“Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etsə...” Siyasət

“Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etsə...”

Elxan Şahinoğlu: "İşğalçı ölkədəki və Dağlıq Qarabağdakı separatçılar bundan daha ağır zərbələr alacaqlar"

Son həftələr ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri intensiv xarakter alıb. Düzdür, bu səfərlərin əvvəlki səfərlər kimi problemin həllinə heç bir müsbət təsiri olmasa da, hər halda intensivlik müşahidə edilir. Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçiriblər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sərkisyanla görüşüblər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırıblar.
Politoloq Elxan Şahinoğlu deyir ki, həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır: "Çünkü rəsmi İrəvan kimi həmsədrlər də düşünürlər ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Son günlərə qədər cəbhə bölgəsində nisbi atəşkəsə riayət olunur. Bu o deməkdir ki, həm Bakı, həm də İrəvan hələ ki, həmsədrlərə atəşkəsi qoruyacaqları ilə bağlı verdikləri vədi yerinə yetirirlər. Ancaq həmsədrlər onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəbləşə bilər. Həmsədrlər İrəvanda mətbuat konfransı keçirdilər. Maraqlı açıqlama yenə Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanddan gəldi. Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyədə plan var və o 3 maddədən ibarətdir. 3 maddəlik plan nədir?
Dünəndən bu sual ətrafında müzakirələr gedir. Bu yeni plan və ya yeni maddələr deyil.
Birinci maddə: Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır. İkinci maddə: Azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır. Üçüncü maddə: Statusu müəyyənləşdirən referendum tarixi dəqiqləşdirilməlidir". Politoloq bildirib ki, birinci iki maddə Azərbaycanın maraqlarına uyğundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışıblar: "Separatçılar birinci iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Problem məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirmək mümkün deyil və həmsədrlər bunun çarəsini tapa bilmirlər. Budur amerikalı diplomatın nəzərdə tutduğu 3 maddə. Ermənistan prezidenti Serj Sərkisyan həmsədrlərlə görüşdən bir gün əvvəl Dağlıq Qarabağda idi. O Dağlıq Qarabağa hər zaman hərbi geyimdə gəlir. Bununla Serj Sərkisyan həm Ermənistanda, həm də bölgədə yaşayan ermənilərə ruh yüksəkliyi verdiyini düşünür. Bu onunla əlaqəlidir ki, Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər daima müharibə təhlükəsi altında yaşamaqdan qorxurlar. Təsadüfi deyil ki, Sərkisyan Xankəndində Qarabağ ermənilərini sakitləşdirmək üçün dedi ki, müharibə başlasa Ermənistan Azərbaycana qarşı Rusiyanın İrəvana verdiyi
"İsgəndər" raketlərindən istifadə edəcək. Bu hədə nə Azərbaycanı qorxudur, nə də erməni əhalisini rahatladır. Çünki bölgədə yaşayan ermənilər bilirlər ki, əgər növbəti hərbi toqquşma zamanı Ermənistan Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə etsə, Ermənistan və Dağlıq Qarabağdakı separatçılar bundan daha ağır zərbələr alacaqlar. Azərbaycan ordusunun da kifayət qədər uzaqmənzilli raketləri var. Azərbaycan Müdafiə Nazirliyinin Sərkisyanın açıqlamasına verdiyi bəyanat da bu şəkildə oldu ki, Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edilərsə, Ermənistanın heç bir vətəndaşı özünü təhlükəsiz hiss etməyəcək. Vaxtilə Ermənistanın müdafiə naziri "Mingəçevir Su Elektrik Stansiyasını vura bilərik" deyəndə də Azərbaycanın müdafiə naziri "biz də "Metsamor" nüvə elektrik mərkəzini dağıda bilərik" açıqlamasını səsləndirmişdi. Bundan sonra erməni generallar susdular". Elxan Şahinoğlu deyib ki, Ermənistan prezidenti Dağlıq Qarabağa gəlişi zamanı bir başqa maraqlı açıqlamasıyla da yadda qaldı: "O, ötən ilin aprel döyüşləri zamanı itirdikləri yüksəkliyi (Lələtəpə yüksəkliyini nəzərdə tutur) geri qaytarmaq üçün əmr verməməsinin səbəbini belə izah edib: "İki seçimim var idi. Birinci seçim - yüksəkliyi geri qaytarmaq üçün əks-hücuma keçmək əmri verməli idim, ancaq bu halda ən azı yenə 100 nəfər itirə bilərdik. İkinci seçim - hərbçilərimin sağ qalması üçün yüksəkliyin itirilməsiylə barışmalı idim. Güclü siyasətçi ikinci seçimə üstlük verərdi və mən də belə etdim. İnsan həyatını ancaq güclü siyasətçi qoruya bilər". Bu açıqlamadan iki nəticə çıxır.
Birincisi, Serj Sərkisyan etiraf edir ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına birbaşa özü rəhbərlik edir və əmrləri o verir. Demək cəbhə bölgəsində təxribatlara da elə özü başçılıq edir.
İkincisi, Sərkisyan Lələtəpənin itirilməsiylə barışıbsa və daha çox hərbçisinin ölməsini istəməyərək əks-hücumdan vaz keçibsə, demək gələcəkdə Ermənistana aid olmayan başqa ərazilərin də itirilməsinə etiraz etməyəcək. Bu mesaj əslində Azərbaycanadır"