İrana qarşı qüvvələr birləşir Siyasət

İrana qarşı qüvvələr birləşir

Vüqar Zifəroğlu: "Trampın açıqlaması, məhz bu günki Yaxın Şərqdə kifayət qədər ciddi mövqelərə malik İran reallığından doğan bir zərurət kimi qiymətləndirilə bilər"

ABŞ prezidenti Donald Trampın İranı bir nömrəli terror dövləti adlandırması Rusiyanın narahatlığına səbəb olduğundan Tehrana olan sədaqətini tez bir zamanda biruzə verid. Trampın bu fikrindən sonra jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, İran terrorçu dövlət deyil. O, Rusiyanın İranla münasibətlərini inkişaf etdirmək istədiyini bildirib.
Bu arada o da söylənildi ki, Tramp yaxın zamanlarda İranla bağlı qərar verəcək.
ABC televiziyasına müsahibəsində ABŞ vitse-prezidenti Maykl Pens söyləyib: "Prezident qərarını yaxın zamanlarda verəcək. O, bütün məsləhətçilərini dinləyəcək. İran öz düşmən fəaliyyətini davam etdirməzdən öncə iki dəfə düşünməlidir. İranla imzalanan nüvə razılaşması sadəcə dəhşətdir. Məhz bunun sayəsində Tehran nüvə silahının hazırlanması üçün imkan və yüz milyonlarla dollar əldə etdi".
Qeyd edək ki, Trampa İrana hərbi müdaxilə səlahiyyəti verən qətnamə layihəsi ABŞ Konqresinə təqdim edilib.
Yeri gəlmişkən, İngiltərə Baş naziri Tereza Meylə görüşmək üçün Londonda səfərdə olan Netanyahu deyib ki, İranın nüvə proqramı dünya üçün təhdiddir.
Netanyahu İranın Yaxın Şərqi fəth etməyi qarşısına məqsəd qoyduğunu və təxribatlara əl atdığını vurğulayıb.
Netanyahu digər ölkələrin də ABŞ kimi İrana qarşı sanksiyalar tətbiq etməsinin labüd olduğunu sözlərinə əlavə edib.
Baş nazir onu da deyib ki, İranın fəaliyyətinə sərhəd qoymaq lazımdır.
O, İrana qarşı Böyük Britaniya, ABŞ və İsraildən ibarət ortaq cəbhə formalaşdırmaq istiqamətində çalışdığını bir daha vurğulayıb.
Qeyd edək ki, Netanyahu fevralın 15-də ABŞ-a səfər edəcək.
Baş verən hadisələrə münasibət bildirən siyasi şərhçi Vüqar Zifəroğlu "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, Yaxın Şərqdə maraqları toqquşan tərəflər öz mövqelərini gücləndirməyə çalışırlar və tərəflər arasında gedən qütbləşmə, şübhəsiz ki, yeni qarşıdurmalar və münaqişə ocaqlarının yaranması üçün münbit zəmin hazırlayır: "Suriya və İraqda yaranmış yeni mənzərə, Qərbin İran və Rusiya ilə bağlı münasibətlərinə müəyyən korrektələr etməsinə səbəb olmaqdadır. Trampın açıqlaması, məhz bu günki Yaxın Şərqdə kifayət qədər ciddi mövqelərə malik İran reallığından doğan bir zərurət kimi qiymətləndirilə bilər. Ətrafında həlqə formalaşdırmağa müvəffəq olmuş İranı İsrailin özü üçün təhdid olaraq görməsi, həmçinin tərəflər arasında münasibətlərin gərginləşməsində hər zaman həlledici amillərdən olub".
O ki qaldı Rusiya – İran münasibətlərinə, şimal ölkəsinin əhəmiyyətli müttəfiqinin mövqelərinin güclənməsi, Moskvanın da Yaxın Şərqdəki varlığını qarant altına almaqdadır. Ümumiyyətlə, bu birlikdəlik bir sıra məqamlarla izah oluna bilər: ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyaya nüfuz etməyə çalışmasını hər iki ölkənin ortaq təhdid olaraq görmələri; NATO-nun Şərqə doğru genişlənməsi; Xəzər enerji qaynaqlarından Qərb şirkətlərinin istifadəsi və üçüncü dövlətlərin bölgədə olmasını bu iki ölkənin arzulamamaları; Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hər iki ölkənin münasibətləri; Xarici ölkə gəmilərinin İran körfəzində olmasına qarşı ortaq mövqe; Cənubi Qafqaz siyasətlərinində ortaq maraqlar (Güclü Azərbaycan istəməmələri və Ermənistan faktorundan istifadə kimi); Hər iki ölkənin xarici siyasətində yanacaq ehtiyatlarından siyasi alət kimi istifadə etmələri və bunu müəyyən məqamlarda təzyiq alətlərinə çevirmələri; Fələstin məsələsində ortaq mövqe; Suriya məsələsində vahid mövqe; Hər iki ölkənin müxtəlif səbələrdən olsa belə Yaxın Şərqdə güclü Türkiyə faktorunu qəbul etməməsi (Rusiyanın Cənubi Qafqaz və Orta Asiya faktoruna, İranın isə İslam və yaxın Şərq içində liderliyə iddialı olmasına görə).