“Azərbaycanın əli dünya iqtisadiyyatının nəbzində olmalıdır” Siyasət

“Azərbaycanın əli dünya iqtisadiyyatının nəbzində olmalıdır”

Davos Forumu Azərbaycan üçün təkcə iqtisadi məna daşımır. Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, forum Azərbaycan üçün imic formalaşdıran əhəmiyyət daşıyır: "Azərbaycan Prezidenti Davos forumunda 10 dəfədən çox iştirak edən şəxs kimi medala layiq görüldü. Hesab edirəm ki, prezidentləri müqayisə etsək, İlham Əliyev 10 dəfədən çoxdur ki, iştirak edir".
Politoloq bildirib ki, foruma tək iqtisadi məna prizmasından yanaşmır: "Burada həm siyasət, həm də imic məsələsi var. Ermənistan mediası bu məsələni hər zaman gündəlikdə saxlayır ki, Azərbaycan Prezidenti forumda iştirak etdi, Ermənistandan isə heç kim iştirak etmir".
M. Əhmədoğlu əlavə edib ki, forumun Azərbaycan iqtisadiyyatına da əhəmiyyəti var: "Azərbaycan artıq dünya miqyaslı iqtisadi oyunçudur. Azərbaycanın əli dünya iqtisadiyyatının nəbzində olmalıdır. Dünya iqtisadiyyatının nəbzi Davos forumudur. Orada hər il müzakirələr aparılır, dünyanın əsas iqtisadi problemləri bəlli olur, problemlərin mənşəyi nədir, onları necə aradan qaldırmaq olar məsələləri müzakirə edilir".
Politoloq vurğulayıb ki, bu il ölkə Prezidenti Davosda çoxsaylı görüşlər keçirir: "Prezident 30-a yaxın görüş keçirəcək, hesab edirəm ki, bu rekorddur. Dünyanın aparıcı şirkətləri, dünya iqtisadiyyatını müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini öyrənirlər. Yəni Azərbaycan iqtisadiyyatının problemi nədir, Azərbaycan bu problemdən çıxış yolunu necə görür. Dünya iqtisadiyyatı üçün gərgin il olsa da, Azərbaycana xaricdən investisiyalar gəlir. Prezidentin keçirdiyi görüşlər də bunu təmin edir. İl nə qədər ağır olsa da xarici investisiya gəlməkdə davam edir".