Milli Məclisdən Türkiyəyə dəstək Siyasət

Milli Məclisdən Türkiyəyə dəstək

Oqtay Əsədov: "AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı verilən qərar qərəzdir"

Səməd Seyidov: "Avropada islamofobiya, radikalizm, millətçilik baş alıb gedir"

Zeynəb Xanlarova: "Bütün Azərbaycan xalqı Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir"

Milli Məclisin plenar iclasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərarı müzakirə olunub. Millət vəkilləri AŞ PA-nın qərarını sərt tənqid ediblər.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı verilən qərar qərəzdir: "Türkiyə 13 il əvvəl postmonitorinqdən monitorinq altına qaytarıldı".
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov isə bildirib ki, Avropada son zamanlar islamofobiya, radikalizm, millətçilik baş alıb gedir: "Biz bunu konkret hansısa ölkələrdə görürük. Biz bu tendensiyanı hansısa televiziya proqlarını izləyərək, müşahidələrimizi apararaq hiss edirik. Biz həmişə AŞPA-da və Avropa Parlamentində də ikili standartlar görmüşük".
Deputat qeyd edib ki, AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı təqdim edilən məruzə qəbuledilməzdir: "Terrorçu təşkilat kimi tanınan PKK bu məruzədə terror qruplaşması kimi təqdim olunmurdu. Türkiyədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd terror hərəkəti kimi qiymətləndirilməyib".

Türkiyəyə daha çox problem yaratmaq niyyəti

Səməd Seyidov bildirib ki, Türkiyənin AŞPA-da olan nümayəndə heyəti rəsmi Ankaraya qarşı atılan bu addımı heç də müsbət qarşılamadı: "Onlar dedilər ki, Türkiyəni monitorinq altına qaytarmaqla Türkiyədə daha çox problem yaratmaq istəyirsiniz. Onlar bəyan etdilər ki, bununla Türkiyəni Avropadan ayırmaq istəyirlər. Türkiyəyə Avropada daha çox problem yaratmaq niyyətləri güdürlər. Görürsünüzmü, Avropa Şurasında yaranan bu vəziyyət Türkiyəyə qarşı qərəzdir. Türkiyə nümayəndə heyəti isə bundan sonra iclaslarda iştirak etməmək haqda qərar verdi. Baxın görün, AŞPA-da necə böhranlı vəziyyət yaranıb". Səməd Seyidov bildirib ki, bu cür proseslər ikili standartların bariz nümunədir: "Mən xahiş edirəm ki, həmkarlarım da bu ikili standartlara münasibət bildirsinlər. Bu ikili standartlar Azərbaycana da, Türkiyəyə də Avropada problem yaradır".

Selektiv yanaşma

Milli Məclisin bu gün keçirilən iclasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev də AŞPA-nın Türkiyə ilə bağlı qərarını tənqid edib. Azay Quliyev bildirib ki, AŞPA-nın Türkiyəni yenidən monitorinq altına qaytarmaq haqda qərarı selektiv yanaşmanın açıq təzahürüdür nəticəsidir və ciddi əsasa söykənmir.
Deputat deyib ki, ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər: "Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı". Deputat bildirib ki, AŞPA-nın Türkiyəyə qarşı qərar verməsi çox üzücüdür: "Baxın görün bunların arqumenti nədən ibarətdir. Deyirlər ki, Türkiyə hökuməti FETÖ-çüləri niyə işdən çıxardır? Bildirirlər ki, fövqəladə vəziyyət zamanı Türkiyə referendum keçirir. Deyirlər ki, PKK-nın siyasi qanadı niyə həbsdədir? Türkiyənin yerində hər hansı bir dövlət, məsələn Fransa olsaydı, dövlət əleyhinə fəaliyyət göstərən FETÖ-çülər haqda hansı qərarlar qəbul edərdilər? Fransada fövqəladə vəziyyət zamanı da prezident seçkiləri keçirilir. Niyə bəs Fransa ilə bağlı bu cür addımlar atılmır? Demək ki, Fransaya istənilən hərəkət olar, Türkiyəyə yox?! AŞPA-nın verdiyi qərarın başqa yozumu yoxdur. Sanki 15 iyulda dövlət çevrilişinə edilmiş uğursuz cəhdin qisasını Türkiyədə alırlar. Sanki 16 aprel referendumunda Türkiyə xalqının "evet" deməsinin heyfini çıxırlar. Bu cür qərarların başqa bir şərhi yoxdur. AŞPA bu qərara yenidən baxmalıdır. ATƏTPA-da Türkiyə bağlı müzakirələr olmuşdu, amma AŞPA-dan fərqli olaraq, burada müsbət qərar qəbul edildi. ATƏT PA dialoq imkanlarını qapatmadı".

"AŞPA-nın bir addımlığında PKK-nın qərargahı yerləşir"

Deputat Zahid Oruc bildirib ki, Strasburqda AŞPA-nın qərargahının bir addımlığında PKK-nın qərargahı yerləşir: "Onlara Fransa televiziyasında efir verilir. Eynilə də Brüsseldə. Bunlar onu göstərir ki, AŞPA başda olmaqla, digər Avropa strukturları Türkiyədə bölücülüyü, parçalanmanı himayə edirlər. Məlum olur ki, PKK-nın silahları da eyni mərkəzdən gəlir".
Depuatatı Hikmət Məmmədov deyib ki, "Avropa strukturlarını, AŞPA-da daxil olmaqla Qərb imperializminin struktur vahidlər adlandırsaq, düşünürəm ki yanılmarıq. Onun sözlərinə görə, Avropa strukturlarının son qərarlarını incələdikdə onların qərarlarında iki fəlsəfənin olduğunu görmək mümkündür: " Bunlara islamafobiya və ksenafobiya daxildir. Azərbaycana və Türkiyəyə qarşı münasibətlərdə islamafobiyanı görürüksə, digər ölkələrə qarşı ksenofobiyanı da görmək mümkündür. Bu baxımdan hər iki fəlsəfədən əziyyət çəkən yerli parlament nümayəndələri mübarizə aparmalıdırlar". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini təqdirəlayiq hesab edən deputat qeyd edib ki, Avropada imperializm maşını var ki, onu dayandırmaq mümkün deyil: "Ötən il hədəf Türkiyə idi. Lakin Türkiyədə aparılan vaxtlı maarrifləndirmə işləri ağır nəticələrə gətirib çıxara biləcək məsələlərin qarşısını ala bildi".

"Avropa Roma Papasından daha artıq xristian olub"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur: "Çünki biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. Bu da növbəti ədalətsiz mövqelərdən biridir". Deputatın sözlərinə görə, əgər faktlara əsaslanılsa, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz prisiplərə uyğun yanaşma olduğunu görmək mümkündür: "İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendumla bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyə müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirildiyi kəlməsini işlətmədi. Avropa Roma Papasından daha artıq xristian olub. Və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 60-70 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur seçkilər antidemokratik keçirilib, saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki, niyə azdır. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?! Türkiyədə elə şərait yaradılmışdı ki, insanların 46 faizindən çoxu layihənin əlayhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan lazımi şəraitin olduğunu göstərir. Bundan başqa, Avropa hansı ədaləti tətbiq etmək istəyir?".
Türkiyənin ömür boyu terrorizmlə mübarizə apardığını deyən S. Novruzov qeyd edib ki, Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür: "Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir".

" Türkün qolu bükülməz... "

Deputat Zeynəb Xanlarova "mən bütün konsertlərimdə türkün gücünü göstərmişəm. Türkün qolu bükülməz, Türkün beli əyilməz. Türkiyə kimi bir dövlətə qarşı isə Avropa Şurası qərəz nümayiş etdirir", - deyə vurğulayıb. O bildirib ki, Azərbaycan parlamenti adından Avropa Şurasına müraciət ünvanlanmalıdır: "Oqtay müəllim, xahiş edirəm ki, bunu edək". Zeynəb Xanlarova Azərbaycan xalqını da Türkiyə əleyhinə olan qərəz və ədalətsizliyə qarşı etiraza səsləyib: "Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir. Biz Türkiyədən ayrı deyilik".

Əli