“Ermənistan aprel ayından qorxur” Siyasət

“Ermənistan aprel ayından qorxur”

Elxan Şahinoğlu: "İşğala son qoymayana qədər nə Fransa, nə Rusiya onları xilas edə bilməz"

Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı Ermənistan prezidenti Serj Sarksiyanın yalanlarını ifşa edib. Ölkə başçıs Fransa şirkətlərini Sarkisyanın nağıllarına inanmamağa çağırıb.
Prezident daha sonda deyib: "Bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan".
Prezidentin çıxışını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışı ilə haqlı mövqedə olduğunu göstərdi: "Azərbaycan prezidenti İlham Əliyevdən öncə Serj Sarkisyan Fransada rəsmi səfərdə olub, orada iş adamları ilə görüşüb. Ermənistan iş adamlarına nə təklif edə bilərdi? Kasıb dövlətdir, miqrasiya problemləri var. Bu ölkənin elə bir sənaye istehsalı da yoxdur ki, hansısa böyük kapitalı cəlb etsin. Doğrudur, tədbirə Fransadan olan iş adamları da qatılmışdılar. Yəqin, bu da erməni lobbisinin fəaliyyətinin nəticəsidir ki, iş adamlarını tədbirə cəlb edə biliblər. Fransa şirkətlərinin Ermənistanda hanısa böyük layihələr həyata keçirəcəyi inandıcı görünmür. Təkcə konyak zavodları var ki, orada fransızlar müəyyən qədər pay sahibidirlər. Digər zavod və fabrikləri ya işləmir, ya da Rusiyanın nəzarətində olmasına baxmayaraq işlək halda deyillər. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev tənqidində haqlıdır. Yəni, Parisdə bu qədər nağıl danışmaqdansa, fransalı iş adamları qarşısında real təkliflər irəli sürmək lazım idi. Hesab edirəm ki, dövlət başçısı tərəfindən irəli sürülən tezis çox önəmlidir. Prezident haqlı olaraq Sarkisyana cavab verdi ki, bu qədər ağıllısansa, nədən bu qədər kasıbsan?
Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi onlarla regional layihələri var. Hansı ki, bu layihələrdə Fransanın böyük şirkətləriondən olan "Total" da iştirak edir. Fransanın digər bir böyük şirkəti Azərbaycanda emal zavodu tikib. Azərbaycan, həmçinin İran-Rusiya-Azərbaycan, İran-Türkiyə-Azərbaycan, Türkiyə-Türkmənistan-Azərbaycan-Gürcüstan formatlarında iştirak edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada təklif etdi ki, Türkiyə-Rusiya-Azərbaycan formatı yaransın. Ermənistan isə belə formatlarda iştirak etmir. Çünki, potensialı yoxdur. Azərbaycandan keçən nəqliyyat dəhlizləri var. İlinin sonuna qədər Bakı-Tbilis-Qars dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bundan başqa Rusiyadan gələn qatarlar Azərbaycan üzərindən keçməklə İrana daxil olaraq Şərqə gedəcək. Bu o deməkdir ki, Azərbaycan nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilib. Azərbaycanın fransalı iş adamlarına təklif etməyə layihələri çoxdur və onları ölkəyə dəvət etmək üçün müəyyən maraqlı təkliflər irəli sürə bilər. Ermənistanın belə təkliflər irəli sürməyə imkanı yoxdur. Ona görə də Azərbaycanın dövlət başçısı fransalı iş adamları ilə görüşdə dolayısı ilə Fransa cəmiyyətinə onu çatdırdı ki, Ermənistan prezidentinin nağıllarına inanmayın. Ondan soruşun ki, Ermənistanın nələri var, nə təklif edə bilər? Ermənistanın miqrasiya problemləri dərinləşir. Əgər Robert Koçaryanın dövründə rəsmi statistikaya görə, Ermənistanı 150 min insan tərk etmişdisə, Sarkisyanın dövründə bu, 300 min nəfərdir. 3 milyon əhalisi olan bir ölkəni insanlar belə sürətlə tərk edirlər. Belə olan təqdirdə, Ermənistana hansı şirkət kapital qoyar?".
Politoloqun fikrincə, Sarkisyan Rusiyaya təklif edir ki, Gümrüdə hərbi sənaye kopmpleksi tikilsin: "2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Gümrüdə olarkən guya Sarkisyana söz verib ki, orada hərbi sənaye kopmpleksi yaradıla bilər. Üzərindən 4 il keçəndən sonra Sarksiyan yenidən Moskvaya gedir ki, Putinə bu məsələni xatırlatsın. Amma, Rusiya Ermənistanla strateji müttəfiq olsa belə pulunu göyə sovurmaq istəmir. Çünki, özünün hərbi sənaye kompleksi var və bundan 10 milyon dollarlar qazanır. Eləcə də Fransa. Fransızlar Ermənistanı "kiçik bacıları" adlandırsalar da heç kim pulunu havayı xərcləmək istəmir".
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan iki səbəbə görə aprel ayından dəhşətli dərəcədə qorxur: "Birinci, düşünürlər ki, Azərbaycan ordusu hücuma keçərək işğal altındakı torpaqları azad edə bilər və Ermənistan ordusu yüzlərlə itki ilə üzləşə bilər. Bu isə Ermənistan cəmiyyəti üçün ağır nəticəyə çevrilə bilər. İkinci, aprelin 2-də keçiriləcək parlament seçkilərində qarışıqlıq yarana bilər. Ötən gün sabiq müdafiə naziri Seyran Ohanyana atəş açıblar. Bu, o deməkdir ki, seçki günü vəziyyət yenidən qarışa bilər. Belə bir ərəfədə Sarkisyan Fransaya, Rusiyaya yalvarışlara gedir ki, Azərbaycana atəşkəsi pozmağa imkan verməsinlər, eyni zamanda Ermənistanın qorunmasına zəmanət versinlər. Ermənistanda anlayırlar ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxladıqca, onlara kimsə təminat versə belə yerinə yetirilə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti anlayır. Başa düşürlər ki, işğala son qoymayana qədər nə Fransa, nə Rusiya onları xilas edə bilməz ".