçəcəyini düşünmək olar".
ABŞ-ın münasibətinə gəlincə, ekspert bildirib ki, ABŞ-ın regiona bağlı Respublikaçı ənənəsi davam edərsə , Xəzər-Qara dəniz xəttində isinmə ehtimalı istisna edilmir. O qeyd edib ki, Buşun Tbilisi üzərindən yeritdiyi Qafqaz siyasəti davam etdirilərsə, Rusiya ilə münaqişə yarana bilər: "ABŞ-da yeni rejim bunu istəyərmi? Bilinmir. Hesab edirəm ki, radikal dindarlar ilə mücadilə üçün mütləq Şimali Qafqaz və Gürcüstanın önəmi artacaq. ABŞ regiondan terrorla mücadilə yeri kimi istifadə edə bilər".
Öztarsu hesab edir ki, bölgədə İranın artan təsirini də izləmək gərəkdir: " İran-Ermənistan yaxınlaşması Azərbaycan-İsrail yaxınlaşmasına bir cavabdırsa, gələcəkdə Qarabağla bağlı ciddi problemlər yarana bilər. Necə ki Qarabağ mövzusu lap əvvəldən İranın bölgədə özünə aid bir balans yaradılması üçün önəmli bir alət olub və olacaq".
O sonda qeyd edib ki, gələn il Türkiyənin ABŞ və Rusiyanın siyasəti istiqamətində hərəkət edəcəyini düşünə bilərik.