“Aİ Qarabağ münaqişəsində Azərbaycanı qane edən mövqeyə gəlib” Siyasət

“Aİ Qarabağ münaqişəsində Azərbaycanı qane edən mövqeyə gəlib”

"Avropa İttifaqı dövlətlərlə ya daha geniş əlaqələri əhatə edən assosasiya sazişi, ya da ikitərəfli saziş imzalayır. Azərbaycanla qurum arasında yeni saziş üzrə başlayan danışıqların mühüm əhəmiyyəti var". Bunu politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Prezident İlham Əliyevin Brüsseldə Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşləri, yeni saziş üzrə danışıqların başlaması həm də artıq Azərbaycanın Avropaya yönəlik siyasətinin birmənalı olaraq müəyyənləşdiyini göstərir: "Bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayır. Ona görə danışıqların nəticəsi olaraq imzalanacaq sazişi yüksək qiymətləndirmək lazımdır. Bu, o anlama gəlir ki, Azərbaycan nisbətən Avropaya yönələn, Avropaya meyilli siyasətə üstünlük verməyə başlayacaq".
Politoloq hesab edir ki, Aİ son dövrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət və Azərbaycanı qane edən bir mövqeyə gəlib: "Əvvəllər Aİ öz müqəddəratını təyin etmək hüququnu öz plana çəkirdi, ərazi bütövlüyü məsələsinə soyuq yanaşırdı. Amma indi həm NATO, həm də Aİ səviyyəsində birmənalı qaydada bildirirlər ki, ərazi bütövlüyü məsələsi yeganə həll variantına çevrilməlidir. NATO da postsovet məkanında bütün münaqişəli ocaqlarda ərazi bütövlüyünü öz müqəddəratını təyinetmə prinsipindən daha üstün tutmağa başlayıb. Yəni bu illərdə Aİ-nin Qarabağ və digər postsovet məkanında münaqişələrə münasibəti eyniləşib və yaxud da tam pozitiv xarakter daşımağa başlayıb. Avropa İttifaqı Şurasının sədri Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Brüsseldə keçirdikləri birgə mətbuat konfransında bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirlər. Ona görə də Azərbaycan bu yanaşma alqışlanmalıdır".