Siyasət

Avropa İttifaqından mühüm dəstək

Donald Tusk: "Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik"

Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə əməkdaşlıqda yeni səhifə açırıq"


"Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır".
Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Donald Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik".

"Əməkdaşlığı artırmaq üçün böyük potensial var"

Prezident İlham Əliyev Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqların başlamasına şad olduğunu bildirib. Azərbaycan prezidenti deyib ki, Aİ-Azərbaycan əlaqələri çox məhsuldar və yüksək səviyyədədir: "Tərəflər arasında əməkdaşlığı artırmaq üçün böyük potensial var. Bizim aramızda çox aktiv siyasi dialoq mövcuddur. Biz mütəmadi görüşlər keçirmişik. Ökəmizdə siyasi məsələlərlə və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik. Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak edirik. Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə gedir. Avropa bizim əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki tezliklə qazla da təmin edəcəyik".
Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: "Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm".


"Yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regionda yeni dəmir yolu xəttinin istifadəsi üçün böyük investisiya yatırıb.
Dövlət başçısı bildirib ki, Asiya ilə Avropanı birləşdirən xəttin bu il istifadəyə verilməsi gözlənilir: "Bu dəmir yolu xətti "Şərq tərəfdaşlığı" və Avropa ölkələri üçün cəlbedici ola bilər. Bu xəttin istifadəsi yüklərin daşınması baxımından zamanın qısalmasına səbəb olacaq".
Prezident deyib edib ki, tərəflər arasında mədəniyyətlərarası dialoq əməkdaşlığın vacib istiqamətlərindən biridir: "Azərbaycan Avropa Şurası və eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz coğrafi olaraq sivilizasiyalar arasında körpü rolunu oynayırıq. Bizim insan kapitalına və mədəniyyətlərarası dialoqa qoyduğumuz səylər öz nəticəsini verir".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 ölkə ilə artıq strateji tərəfdaşdır: "Bu, gələcək razılaşma üçün vacib bazadır. Bu gün əhəmiyyətli gündür. Biz əməkdaşlıqda yeni səhifə açırıq. Mən yeni saziş üzrə danışıqları aparanlara uğur arzulayıram. Ümid edirəm ki, onlar vaxt itirməyəcəklər, dərhal işə başlayacaqlar və bizə tezliklə iki tərəf arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edəcəklər".

"Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır"

Donald Tusk bildib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir.
O deyib ki, görüşdə münaqişənin sülh yolu ilə həlli də müzakirə edilib: "Bu münaqişə dayanıqlı deyil. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq hüququn normalarına əsaslanan siyasi həll tələb edir".
Donald Tusk görüşdə Azərbaycanda insan haqları və fikir azadlığı daxil olmaqla, əsas fundamental azadlıqların vəziyyətinin müzakirə edildiyini də söyləyib: "Biz hesab edirik ki, açıq cəmiyyət stabillik və rifah üçün əsas qarantdır. Biz bu məsələdə də əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Bu, qonşuluğumuzda qarşılaşdığımız çağırışlar fonunda çox vacib dəyərdir".