“Qərargah rəislərinin görüş yeri kimi Bakını seçməsi təsadüfi deyil” Siyasət

“Qərargah rəislərinin görüş yeri kimi Bakını seçməsi təsadüfi deyil”

Aydın Mirzəzadə: "Ölkəmizin təhlükəsizlik, stabillik uğrunda fəaliyyəti dünya tərəfindən müsbət qiymətləndirilir"

Bəxtiyar Sadıqov: "Hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir"

Üzeyir Cəfərov: "Bakı həm rəsmi Moskva, həm də Vaşinqton üçün sıradan adi bir məkan sayılmır"

Ramil Məmmədli: "Bu, o deməkdir ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub"

Fevralin 16-da Bakıda Rusiyanın Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford görüşüblər.
Görüşdə Rusiya-Amerika münasibətlərinin cari vəziyyəti, Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın başqa əsas regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. "Hər iki tərəf böhranın aradan qalxması, risklərin, insidentlərin azaldılması üçün hərbi təbdirlərin operativ təhlükəsizliyini təmin etməyi zəruri sayır".
Generalların Bakı görüşünün nəticəsi ilə bağlı Pentaqonun yaydığı bəyanatda belə bildirilib. Bəyanatda qeyd olunub ki, generallar bundan sonra əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər.
Bununla yanaşı, tərəflər Suriyada ABŞ və Rusiya hərbi təyyarələri arasında insidentlərin qarşısını almaq üçün daimi hərbi təmasların vacibliyini dəstəkləyiblər.

Qeyd edək ki, dünyanın iki super dövlətinin yüksək səviyyəli rəsmilərinin, Silahlı Qüvvələrin baş qərargah rəislərinin görüşünün Bakıda baş tutması dünyada böyük rezonans doğurub. Ekspertlər bunu sıradan hadisə hesab etmirlər. Bildirilir ki, bu Azərbaycana etimadla, güvənlə yanaşı, eyni zamanda Azərbaycanın diplomatik fəaliyyəti və dövlətlərarası münasibətləri ilə bağlıdır.

Millər vəkili Aydın Mirzəzadə bildirib ki, ABŞ və Rusiyanın qərargah rəislərinin görüş yeri kimi Bakını seçməsi təsadüfi deyil. Onun sözlərinə görə, görüş yerinin seçilməsi ilə bağlı iki ölkə arasında müəyyən problem var: "Yəni hər iki tərəfin təqdim etdiyi variantlarda digər tərəfin hansısa bir iradı, yaxud hansısa səbəbdən gələ bilməməsi mümkün idi. Ancaq Bakı hər iki tərəfin bütün şərtlərinə uyğun gəlirdi. Birincisi, Azərbaycanın həm NATO, həm Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yaxşı münasibətləri var. İkincisi, Azərbaycan beynəlxalq aləmdə aktiv xarici siyasət yeridir. Ölkəmizin təhlükəsizlik, stabillik uğrunda fəaliyyəti dünya tərəfindən müsbət qiymətləndirilir. Azərbaycan Şərq köklərinə malik olsa da, həm Bakı, həm əyalət şəhərləri kifayət qədər avropalaşıb, qanunların işlədiyi, təhlükəsizliyin mövcud olduğu bir məkana çevrilib. Azərbaycan dövlətində bu gün hər hansı bir siyasi, hərbi, iqtisadi gərginlik yaşanmır. Din baxımından da hər hansı bir problem ola bilməz. Bu mənada Bakının seçilməsi ağır diplomatik görüşlərin keçirilməsi üçün çox ideal bir yer oldu. Ümumən götürdükdə hesab edirəm ki, Bakı son illər ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərlə artıq diplomatik paytaxt statusunu qazana bilib. Paris, Brüssel, Vyana, Cenevrə kimi Bakı da bir çox görüşlərin mərkəzi kimi tarixə düşür".
Millət vəkili vurğulayıb ki, Azərbaycanın, eyni zamanda, diplomatik vasitəçi kimi də xeyli təcrübəsi var: "Rusiya ilə Türkiyə arasında məlum təyyarə insdentindən sonra bir müddət gərginlik yaşanmışdı. Amma Prezident İlham Əliyevin səyi nəticəsində həmin gərginlik aradan qaldırıldı. Həmçinin, burada cənab Prezidentin şəxsi nüfuzu da böyük rol oynayır. Təsadüfi deyil ki, Donald Tramp ötən ilin 8 noyabrında prezident seçildikdən sonra ilk günlərdə onunla az sayda danışan dövlət rəhbərlərinin içərisində Prezident İlham Əliyev də var idi. Bütün bunlar göstərir ki, Azərbaycanın paytaxtının danışıqlar mərkəzi kimi seçilməsi heç də təsadüfi deyil. Bu, gözəl bir ənənənin əsasını qoydu və gələcəkdə biz Bakıda digər görüşlərin keçirlməsi barədə az eşitməyəcəyik".
Deputat Bəxtiyar Sadıqov Trend-ə deyib ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizə göstərilən etimad və etibarın nümunəsidir. B.Sadıqov bildirib ki, həm Rusiya, həm də ABŞ dünyada söz sahibi olan dövlətlərdir: "Əgər biz düşünsək ki, hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədridir, hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün siyasi bir xaldır. Eyni zamanda Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi həmin dövlətlərin yanında Azərbaycanın nüfuzunun yüksək olmasından da xəbər verir. Ona görə də bu görüşün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, görüşdə qarşıya qoyulan məqsədə nail olunacaq və bu da Azərbaycanın nüfuzunu daha da artıracaq".
Deputat əlavə edib ki, artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün mərkəzə çevrilməsi təsdiq olunmuş bir aksiomdur: "Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe bu cür tədbirlərin tez-tez ölkəmizdə keçirilməsinə imkan verir".
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, qərar rəhbərlərinin Bakı görüşü və danışıqları sözsüz ki, iki biri-biri ilə barışmaz mövqedə duran nəhəng ölkələr və güc sahibi olan dövlətlər arasında yeni bir dönəmin başlanğıcını göstərən hadisə sayıla bilər. Onun sözlərinə görə, Amerikada Donald Trampın rəhbərliyi altında yeni komanda artıq dünya siyəsətində öz baxışlarını təqdim edir və sözsüz ki, ilk növbədə Rusiya ilə gələcək münasibətləri qurmaq baxımından bu cür görüşlərin gələcəkdə də çox olması gözləniləndir: "Amma, bizim üçün niyə məhz belə bir görüş üçün paytaxtımızın seçilməsi həm maraqlıdır, həm də çox önəmlidir. Azərbaycanın paytaxtı Bakı həm rəsmi Moskva, həm də Vaşinqton üçün sıradan adi bir məkan sayılmır. Yerləşdiyimiz məkan, geosiyasi və geostrateji məsələlər ölkəmizi hər zaman diqqət mərkəzində saxlayıb və bu ölkəmizə iki nəhəng siyasi gücün verdiyi önəmin göstəricisi sayılmalıdır. Düşünürəm ki, Bakının danışıqlar üçün start mərkəzi seçilməsinin əsas səbəbi, məsələlərin məhz region və Yaxın Şərqlə, Avropa ilə bağlı olmasıdır. İran, Suriya, Ukrayna, Gürcüstan Moldova və digər adını qeyd etmədiyim məkanların hər biri ilə bağlı müzakirələrin olduğunu zənn edirəm. O məsələlər arasında Dağlıq Qarabağ müzakirəsinin olmasını da təxmin edirəm. Ona görə də, Bakı görüşünün bir çox siyasi və hərbi proseslərin yenidən diqqət mərkəzinə gəlməsində böyük təkan ola biləcəyini təxmin edirəm. Görüş indidən bədnam qonşularımızda şok təsiri yaradıb və onlar narahat olduqlarını açıq-aşkar hiss etdirirlər".
Hərbi-siyasi icmalçı Ramil Məmmədli deyir ki, Amerikalı və rusiyalı generalların görüş məkanı kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi heç də təsadüfi deyil: "Paytaxtımız hərbi-siyasi baxışlarına görə iki qütbə bölünmüş dünyada dialoq məkanı kimi tanınır. Bu, həm də Azərbaycan dövlətinin azad və müstəqil siyasi xəttinin olmasının, beynəlxalq nüfuzunun, rəsmi Bakıya inam və etibarın nəticəsidir".
Ramil Məmmədli deyib ki, bu görüşün Bakıda keçirilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir: "Bu, o deməkdir ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik missiya nəticəsində Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak etməsi ilə bir daha sülhpərvər ölkə olduğunu hər kəsə bəyan etdi. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında mühüm rola malikdir, barışdırıcı missiya həyata keçirir. Ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynadı. Bunu Türkiyə rəhbərliyi də etiraf etdi. Bundan başqa, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatlarında rəsmi Bakının fəaliyyəti də göz qabağındadır. Bir sözlə, Azərbaycanda mövcud olan sabitlik, təhlükəsizlik ölkəmizi belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib".

Əli