Fransa səfirinin açıqlaması birmənalı qarşılanmır Siyasət

Fransa səfirinin açıqlaması birmənalı qarşılanmır

Elman Nəsirli: "Burada xeyli anlaşılmaz və qaranlıq məqamlar var"

Azərbaycan cəmiyyətinin Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusa təpkisi səngimək bilmir. Fransanın Azərbaycandakı səfirinin bu barədə açıqlaması isə birmənalı qarşılanmır. Qeyd edək ki, Fransa səfiri Paskal Mönye Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu Bakı aeroportuna qədər şəxsən müşayiət etdiyini açıqlayıb. Səfir bildirib ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı yaranmış vəziyyətə görə narahat olub: "Çünki onun tanışıdır. Ona görə də məndən və amerikalı həmkarımdan xahiş etdi ki, onunla birlikdə aeroporta gedək. Biz də heç bir tərəddüd etmədən bunu etdik".
Fransa səfiri Leyla Yunusun Ermənistan QHT-si ilə birgə layihəsi olan saytın açılışında iştirak etdiyini də deyib: "Çünki biz hesab edirik ki, Azərbaycan və Ermənistan insanları arasında birbaşa dialoq, onların öz narahatlıqlarını, gündəlik həyatları müzakirə etməsi bu insanları bir-birinə yaxın etmək və gələcəkdə müharibəyə düçar olmamaq yollarından biridir".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışmasına münasibət bildirərkən deyib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Leyla Yunus məsələsində çox böyük fəallıq nümayiş etdirmək istəyir. Politloqun sözlərinə görə, burada xeyli anlaşılmaz və qaranlıq məqamlar var: "Prinsip etibarilə Azərbaycan - Amerika Birləşmiş Ştatlarının (ABŞ) münasibətləri Strateji Tərəfdaşlığa hesablanıb. İki dövlət arasında müxtəlif sferalarda, xüsusilə də hərbi, siyasi və təhlükəsizlik sahəsində dialoq prosesi geniş imkanlara malikdir. Bununla yanaşı ikitərəfli münasibətlərdə bir sıra hallarda anlaşılmaz məqamlar olub. Hesab edirəm ki, bu gün də həmin məsələ davam etməkdədir. İlk növbədə belə anlaşılmaz proseslərdən biri 907-ci maddənin tətbiqidir ki, indiyədək də həmin məsələ həllini tapmayıb. Onun fəaliyyəti dayandırılsa da, faktiki olaraq ləğv edilməyib. Azərbaycan ABŞ-ın regionda əsas tərəfdaşlarından biridir. Beləcə, region siyasətində ölkəmiz mühüm rola malikdir. Bununla belə ABŞ Dövlət Departamenti ara-sıra Azərbaycanda demokratiyanın inkişafı, İnsan haqları və digər sahələrdə vəziyyətlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayır. Hesab edirəm ki, indiki halda Leyla Yunusla bağlı məsələdə də biz həmin o ssenarinin tərkib hissəsini görürük. Yəni, bu ABŞ-ın siyasətində tez-tez müşahidə olunan hallardan biridir. Biz müqayisə üçün Türkiyəni nümunə göstərə bilərik. Belə ki, ABŞ-Türkiyə arasındakı münasibətlər Strateji müttəfiqliyə hesablanıb. Buna baxmayaraq, ABŞ Kürd açılımı, Ermənistan, eləcə də Qondarma "erməni soyqırımı" məsələlərində Türkiyənin və öz ölkəsinin maraq və mənafeyinə uyğun olmayan siyasət həyata keçirir.
Bununla belə ABŞ ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsipləri də pozur. Buna nümunə olaraq Leyla Yunusun məsələsini göstərə bilərik. Hesab edirəm ki, ABŞ səfirliyinin eyni zamanda Fransa səfirliyi təmsilçilərinin Leyla Yunusu müşayiət etməsi və ona 5 illik müddətə viza açılması və s. bir ölkənin daxili işlərinə qarışmaq anlamındadır. Əgər biz nəzərə alsaq ki, hal-hazırda onların davranışları da Leyla Yunusun müdafiəsinə söykənir. Təbii ki, bunlar hamısı onu göstərir ki, ABŞ və onun müttəfiqləri heç bir halda ayrı-ayrı fərdlərin hüquqlarını bu şəkildə müdafiə etmir. Halbuki Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Amma çox təəssüf ki, ABŞ Dövlət Departamentinin və ABŞ Konqresinin yanaşmalarında biz onların hansısa uğurlu addım atmasının şahidi olmamışıq".
Millət vəkili Azər Badamov Fransa və ABŞ səfirliklərinin Leyla və Arif Yunusları ölkədən qaçırmaq cəhdlərinə, eyni zamanda diplomatik nümayəndəliklərin Venesiya Konvensiyasını pozmalarına münasibətini açıqlayarkən deyib ki, Azərbaycana qarşı hər zaman müdaxilə etmək istəyənlər olub və olacaq: "Bu insanlar öz məkirli niyyətlərini kimlərinsə hazırladığı planlar əsasında yürüdüblər. Ölkədən müxtəlif məlumatları digər Azərbaycan əleyhinə çalışan dövlətlərə sızdırmaq, dövlətinə, xalqına xəyanət etmək belə insanlara xas olan xüsusiyyətlərdir". Millət vəkili onu da bildirib ki, hüquq müdafiəçisi adı altında gizlənən bu insanı hər hansı bir dövlət və yaxud beynəlxalq təşkilatlar dəstəkləyirsə, bu əlbəttə ki, ölkəmizi istəməyən qüvvələrdir: "Düşünürəm ki, heç bir xarici qüvvə ölkəmizə müdaxilə edə bilməz. Çünki bütün dövlətlər bugünkü Azərbaycanın nə qədər güclü, nə qədər düzgün siyasət aparan dövlət olduğunu yaxşı dərk edirlər". Azər Badamov son olaraq vurğuladı ki, bu ölkənin qanunları var və hər kəs həmin qanunlar qarşısında cavabdehlik daşıyır: "Dövlətin qanunları var və hər kəs əməlinə görə cavab verir. Leyla Yunus da mütləq şəkildə öz hüquqi qiymətini almalıdır".
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, Leyla Yunus gərək belə səhvlər etməyəydi: "Çünki özünü hüquq müdafiəçisi hesab edən kəs, həmin ada layiq davranmalıdır". Onun sözlərinə görə, hələ evində axtarış aparıldığı ərəfələrdə Leyla Yunusun polis zabitinin papağına əl ataraq yerə atması normal hal kimi qarşılana bilməz: "Bildiyimiz qədər hüquq müdafiəçisi bütün hallarda səbrini qorumalı, qarşı tərəflə etik qaydalar çərçivəsində davranmalıdır. Ancaq o, polis zabitinin papağını başından çıxarıb yerə tullayır, qışqır-bağır salırdı. Bu, hüquq müdafiəçisinə yaraşmayan haldır. Leyla Yunus heç bir halda belə yanlışlığa yol verməməli idi".

Əli